Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2988/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 18.01.2022-ci il tarixinə 2386.32 manat əsas və 7.29 manat faiz borcu olmaqla, ümumilikdə 2393.61 manat məbləğində borcun və ödənilmiş 43.94 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24.12.2014-cü il tarixli nağd pul kredit müqaviləsinə əsasən cavabdehə illik 28% olmaqla 36 ay müddətinə 5.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 02.11.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən cavabdehin 02.11.2015-ci il tarixə mövcud olan borcu Azərbaycan Respublikasın Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 4.901 manat məbləğində müəyyən edilmiş, cavabdeh isə borcu 27 ay müddətinə, 02.02.2018-ci il tarixədək qaytarmağı və illik 28% ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 22.01.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən cavabdehin 22.01.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 4.950 manat məbləğində müəyyən edilmiş, cavabdeh isə həmin kredit məbləğini 48 ay müddətinə, 22.01.2020-ci il tarixədək qaytarmağı və illik 28% ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdehin 24.12.2014-cü il tarixli nağd pul krediti müqaviləsi üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə cavabdeh arasında 26.08.2019-cu il tarixli 140356-CNS-14726/3 №-li nağd pul krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 3137.78 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin kredit məbləğini illik 1% hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 26.08.2021-ci il tarixdən lazımınca icra etməmişdir. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 24.12.2014-cü il tarixli nağd pul kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, illik 28% olmaqla 5.500 ABŞ dolları məbləğində kredit vermişdir. - 02.11.2015-ci il tarixli 1 saylı razılaşmadan görünür ki, 02.11.2015-ci il tarixə mövcud olan kredit borcu Azərbaycan Respublikasın Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 4.901 manat məbləğində müəyyən edilmiş, cavabdeh isə borcu 27 ay müddətinə, 02.02.2018-ci il tarixədək qaytarmağı və illik 28% ödəməyi öhdəsinə götürmüşdür. - 22.01.2016-cı il tarixli 2 saylı razılaşmadan görünür ki, cavabdehin 22.01.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 4.950 manat məbləğində müəyyən edilmiş, cavabdeh isə həmin kredit məbləğini 48 ay müddətinə, 22.01.2020-ci il tarixədək qaytarmağı və illik 28% ödəməyi öhdəsinə götürmüşdür. - 24.12.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, 5.227 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. - Pretenziya məktubunun surətindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. - 26.08.2019-cu il tarixli 140356-CNS-14726/3 №-li nağd pul krediti müqaviləsindən görünür ki, kreditin məbləği 3137.78 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin kredit məbləğini illik 1% hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. - Həmin kredit müqaviləsinin 4.1.1-ci bəndindən görünür ki, müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. - Arayışda göstərilmişdir ki, 18.01.2022-ci il tarixinə cavabdehin iddiaçıya borcu 2386.32 manat əsas və 7.29 manat faiz borcu olmaqla, cəmi 2393.61 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış 26.08.2019-cu il tarixli nağd pul krediti müqaviləsinə kreditin məbləği 3137.78 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin kredit məbləğini illik 1% hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 18.01.2022-ci il tarixinə 2386.32 manat əsas və 7.29 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 26.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin 4.1.1-ci bəndinin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 26.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən 43.94 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2386.32 manat əsas və 7.29 manat faiz borcu olmaqla, cəmi 2393.61 manat borc, ödənilmiş 43.94 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-2988/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2988/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver