Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2951/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia qaldıraraq cəmi 2339,02 manat borcun – bundan 2261,26 manat əsas, 77,73 manat faiz borcunun və iş üzrə ödənilmiş 44 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan X1» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan X1» ASC ilə Cavabdeh arasında bağlanılmış 30 oktyabr 2019-cu il tarixli, LM101901436 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh 2419,31 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 13 noyabr 2023cü il tarixə kredit üzrə cəmi borcu 2339,02 manat təşkil edir. Bundan 2261,26 manat əsas, 77,73 manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********084 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
Tədqiq olunan sübutlar:
3. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101901436 saylı restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17166 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respulikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2419 manat 31 qəpik məbləğini restrukturizasiya etməyi, borclu isə müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür.
4. xx.xx.2019-cu il tarixli, LM101901436 saylı restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, sözügedən müqavilə üzrə ödəniş müddəti xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək müəyyən edilmişdir.
5. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı «X1» ASC tərəfindən cavabdehdən 1546,83 manat gecikdirilmiş borc məbləğinin 5 iş günü ərzində ödənilməsini təmin etməyi tələb olunmuş, əks təqdirdə Restrukturizasiya müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməməyini nəzərə alaraq bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcunun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
6. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, LM101901436 saylı kredit müqaviləsi üzrə 2261,26 manat əsas borc, 77,73 manat faiz borcu, 0,03 manat cərimə olmaqla, cəmi 2339,02 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh 2419,31 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir.
15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
17. Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin həmin bildiriş məhkəməyə geri qaytarılmışdır.
18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 03 noyabr 2023-cü il tarixli maliyyə arayışında cavabdehin 77,73 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 17 aprel 2023-cü il tarixli bildirişdə cavabdehdən 64,69 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir.
20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
21. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 64,69 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
22. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
23. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2261,26 manat əsas borc, 64,69 manat faiz borcu olmaqla, cəmi 2325 (iki min üç yüz iyirmi beş) manat, 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat, 26 (iyirmi altı) qəpik pul vəsaiti tutularaq «X1» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir.
Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2261,26 manat əsas borc, 64,69 manat faiz borcu olmaqla, cəmi 2325 (iki min üç yüz iyirmi beş) manat, 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat, 26 (iyirmi altı) qəpik pul vəsaiti tutularaq «X1» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva