Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2791/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********34 nömrəli müqaviləyə əsasən nağd kredit üzrə 1820,81 manat əsas borc, 0,01 faiz borcu olmaqla, cəmi 1820,82 manat, xx.xx.2023cü il tarixli, BPM**********34 nömrəli müqaviləyə əsasən kart krediti üzrə isə 215,03 manat əsas borc olmaqla, cəmi 215,03 manat və ödənilmiş 40,36 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2023-cü il tarixli, BPM**********34 nömrəli istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 21.9 %-lə, 24 ay müddətinə 3100 manat nağd kredit verilmişdir. Bundan əlavə olaraq, "xxxx" ASC ilə X6 arasında xx.xx.2023-cü il tarixli, BPM**********34 nömrəli istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 24%-lə, 35 ay müddətinə 300 manat məbləğində krediti xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. 429135 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 3302 nömrəli məktubdan görünür ki, X3 mirasını qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən X3 xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka 1820,81 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 1820,82 manat təşkil edir. Təqdim olunmuş digər maliyyə arayışına əsasən X3 xx.xx.2025-ci il tarixədək tam kart kredit xətti üzrə banka 215,03 manat əsas borc olmaqla, cəmi 215,03 manat təşkil edir. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-4584/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, atasının vəfat etməsi barədə sənədləri banka təqdim etmişdir. Bundan sonra bank faiz borcunu silmiş və əsas borc üzrə ödənişləri həyata keçirməyə başlamışdır. Sonuncu dəfə iddiaçıya yanvar-fevral aylarında 150 manat ödəmişdir. Bank tərəfindən xəbərdarlıq olunmamış, onlara heç bir məlumat verilməmişdir. Bir ay yarım müddətə gecikməyə görə bankın məhkəməyə müraciət etməsinə etiraz edir.
5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 digər cavabdeh tərəfindən verilmiş izahata əlavəsi olmadığını bildirdi.
Tədqiq olunan sübutlar:
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********34 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 24 ay müddətində 3100 manat məbləğində kreditdən istifadəyə görə illik 21,9 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.
7. BPM**********34 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 10 dekabr 2023-cü il tarixdən 10 noyabr 2025-ci il tarixədək müəyyənləşdirilmişdir.
8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********34 nömrəli, xx.xx.2023-cü il tarixli istehlak krediti müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, bundan sonra birlikdə “Hesab” və ya “Hesablar” adlanacaq) kredit xəttinin (bundan sonra “Kredit” adlanacaq) açılmasına, müştəri tərəfindən tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, tam kartdan 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına, tam kartın müddətinin 60 ay, kredit limiti məbləğinin 15000 manat, kredit xəttinin məbləğinin 300 manat, kredit xəttinin müddətinin 59 ay, kredit xətti üzrə illik faiz dərəcəsinin 24 faiz təşkil etməsi ilə bağlı müqavilə bağlamışlar.
9. AZ-İİ 429135 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 863 nömrə ilə qeyd edilmişdir.
10. 08.12.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2dur, şəhadətnamə əsasında verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC364128 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********4391, mühərrikin nömrəsi ******* və buraxılış ili 2003-cü il olan “VAZ 2115 minik” markalı, **-CT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
11. 07.02.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə nağd kredit və kredit kart müqaviləsi üzrə yaranmış öhdəliyini 3 gün müddətində tam şəkildə yerinə yetirməyi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçı "xxxx" ASC tərəfindən tərtib maliyyə arayışlarında qeyd olunmuşdur ki, X3 xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə 215,03 manat əsas borc, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 1820,81 manat əsas borcu, 0,01 manat faiz borcu, cəmi 1820,82 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
17. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, BPM**********34 nömrəli, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X5 illik 24 faiz olmaqla 59 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda eyni tarixli və nömrəli kredit müqaviləsinə əsasən X5 illik 21,9 faiz ödəmək şərtilə 24 ay müddətində 3100 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh1 və Cavabdeh2 X3 qanun üzrə vərəsəsi təyin edilmiş və o, Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC364128 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********4391, mühərrikin nömrəsi ******* və buraxılış ili 2003-cü il olan “VAZ 2115 minik” markalı, **-CT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan Cavabdeh1 4/5 hissədə, Cavabdeh2 1/5 hissədə pay almışdırlar.
19. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X3 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
20. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəlik lazımi qaydada icra edilməmiş və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq şərtləşdirilmiş müddətdə miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.
21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X4 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, BPM**********34 nömrəli kredit müqavilələri üzrə borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır.
22. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Hazırki işdə cavabdehlərə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə X1ndan miras qalmış əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC364128 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********4391, mühərrikin nömrəsi ******* və buraxılış ili 2003-cü il olan “VAZ 2115 minik” markalı, **-CT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
25. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1820,81 manat əsas borc, 0,01 manat faiz borcu, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi üzrə 215,03 manat əsas borc olmaqla, ümumilikdə 2035 (iki min otuz beş) manat, 85 (səksən beş) qəpik pul vəsaiti və ödənilmiş 40 (qırx) manat, 36 (otuz altı) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə verilməlidir.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1820,81 manat əsas borc, 0,01 manat faiz borcu, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi üzrə 215,03 manat əsas borc olmaqla, ümumilikdə 2035 (iki min otuz beş) manat, 85 (səksən beş) qəpik pul vəsaiti və ödənilmiş 40 (qırx) manat, 36 (otuz altı) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva