Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2827/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-823/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən uşaqları X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində tutulması müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilməsi və 50 manat ödənilmiş mediasiya rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçının himayəsində saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-823/2013 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırki dövrdə ərzaq mallarının qiymətlərinin artması və kommunal xərclərinin artması ilə əlaqədar hər uşaq üçün 100 manat aliment pulu ilə uşağı saxlamaq qeyri-mümkündür. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, 748 manat məbləğində əmək haqqı alır. O, hal-hazırda kirayə evdə yaşayır. Aldığı əmək haqqı iki uşağı tək saxlamağa kifayət deyildir. Qeyd edilənlərə əsasın iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdeh 1200 manata yaxın maaş alır. Bəzi hüquqi şəxslər vergidən yayınmaq üçün qəsdən işçilərin rəsmi əmək haqlarını az göstərirlər. Qeyd edilənlərə əsasın iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1984-cü ildə anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-823/2013 saylı, xx.xx.2013-cü il tarixli qəıtnaməsi ilə tərəflər arasıpnda bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının yanınd asaxlanmış və uşaqların saxlanması üçün hər ay, hər uşağa 100 manat olmaqla, iki uşağa görə 200 manat alimentin və X2 3 yaşına çatana qədər hər ay 50 manat maddi yardım qismində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışda göstərilmişdir ki, iddiaçı “Sumqayıt Tibb Mərkəzi” X6 sanitar işləyir və aylıq əmək haqqı 748 manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən çıxarışda göstərilmişdir ki, cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 320 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdeh xx.xx.2023-ci il tarixdən "xxxx" MMC firmasında sürücü vəzifəsində işləyir. "xxxx" MMC firmasının X8 uyğun olaraq əmək haqqı 365 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçı uşaqları üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tələb etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi arayışda onun rəsmi əmək haqqının 365 manat təşkil etdiyi göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehdən yüksək məbləğdə alimentin tutulması onun maddi cəhətdən həddindən artıq yüklənməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə tərəflərin maddi vəziyyətlərini, diqqətəlayiq halları, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 823/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-823/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2827/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2827/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver