Məhkəmə qərarları › İş №e-2(060)-2836/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2836/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2836/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2024-cü il tarixli, 3M-17 reyestr nömrəli borc müqaviləsi ilə verilmiş 15000 manatın iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cаvаbdеh Cavabdeh İddiaçı maddi ziyan vurmuşdur. Belə ki, İddiaçı 15000 manat pulu cаvаbdеh Cavabdeh xx.xx.2024-cü il tarixdə, 3M-17 reyestr nömrəsi altında qeydiyyata alınan borc müqaviləsi əsasında borc vermişdir. Bunu təsdiq edən xx.xx.2024-cü il tarixdə, 3M-17 reyestr nömrəli borc müqaviləsi sübut kimi iş materialına əlavə olunmuşdur. Lakin cavabdeh həmin pulların iddiaçıya qaytarılmasından hər dəfə müxtəlif bəhanələrlə yayınır. Cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməsi məqsədilə iddiaçı tərəfindən preteneziya göndərilmiş və məsələnin məhkəmədən kənar qaydada həll olunması üçün 3 gün müddət verilmişdir. Amma cavabdeh mübahisənin həlli ilə bağlı heç bir addım atmamış, cavabdehlə hər hansı telefon əlaqəsi saxlamamış və məsələnin müsbət həlli ilə əlaqədar heç bir fikir bildirməmişdir. Odur ki, nəticədə məsələnin yalnız məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı Xəlilov Azər Camal oğlu 15000 manat pulu cаvаbdеh Cəbiyeva Gülnar Bəhruz qızına xx.xx.2024-cü il tarixdə, 3M-17 reyestr nömrəsi altında qeydiyyata alınan borc müqaviləsi əsasında borc vermişdir. Müqavilədə nəzərdə tutulan müddət keçsə də, qarşı tərəf ödəniş etməmişdir. Buna görə də məhkəməyə müraciət etmişdirlər. Borc müqaviləsi iş materiallarına əlavə olunmuşdur. Müqavilədə evlə bağlı qeyd yoxdur. İddiaçıdan pulu alan və cavabdehlik daşıyan şəxs Cavabdehdır. Pulu aldıqdan sonra kimə və niyə verdiyi pul verən şəxsi – yəni, iddiaçını maraqlandırmır. Cavabdeh doğrudan da pulu notariat qaydasında aldığını etiraf edir. Bununla bağlı borc müqaviləsində də qeyd olunmuşdur. Borcalan pul məbləğinin məhkəməyə qədər ödənilməsi ilə bağlı addım atmamışdır. Borcalandan başqa heç kimi tanımırlar. Qeyd olunan mübahisə ilə bağlı başqa məhkəmə prosesi olmamışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda Bakı şəhəri Yasamal rayon Polis İdarəsində araşdırma gedir. Evlə bağlı borc müqaviləsi bağlamışdır. Həmin pulu başqa adama vermişdir. Bunu təsdiqləyən qəbzlər də vardır. Məmməd adlı şəxs ona iş təklif etmiş, sosial evdə işlədiyini bildirmişdir. Asan Xidmətdə borc müqaviləsi bağlanacağını, ordan çıxarılan pulu onlara məxsus kart hesabına göndərməli olduğunu demişdir. Bundan sonra ona mənzil verəcəkdilər. İddiaçı tanımır, yaxınlığı da yoxdur. Telefonunda sübutlar vardır. Pulu çıxarıb başqa adama vermişdir. Bununla bağlı qəbzlər vardır.

Tədqiq olunan sübutlar:

5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh 15000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.

6. 18.03.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etmədiyi və müqavilə şərtlərini pozduğu üçün 15000 manat məbləğində borc pulun təcili qaytarılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 149.2.4 və 150.0.7-ci maddələrinə görə mübahisənin məhkəmədən kənar qaydada qısa müddətə, yəni 3 gün ərzində həll edilməsi xahiş edilmişdir.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəyə görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. -522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

11. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Cavabdeh 15000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə tərəflər arasında borcun verilməsi ilə bağlı razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 739.2-ci maddəsinin tələblərinə uyğun olaraq notarial qaydada bağlanmış yazılı müqavilə ilə rəsmiləşdirilmişdir.

12. Cavabdeh tərəfindən müqavilədə qeyd olunmuş müddətdə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmişdir.

13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilədən irəli gələn borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

14. Cavabdeh borc müqaviləsi üzrə öhdəliyi icra etməməsinin səbəbi kimi həmin pul vəsaitini götürdükdən sonra mənzil almaq məqsədilə başqa şəxsə verdiyini göstərmişdir.

15. Məhkəmə cavabdehin müqavilə predmeti olan pul vəsaitini başqa bir şəxsə verməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, onun pulu aldıqdan sonra başqa şəxsə verməsi hazırki borc müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsindən imtina üçün və ya həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Tərəflər arasında qeyd edilən müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə həmin növ müqaviləyə görə qanunvericilikdə nəzərdə tutulmuş imperativ tələblərə riayət edilməklə notarial qaydada bağlanmış və cavabdeh tərəfindən müqavilənin iradəsi ziddinə bağlandığını təsdiq edəcək hər hansı bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Cavabdeh məhkəmə iclasında izahatında da həmin müqaviləni bağladığını, müqavilədə nəzərdə tutulmuş pul vəsaitini iddiaçıdan təhvil aldığını bildirmiş, lakin pul vəsaitini ona mənzil verilməsi məqsədilə başqa şəxsə verməsini əsas göstərərk aldadıldığını iddia etmiş və həmin şəxslə bağlı polisə müraciət etdiyini bildirmişdir.

17. Cavabdeh tərəfindən məhkəməyə disk təqdim edilmiş, lakin texniki səbəbdən diskdə olan səs yazısının səsləndirilməsi mümkün olmamışdır. Cavabdeh səsyazsının pul vəsaitini verdiyi şəxslə onun arasında olan səsyazısı olduğunu bildirmişdir.

18. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə qəbz təqdim edilmişdir ki, həmin qəbzində borc götürdüyü pul vəsaitinin 12700 manat hissəsinin “Məmməd” adlı şəxsə verilməsi ilə bağlı olduğunu bildirmişdir.

19. Məhkəmə qeyd edir ki, müqavilə üzrə borc alan tərəfindən pul vəsaitinin üçüncü şəxsə təqdim edildiyi təqdirdə belə o, həmin müqavilə üzrə öhdəliyin icrasından azad edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.Həmin Məcəllənin 522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırki işdə tərəflər arasında öhdəliyin üçüncü şəxslərə keçməsi ilə bağlı razılaşmanın olduğu da müəyyən edilmir.

20. Belə olan halda Cavabdeh pul vəsaitinin ona geri qaytarılması ilə bağlı həmin vəsaiti verdiyi şəxsə qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.

21. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar