Məhkəmə qərarları › İş №e-2(060)-297/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-297/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-297/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO "xxxx" Kommersiya Bankı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 141304,11 ABŞ dolları əsas borc, 52715,60 ABŞ dolları faiz borcu, 19752,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11032,06 ABŞ dolları faiz borcu olmaqla, cəmi 224803,87 ABŞ dolları borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması, ipoteka predmetləri-Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 20/9-da yerləşən 32 saylı mənzil və Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38A/44-də yerləşən 22 saylı mənzilin birlikdə ilkin satış qiyməti 86000 manat, Cavabdeh6 mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında, 0,0225 ha torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0.0225 ha torpaq sahəsinin ilkin satış qiyməti 102500 manat müəyyən edilməklə, cavabdehlərdən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi və ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00/306/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 159357 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh5 və Cavabdeh4 ilə iddiaçı arasında 18 mart 2015ci il tarixli, 160/00/306/15/1 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri,19-cu məhəllə,ev 20/9 ünvanında yerləşən 1 otaqlı 38 kv.m ümumi, 20 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət olan 32 saylı mənzil, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, 38A/44 ünvanında yerləşən 47,5 kv.m ümumi, 30,2 kv.m yaşayış, 17,3 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı 22 saylı mənzil və Cavabdeh6 mülkiyyətində olan Sumqayıt şəhəri,Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında yerləşən 0,0225 ha torpaq sahəsində yerləşən 76,3 kv.m yaşayış, 63,9 kv.m yardımçı,140,2 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0225 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 23.09..2020-ci il il tarixində iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ekspert rəyləri ilə razıdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 160/00/306/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 159357 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 160/00/306/15 nömrəli kredit müqaviləsinə əlavə olunan 02 saylı ödəniş cədvəlinə əsasən Cavabdeh3 48 ay müddətinə hər ay 4681,11 ABŞ dolları banka ödəniş etməlidir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli, 160/00/306/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2021-ci il tarixinə iddiaçıya 141304,11 ABŞ dolları əsas borc, 52715,60 ABŞ dolları faiz borcu, 19752,10 ABŞ dolları cərimə, 11032,06 ABŞ dolları gecikdirilmiş faiz borcu vardır. Cavabdeh3 ilə iddiaçı arasında 18 mart 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə 02 saylı əlavə sazişə əsasən kreditin ödənilməli olduğu son tarix 02 mart 2020-ci il müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli müqaviləsinə əlavə olunan 03 saylı ödəniş cədvəlinə əsasən Cavabdeh3 60 ay müddətinə hər ay 3984,03 ABŞ dolları banka ödəniş etməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 pretenziya məktubu göndərilərək kredit borcunun ödənilməsi tələb edilmişdir. xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh6, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli 160/00/306/15 nömrəli kredit müqaviləsi üzrə zamin olmaqla kredit borcunun vaxtında ödənilməsi üçün iddiaçı qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 Cavabdeh1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 Cavabdeh2 xüsusi mülkiyyətindədir. 03 fevral 2015-ci il tarixli, 160/00/306/15 saylı ipoteka müqaviləsi əsasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri,19-cu məhəllə,ev 20/9 ünvanında yerləşən 1 otaqlı 38 kv.m ümumi, 20 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət olan 32 saylı mənzil və Cavabdeh2 mülkiyyətində olan ünvan 5 iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və bildiriş xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və bildiriş xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 Cavabdeh6nın xüsusi mülkiyyətindədir. 10 fevral 2015-ci il tarixli 160/00/306/15 saylı ipoteka müqaviləsi əsasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh6 mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında yerləşən 0,0225 ha torpaq sahəsində yerləşən 76,3 kv.m yaşayış, 63,9 kv.m yardımçı,140,2 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0225 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və bildiriş xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 140 000 manat, likvid dəyəri isə 119 000 manat, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzilin bazar dəyəri 52 000 manat, likvid dəyəri isə 44 000 manat, ünvan 6 ünvanında yerləşən 1 otaqlı mənzilin bazar dəyəri 32 000 manat, likvid dəyəri isə 27 000 manat məbləğində müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3719 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2021-ci il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 141304 ABŞ dolları, faiz borcu üzrə 64114,78 ABŞ dolları təşkil edir. xx.xx.2022-ci il tarixinə cavabdehin iddaçıya olan borcu əsas borc üzrə 141304 ABŞ dolları, faiz borcu üzrə 66155,83 ABŞ dolları təşkil edir. Məhkəmə tərəfindən təyin olunmuş əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 141304 ABŞ dolları, faiz borcu üzrə 52888,96 ABŞ dolları təşkil edir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh3 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İş üzrə verilmiş ekspert rəylərində Cavabdeh3 müqavilənin müddətinin bitdiyi tarixə əsas borc üzrə 141304 ABŞ dolları, faiz borcu üzrə 52888,96 ABŞ dolları borcu olduğu göstərilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi əsas borc məbləği ekpert rəyi ilə eynidir. Faiz borcu isə ekspert rəyində göstəriləndən azdır. Məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna aid hissədə təmin edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 141304,11 ABŞ dolları əsas borc məbləğinə 19752,10 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 10 000 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 11032,06 ABŞ dolları məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Belə ki, ekspert rəyində məhkəmə müraciət olunduğu tarixə borcun 64114,78 ABŞ dolları təşkil etdiyi göstərilib. Həmin məbləğdən müqavilə müddətinin bitdiyi tarixə olan borcu çıxdıqda yerdə qalan məbləğ 11225,82 ABŞ dolları təşkil edir ki, bu da iddiaçının tələb etdiyi məbləğdən artıqdır. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Məhkəmə hesab edir ki, borcun tutulması zaminlərə aid hissədə də təmin edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi iddia ərizəsində qeyd edilmiş əmlaklar iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetlərinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələb həmin ipoteka predmetlərinə yönəldilməli, mübahisəli əmlaklar açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi ipoteka müqavilələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında, 0,0225 ha torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 102 500 manat məbləğində, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38A/44-də yerləşən 22 saylı mənzilin və Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 20/9-da yerləşən 32 saylı mənzilin ilkin satış qiymətləri isə 86 000 manat göstərilmişdir. “Fame Pro” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzillərin qiymətləndirilməsi barədə hesabatlarında ipoteka predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında, 0,0225 ha torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin likvid qiyməti 119 000 manat məbləğdə, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38A/44-də yerləşən 22 saylı mənzilin likvid qiyməti 44 000 manat məbləğdə və Sumqayıt şəhəri, 19cu məhəllə, ev 20/9-da yerləşən 32 saylı mənzilin likvid dəyəri isə 27 000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənzillərin qiymətləri həmin məbləğlərdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait cavabdehlərin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehlərə qaytarılmalıdır. İpoteka predmeti olan əmlakların boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, həmin tələb əsaslı hesab edilə bilməz. Belə ki, həmin məsələlər ipoteka predmetlərinin satışından sonra həll edilməli olan məsələlərdir. Hal-hazırda iddiaçı ipoteka predmetlərinin mülkiyyətçisi olmadığı və gələcəkdə ipoteka predmetləri hərracda satıldıqda həmin əmlakları kimin əldə edəcəyi qeyri-müəyyən olduğu üçün əmlakların iddiaçıya təhvil verilməsi barədə məsələ hal-hazırda həll edilə bilməz. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilməlidir. Həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişə görə ödənilmiş 120 manat pul, ekspertiza xərci və müstəqil qiymətləndiricinin xidmət haqqı də cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 141 304,11 ABŞ dolları əsas borc, 52 715,60 ABŞ dolları faiz borcu, 10 000 ABŞ dolları cərimə, 11032,06 ABŞ dolları Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 215051 (iki yüz on beş min əlli bir) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində borc (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), həmçinin ödənilmiş dövlət rüsumunun 20 manatı və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat rüsum Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-yə ödənilsin. Tutma Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş müvafiq olaraq Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 20/9-da yerləşən 32 saylı mənzilə, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38A/44-də yerləşən 22 saylı mənzilə və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında, 0,0225 ha torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın. Onların satışından əldə edilmiş vəsait hesabına Cavabdeh3 LPO "xxxx" Kommersiya Bankı QSC-yə olan borcu ödənilsin. Mənzillərin satışlarından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq LPO "xxxx" Kommersiya Bankı QSC-yə ödənilsin. LPO "xxxx" Kommersiya Bankı QSC-yə olan borc ödənildikdən sonra mənzillərin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 20/9-da yerləşən 32 saylı mənzil ilkin satış qiyməti 27 000 (iyirmi yeddi min) manat, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 99/2 ünvanında, 0,0225 ha torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti isə 119 000 (yüz on doqquz min) manat, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38A/44-də yerləşən 22 saylı mənzilin ilkin satış qiyməti 44 000 (qırx dörd min) manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının 200 manat Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Müstəqil qiymətləndiricinin xidmət haqqı olan olan 1200 manat Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq "xxxx" MMCnin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar