Məhkəmə qərarları › İş №e-2(060)-2796/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2796/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2796/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X6 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdeh X6 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ümumilikdə 4133.06 ABŞ dolları (əsas borcu - 2201.69 ABŞ dolları, faiz borcu -1931.37 ABŞ dolları) məbləğin və ödənilmiş 91 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X14 arasında xx.xx.2015-ci il tarixli 08-xx-xx-026238 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X12 48 (qırx səkkiz) ay müddətinə, illik 29 (iyirmi doqquz) % olmaqla 3931 (üç min doqquz yüz otuz bir) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 08-xxxx-026238 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu- 2201.69 (iki min iki yüz bir.69) ABŞ dolları, faiz borcu -1931.37 (bir min doqquz yüz otuz bir.37) ABŞ dolları, ümumilikdə 4133.06 (dörd min bir yüz otuz üç.06) ABŞ dolları məbləğində borc təşkil edir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X9 vərəsəsi–X7r. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 iddia tələbinə dair izahat verərək bildirdi ki, yoldaşının belə bir borc götürməsindən məlumatı olmayıb. Eyni zamanda cavabdeh bank tərəfindən hesablanmış faizin həddən artıq şişirdildiyini, ekspertizada faiz borcunun məbləği azaldılsa da, faiz borcunun tam ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasın xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2015-ci il tarixli 08-xx-xx-026238 saylı Kredit müqaviləsindən görünür ki, X12 İddiaçı ASC tərəfindən illik 29 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 3931 (iki min iki yüz altmış üç) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə X9 İddiaçı ASC-yə 2201.69 ABŞ dolları əsas borcu, 1931.37 ABŞ dolları faiz borcu, ümumilikdə 4133.06 ABŞ dolları məbləğində borcu mövcuddur. İşdə olan xx.xx.2022-ci il tarixli, M\11-1774 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh X12 yazılı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3782 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, maliyyə arayışı məlumatları, hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli 08-xx-xx-026238 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla X9 "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 09 iyun 2019-cu il tarixə - əsas kredit borcu - 2201,69 ABŞ dolları, faiz borcu - 207,60 ABŞ dolları. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 08-xx-xx-026238 saylı Kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X14 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X9 vərəsəsi X5r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 13-cü mkr, ev 60, 57 saylı mənzildən ibarətdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X1 Arif Fətiş oğlundan miras qalmış Sumqayıt şəhəri, 13-cü mkr, ev 60, 57 saylı mənzili miras əmlak kimi qəbul etdiyindən İddiaçı ASC ilə X14 arasında xx.xx.2015-ci il tarixli 08-xx-xx-026238 saylı Kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisi X2 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 2201.69 ABŞ dolları əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və 2201.69 ABŞ dolları əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1931.37 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3782 saylı ekspert rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 207.60 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən X9 adına həmin Fərmanla bağlı 1270.31 ABŞ dolları məbləğində kompensasiya daxil olmuş, cavabdehin ödəniş müddəti keçmiş əsas kredit borcuna hesablanmış kompensasiya yönəldikdən sonra qalıq əsas borcun məbləği 2201.69 ABŞ dolları müəyyən edilmişdir. Deməli, cavabdehin əsas kredit borcu cəmi 2201.69 ABŞ dolları qalmışdır. İkincisi, iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, bu halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Bundan başqa, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı faiz tələb etməsinə əsas vermir. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehə 1270.31 ABŞ dolları kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 2201.69 ABŞ dolları əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həm də hesabladığı faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Çünki, kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduğuna görə faiz borcu silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 53% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 91 manat dövlət rusumunun 48 manatı cavabdehdən tutulmalı, 43 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 27 manatı cavabdehə, 23 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 ümumilikdə 2201,69 (iki min iki yüz bir dollar altmış doqquz sent) ABŞ dolları borc və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, 48 (qırx səkkiz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq İddiaçı ASCdən 23 (iyirmi üç) manat, cavabdeh X3 isə 27 (iyirmi yeddi) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar