Məhkəmə qərarları › İş №e-2(060)-2869/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2869/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2869/2024 25.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə İddiaçı "xxxx" QSC BOKT-un cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işə 25 iyul 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1601,42 (bir min altı yüz bir manat, 42 qəpik) manat, faiz borcu üzrə 0.98 (98 qəpik) manat olmaqla, cəmi 1602.40 (bir min altı yüz iki manat, 40 qəpik) manat borcun və ödənilmiş 36.03 (otuz altı manat, 03 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Bakı filialı ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 23 avqust 2013-cü il tarixli 178 saylı “Birgə borclularla” Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə cavabdehlər Cavabdeh3 1200 (bir min iki yüz) manat, Cavabdeh1 1000 (bir min) manat, ticarət məqsədilə isə Cavabdeh2 1000 (bir min) manat illik 27 % olmaqla, 24 ay müddətinə cəmi 3200 (üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu Müqavilədə göstərilən göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 27 % həcmində cərimə tətbiq edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında borclulara mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair pretenziya məktubu ünvanlanaraq məlumat verilmiş, 10 gün müddətində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Borclu Cavabdeh3 tərəfindən E-MANAT ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə 50 (əlli) manat gecikdirilmiş borcdan ödəniş edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hazırda olan borcları əsas borc üzrə 1601.42 (bir min altı yüz bir manat, 42 qəpik) manat, faiz borcu üzrə 0.98 (98 qəpik) manat olmaqla, cəmi 1602.40 (bir min altı yüz iki manat, 40 qəpik) manat məbləğində təşkil edir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində əlaqə nömrələri müəyyən edilməmişdir. Bu səbəbdən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı “Aqrar Kredit» QSC BOKT ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 23 avqust 2013-cü il tarixli 178 saylı “Birgə borclularla” Kredit Müqaviləsinə əsasən Cavabdeh3 1200 (bir min iki yüz) manat, Cavabdeh1 1000 (bir min) manat, ticarət məqsədilə isə Cavabdeh2 1000 (bir min) manat illik 27 % olmaqla, 24 ay müddətinə cəmi 3200 (üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1ci maddəsinə əsasən bu müqavilenin şərtləri əsasında kredit verən birgə borclulara onlardan birgə öhdəliyine yalnız birdəfəlik icrasını teləb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birge borclular qrupunun her biri isə alınmış vesəitin və ona hesablanmış faiz məzənnəsinin birge öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Birgə borclulardan biri öz öhdeliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər Birgə borcluların üzərinə keçir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə bildiriş ünvanlanmışdır. İşdə olan kredit borcunun xx.xx.2024-cü il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 1601,42 (bir min altı yüz bir manat, 42 qəpik) manat, faiz borcu üzrə 0.98 (98 qəpik) manat olmaqla, cəmi 1602,40 (bir min altı yüz iki manat, 40 qəpik) manat borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 23 avqust 2013cü il tarixli 178 saylı “Birgə borclularla” kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclular müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcları yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC BOKT–nın xeyrinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1601.42 manat, faiz borcu üzrə 0.98 manat olmaqla, cəmi 1602,40 manat borc tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 36,03 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1601,42 (bir min altı yüz bir manat, qırx iki qəpik) manat, faiz borcu üzrə 0,98 (doxsan səkkiz qəpik) manat olmaqla, cəmi 1602,40 (bir min altı yüz iki manat, qırx qəpik) manat borc və ödənilmiş 36,03 (otuz altı manat, üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar