Məhkəmə qərarları › İş №e-2(060)-2787/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2787/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2787/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin maddi əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun 10.000 manat dəyərində əşyalarını məhv etmiş, ona vurmuş olduğu maddi ziyanın əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 18.000 manatın alınaraq, ona vurmuş olduğu ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Belə ki, Cavabdeh xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Nikahları xx.xx.2018-ci il tarixdə mübahisəsiz pozulmuşdur. Bu zaman o və övladlarları ilə birgə Sumqayıt şəhəri, Corat bağları, 787 saylı sənədsiz tikilidə yaşamağa davam etmiş, özü isə evi tərk etmiş, xaricdə yaşayacağını bildirmişdir. Amma münasibəti övladlarına görə davam etmişdir. Bu müddət ərzində evin məişət ehtiyaclarını, kommunal xərclərini özü qarşılamış, yüksək şəkildə təmir etdirib yaşanılası hala gətirmişdir. X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 44 günlük Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Bunun üzərindən 1 il yarım keçəndən sonra , Cavabdeh içkiyə başlamış, şəhid atası adına laiq olmayan hərəkətlər etməyə başlamışdır. Dəfələrlə bunun qarşısını almağa çalışsa da, onu söyüb təhqirlər etmiş, xəsarət yetirmişdir. Sonuncu dəfə 2022-ci ilin iyulunda evə içkili gələndə, əlində böyük qaz açarı ilə onlara zərər vermək üçün evə gəldikdə, onları tapa bilmədiyindən 10.000 manat dəyərində bütün məişət əşyalarını sındırmış, yararsız hala gətirmişdir. Belə ki yararsız vəziyyətə salınmış əşyaların siyahısı aşağıdakı kimidir, yazı masası, beko markalı 2022-ci i istehsal kondisonerin əsas korpus hissəsi, bir aydır almış olduğu yataq dəstinin çarpayısı taxta hissəsi bütünlükdə, makyaj masası bütövlükdə, paltar şkafı bütünlüklə qapıları, rəfləri şüşələri, onlara sonradan məlum olan 500 manat dəyərində kosmetik vasitələr, 400 manata aldığı “lg” markalı tozsoran, mətbəx mebelinin bütün rəfləri, qapıları, 2022-ci ildə 1740 manata aldığı “LG” markalı paltaryuyan maşının qapısı, qapağı və barabanı, “SAMSUNG” markalı qaz sobasının qapısı və aşağı hissəsi, ƏƏSMN tərəfindən onun istifadəsinə verilmiş 6000 manat dəyərində bişirmə aparatlarının qapıları, soyuducusunun süşəsi, sprilları, kolidora yığılmış şkafların qapılarını ortadan sındırmış, divanın oturcaq hissəsi, qab-qacaqlar, oğlunun xatirə otağındakı əşyaları dağıtmış və s. Ümumilikdə bu əşyların bəzilərinin detalları ölkədə tapılmamış, mebellərin isə bir neçə ustalarla danışsa da bərpası mümkünsüz olduğunu demişlər. Ona 10.000 manat dəyərində maddi ziyan dəymişdir əvəzi isə ödənməmişdir. Bu barədə DİN-ə şikayət versə də, təhqiqat araşdırılması məqsədilə Məhkəmə Ekspertizası Mərkəzinə əşyaların qiymətləndirilməsi ilə bağlı sorğuya, cavab olaraq,xx.xx.2022-ci ildə daxil olmuş 9/4957 nömrəli rəyə əsasən dəymiş ziyan 1305 manat təşkil etmiş və İXM-in 232-1-ci nin tərkib hissəsini yaratmışdır. Lakin o, bu məbləğlə razılaşmadığından və Cavabdeh ölkəni uzun müddətdir tərk etdiyindən bu məsələni mübahisələndirə bilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bəzi avadanlıqların qiyməti ilə razı deyildir. O zaman paltaryuyanı emalatxana aparmışdır. 18.000 manat tələb edir. Bu video özündə də vardır. Çəkib məhlə uşaqlarına göndərib ki, belə etmiş və yaxşı etmişdir. Evi dağıdaraq ona və qızına xəsarət yetirmişdir. Ekspert bildirmişdir ki, o, şəkillər ilə müəyyən edə bilmir. 1300 manat paltaryuyan, 1700 manat kondisioner, 4800 manat videoda olan əşyaların xərcidir. Emalatxana aparatını istifadə etməmişdir. Mebeli də dağıtmışdır. Paltaryuyan və kondisioneri bir ay olardı ki, almışdılar. Mebel çoxdan olmuşdur. Emalatxana məhsulu şirniyyat bişirmək üçün olan avadanlıqlardır. Ona məşğulluqdan verilmişdir. Emalatxana açmaq istəmişdir. Onu heç işlətməmişdir. Birində dağıtmışdır. O biri isə belədir ki, evə gələrək, evi dağıtmış, kabab çəkmiş və yeyərək getmişdir. Bütün hər şeyi də onun üzərinə atmışdır. Onunla birlikdə yaşamaq mümkün deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ikinci dəfə də ziyan vurmuşdur. Yataq otağında mebeli və emalatxana aparatını məhv etmişdir. İçərisi matorun qaz açarı ilə dağıdılmışdır. Paltaryuyanın detalı da tapılmış, kreditlə götürmüşdür. 1700 manata almışdır. Bir ay idi ki, almış, onun da kreditini ödəmişdir. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, bunların hamısı cəfəngiyahdır. O zaman müstəntiq ondan ifadə alarkən boynuna almasını demişdir. 1305 manatdırsa, yarsını o ödəyəcəkdir. Ancaq malları gətirmək şərti ilə ödəyəcəyini bildirmişdir. 18000 manat ilə razı deyildirlər. Qəsdən belə edirlər ki, kompensasiya ilə əvəzlənsin. Dağıntı həmin gün hesablanmış və 1305 manat qiymətləndirilmişdir. Məhkəmə, iddiaçını, onun nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əşyalara dəymiş zərərləri əks etdirən foto-şəkillər əlavə olunmuşdur. - 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, faktda Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı evə gəlib ev əşyalarını qəsdən sındıraraq ona maddi ziyan vurmuş Cavabdeh barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə sahə rəisinə verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Sumqayıt şəhər Prokuroruna və maraqlı şəxslərə göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. - Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təhqiqat araşdırması zamanı İddiaçı dəymiş ziyanı müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq 124-10070 nömrə ilə dəftərxanada qeydiyyata alınaraq sorğu göndərilmişdir. MEM-dən sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/4957 nömrəli ekspertiza rəyindən görünür ki, İddiaçı dəymiş maddi ziyan 1305 manat təşkil edir. Beləliklə Cavabdeh tərəfindən İddiaçı yaşadığı evə gələrək qəsdən ev əşyalarını sındıraraq sonuncuya ümumillikdə 1305 manat məbləğində maddi ziyan dəyməsi faktında özgənin əmlakını qəsdən zədələmə və yaxud məhv etmə kimi qiymətləndirilməməsi səbəbindən Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri istisna olunur, belə ki, qüvvədə olan mövcud qanunvericiliyə əsasən AR CM-nin 186-cı maddəsinin tərkib əlamətləri üzrə məsuliyyət tövsifedici əlamətlərinə görə əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxs xeyli miqdar təşkil etməmiş, yəni şərti maliyyə vahidinin min mislindən az məbləğ təşkil edir. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş 07 aprel 2025ci il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı müraciətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından müraciət müəllifinə müraciətində qeyd etdiyi xüsusatlar ilə bağlı olaraq mülkimühakimə icraatı qaydasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı Əluqulu qızı birgə nikah dövrlərində Cavabdeh ilə birlikdə əldə etdikləri əşya və əmlakın sonuncu tərəfindən sındırılaraq ona maddi ziyan vurması barədə etdiyi müraciətində göstərdiyi xüsusatlar mülki xarakter daşıdığından, həmçinin həmin tərəflər arasında hazırda da Sumqayıt Şəhər Məhkəməsində mülki iddia ilə bağlı məhkəmə prosesləri davam etdiyindən həmin xüsusatlarda cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən qeyd edilənlər üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Bundan başqa X1 həyat yoldaşı Cavabdeh tərəfindən təhqirlərə, hədə-qorxularaq məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar alınmış izahatlara əsasən öz təsdiqini tapmadığından həmin xüsusat üzrə də cinayət işinin başlanılması rədd edilməlidir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, Sumqayıt şəhəri, Corat bağları, 787 saylı fərdi yaşayış evində yerləşən, təqdim edilmiş video, fototəsvirlərə və siyahıya əsasən 1 ədəd yazı masasının, 1 ədəd bazalı çarpayının, 1 ədəd makyaj masasının, 1 ədəd güzgülü paltar dolabının, 1 ədəd “LG” markalı tozsoranın, 1 ədəd kiçik şkafın, mətbəx mebelinin və qab-qacaqların hazırki bazar dəyəri, 1 ədəd kondisonerin, 1 ədəd paltaryuyan maşının, 1 ədəd “Samsung” markalı qaz sobasının, 1 ədəd dəhlizdə yerləşən divara yığılmış şkafın, 1 ədəd divanın təmir xərci ilə birgə ümumillikdə 18 iyun 2025-ci il tarixinə 4800 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı yaşadığı evə gedərək ev əşyalarını sındıraraq ona məsus əşyalara zərər yetirmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Əmlaklara ziyan vurması iş materiallarında olan 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda öz əksini tapmış 9/4957 saylı ekpertiza rəyinə əsasən müəyyən edilmişdir.Həmin hadisədən sonra cavabdehin ikinci dəfə mənzilə daxil olaraq mənzili dağıtması işin ararşdırlan hallarına əsasən öz təsdiqi tapmış, iş materiallarında olan şəkillərə, sənədlərlə müəyyən edilmişdir.Qeyd olunan xüsusatlarla bağlı cavabdeh etiraz etməsinə baxmayaraq etiraz və mülhaizələrini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, əşyalara dəymiş zərərin ümumi məbləği 4800 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 18000 manat deyil, 4800 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia qismən əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4800 manat pul tutularaq İddiaçı verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin olunduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, bu barədə iddiaçı tərəfindən cavabdehə qarşı heç bir tələb irəli sürülməmiş və onlarla bağlı hər hansı bir sənəd əlavə edilməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin maddi əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4800 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar