Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2818/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 299,43 ABŞ dolları əsas borc, 307,04 ABŞ dolları faiz borcu, 999,51 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42,12 ABŞ dolları borc, ümumilikdə 1648,10 ABŞ dolları məbləğində borcun və 48,02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən illik 21,5 faizlə 24 ay müddətinə 2654 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış eyni tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı 2087,76 ABŞ dolları məbləğində cəmi kredit öhdəliyinin əsas borc qalığı bu Sazişin qüvvəyə mindiyi tarixə 1270,82 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********909 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.1988-ci ildə, Zərdab rayonu, Körpükənd kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh1 xx.xx.1989-cu ildə, Zərdab rayonu, Körpükənd kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh3 isə xx.xx.1984-cü ildə, Zərdab rayonu, Gəlmə kəndində anadan olmuş, həmin ərazidə qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 2654 ABŞ dolları kredit verilmişdir İddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən onlar Cavabdeh2 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərlərinə götürmüşlər. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən keditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Eyni tarixdə Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan ödəniş qrafikinə əsasən Cavabdeh2 kredit borcunu hər ay 79,28 ABŞ dolları olmaqla 18 ay müddətində qaytarmalıdır. İddiaçı tərəfindən cavabdehlərə borcun 3 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 299,43 ABŞ dolları əsas borc, 307,04 ABŞ dolları faiz borcu, 999,51 ABŞ dolları cərimə, 42,12 ABŞ dolları gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1648,10 ABŞ dolları borcu vardır. İddiaçı iddia ərizəsinin verilməsi üçün 48,02 manat dövlət rüsumu ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixinə onun banka 299,43 ABŞ dolları əsas, 307,04 ABŞ dolları faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 42,12 ABŞ dolları məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 299,43 ABŞ dolları əsas borc məbləğinə 999,51 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminlərə aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48,02 manat dövlət rüsumunun 30 manatı Cavabdeh2 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 299,43 ABŞ dolları əsas borc, 307,04 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, 42,12 ABŞ dolları Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 698 (altı yüz doxsan səkkiz) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində borc (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 48,02 manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2818/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2818/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver