Məhkəmə qərarları › İş №e-2(060)-2944/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2944/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2944/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “borcun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********355 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka borcu 19678,26 manat əsas, 2011,87 manat faiz borcu olmaqla, cəmi 21690,13 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda, tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 156,46 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-3307/2025 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BPM**********355 saylı kredit müqaviləsinə əsasən 19678,26 manat əsas, 2011,87 manat faiz borcu olmaqla, cəmi 21690,13 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 156,46 manat dövlət rüsumu və 0,4 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BPM**********355 saylı kredit müqaviləsinə əsasən 19678,26 manat əsas, pretenziya məktubunun göndərildiyi tarixdən sonra ödənilməmiş faiz borcu üzrə (5 faiz) 27,33 manat faiz borcu olmaqla, cəmi 19705,59 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 156,46 manat dövlət rüsumu və 0,4 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndəsi Nümayəndə1 izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclası ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı bank tərəfindən mövcud borca dair faiz məbləği göstəriləndən artıq hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 mart 2024-cü il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 23,9 % faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit verilmişdir.

10. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 18 mart 2024-cü il tarixli, BPM**********55 nömrəli müqaviləyə əsasən Banka 19678,26 manat əsas borcu, 2011,87 manat faiz borcu, cəmi 21690,13 manat məbləğində borcu vardır.

11. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 18 mart 2024-cü il tarixli, BPM**********55 nömrəli müqaviləyə əsasən Banka 19678,26 manat əsas borcu, 27,33 manat faiz borcu, cəmi 19705,59 manat məbləğində borcu vardır.

12. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, bank borcalana kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3679 saylı ekspert rəyinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 mart 2024-cü il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə banka olan borcu əsas borc üzrə 19501,68 manat, faiz borcu üzrə 1121,31 manat olmaqla borcu 20622,99 manat müəyyən edilir. Qeyd: hazırki ekspertiza tədqiqatı zamanı Cavabdeh 18 mart 2024-cü il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsi üzrə sualda qeyd edilən tarixə, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 1114,78 manat məbləğində ödənişi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

19. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

22. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

23. Bundan əlavə, iş materiallarından göründüyü kimi iddia ərizəsində cavabdehin banka 19678,26 manat əsas borcu qeyd olunduğu halda, ekspert rəyində 19501,68 manat əsas borc tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməklə cavabdehdən 19501,68 manat məbləğində əsas borcu tutulmalıdır.

24. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19501,68 (on doqquz min beş yüz bir manat, altmış səkkiz qəpik) manat əsas, 27,33 (iyirmi yeddi manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 19529,01 (on doqquz min beş yüz iyirmi doqquz manat, bir qəpik) manat məbləğində pul və 156,46 (bir yüz əlli altı manat, qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19501,68 (on doqquz min beş yüz bir manat, altmış səkkiz qəpik) manat əsas, 27,33 (iyirmi yeddi manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 19529,01 (on doqquz min beş yüz iyirmi doqquz manat, bir qəpik) manat məbləğində pul və 156,46 (bir yüz əlli altı manat, qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar