Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2790/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, bu iş üzrə Cavabdeh1 7500 manat məbləğində pulun və 95 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7500 manat məbləğində pul vəsaiti və ödənilmiş 95 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, ona borclu olan X1 2022-ci ildə cinayət işi açıldığı ərəfədə onun yaxın qohumları - Cavabdeh1 və Cavabdeh2 və X5 ona bildirdi ki, şikayəti geri götür, qohum olaraq X1 borcunu ödəyəcəkdir. Cavabdeh1 və Cavabdeh2 bildirdi ki, şəxsən 7500 manat pulu özü ödəyəcəkdir. Bu barədə xx.xx.2023-cü il tarixdə iltizam imzaladı. Həmin iltizamda bildirir ki, 6 ay ərzində bu borcu ödəyib qurtaracaq. Hazırda dəfələrlə müraciət etməyinə baxmayaraq 7500 manat borcu ödəməkdən boyun qaçırır. Odur ki, o da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı pulu işə düzəltmək məqsədilə İqbala vermiş, İqbal da onun həyat yoldaşı Şahlara vermişdir. Həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunmuşdur. 3500 manat İqbal, 3500 manat da həyat yoldaşı 6 ay sonra ödəməli idi. Sənədi həm qardaşı İsa, həm də İqbal imzalamışdır. Borcla bağlı 150 manat iddiaçının kartına ödəmişdir. Ödənişin tarixi dəqiq yadında deyil. 3500 manatı həyat yoldaşı Şahlar həbsdən çıxandan sonra bunu ödəyəcəkdir. Həyat yoldaşı işə düzəltmək adıyla pul aldığına görə, iddiaçının şikayəti əsasında həbs olunmuşdur. 2023-cü ildə Cavabdeh1 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Cavabdeh1 hazırda Rusiya Federasiyasında yaşayır.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, Şahlar Bədirovla heç bir qohumluq əlaqəsi yoxdur. Pulun götürülməsində vasitəçilik etmişdir. Pul onun əlindən verilmişdir. İltizamdakı imza ona məxsusdur.
Tədqiq olunan sübutlar:
7. Cavabdeh1 və X8 tərəfindən imzalanmış iltizamdan görünür ki, xx.xx.2023cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 İddiaçı X2 7500 manat olan borcunun qaytarılmasına zamin durduğunu, bu borcun 6 ay ərzində qaytarılmasında şəxsən iştirak edib verilən vaxt ərzində borcun tam surətdə qaytarılmasını təmin edəcəklərini bildirmişdirlər.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. ... Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia rədd edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə hazırki iş üzrə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.1 –ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 4000 manat miqdarında cərimə cəzasına, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, X1 5 il 5 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi çavuş hərbi rütbəsində qulluq etmişdir. İddiaçının oğlu X3 hərbi xidmətə qəbul olunmaq istədiyini bilib, Cavabdeh2 X7 ilə birgə ondan ümumilikdə 12000 manat məbləğində pul alaraq həmin pulu öz aralarında bölmüşlər. Hazırki iş üzrə iddiaçı qeyd edilən cinayət işi üzrə zəzərçəkmiş şəxs qismində tanınmışdır.
13. İddiaçının bildirməsinə görə hazırki iş üzrə cavabdehlər onun şikayəti geri görücəyi halında X4 borcunu 6 ay ərzində ödənilməsi ilə bağlı təminatı öz üzərlərinə götürmüşlər. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı X2 7500 manat olan borcunun qaytarılmasına zamin durduğunu, bu borcun 6 ay ərzində qaytarılmasında şəxsən iştirak edib verilən vaxt ərzində borcun tam surətdə qaytarılmasını təmin edəcəyini bildirmişdirlər. İddiaçı hazırda 7500 manat borc məbləğinin cavabdehlər tərəfindən ödənilməsinin əsası kimi onlar tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli iltizama istinad edir.
14. Məhkəmə ilk növbədə qeyd edilən iltizama münasibətdə qeyd edir ki, sözügedən iltizam onda qeyd edilmiş şəxslər tərəfindən başqa şəxsə məxsus borcun ödənilməsi, borcun onlardan tələb edilməsi üçün hüquqi əsas qismində çıxış edə bilməz. Belə ki, həmin iltizamla tərəflər başqa şəxsə məxsus borcun ödənilməsinə zamin olduqlarını bildirsələr də, Azərbaycan Respublikası Mülki Məcəlləsində zaminlik müqaviləsinin forma və məzmunu ilə bağlı konkret forma şərti müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
15. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
16. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
17. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
18. İltizamın şəxslər tərəfindən yazılı formada tərtib edilməsinə baxmayaraq, tərəflər arsında zaminlik münasibətlərinin yaranması üçün yazılı müqavilənin olması qanunvericiliyin əsas şərtidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Hazırki halda isə qeyd edilən iltizam iddiaçı tərəfindən imzalanmamaqla həmin iltizamı imzalamış şəxslə onun arasında bağlanmış müqavilə kimi qiymətləndirilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunur ki, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 470 və 471-ci maddələrinin tələblərinə uyğun olaraq, yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər.
20. Məhkəmə qeyd edir ki, qanunvericilikdə zaminliklə bağlı yazılı müqavilənin bağlanması şərti həmin əqdin mahiyyətindən irəli gəlir. Belə ki, zaminlik müqaviləsi bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynamaqla həmin müqaviləni bağlamış şəxslər üçün öhdəlik və vəzifələr yaradır.
21. Hazırki işdə də tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq tərəflər arasında yazılı formada zaminlik müqaviləsi bağlanmadığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
22. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırki halda borcun təminatı olaraq verilən yuxarıda adıçəkilən iltizamla həmin iltizamda adları qeyd edilmiş şəxslərin hər hansı bir hüquq və ya mənfəət əldə etmədiyi nəzərə alınaraq, əqd üzrə alınmışların geri qaytarılması halı da mövcud deyildir.
23. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı hazırki Cavabdeh2 münasibətdə iddianı sözügedən iltizam üzrə X2 borcunun ödənilməsinə zamin durması səbəbindən qaldırmış və məhkəmə iclasında izahatında Cavabdeh2 ona borclu olduğunu bildirməmiş və pulun Şahlar Bədirova verilməsində vasitəçilik etdiyini bildirmişdir ki, qeyd edilən iltizama məhkəmə tərəfindən yuxarıda qiymət verilmişdir.
24. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə iddiaçının heç bir hüquqi əsas olmadan əsassız varlanmış şəxs və ya şəxslərə münasibətdə iddia irəli sürməsi halını istisna etmir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva