Məhkəmə qərarları › İş №e-2(060)-2999/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2999/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2999/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15800 manat borcun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclası 10.06.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS780867604AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə propeslərinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş 15.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Ağayeva X1 Həmid Dilqəm oğluna 9800 manat, 16.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 6000 manat məbləğində borc pul vermişdir. 15.03.2021-ci il tarixli kredit müqaviləsi üzrə «borc alan» götürdüyü pulu 15.03.2021-ci il tarixədək, 16.03.2021-ci il tarixli kredit müqaviləsi üzrə isə götürdüyü pulu 16.06.2021-ci il tarixədək, «borc verənə» qaytarmağı öhdəsinə götürmüşdür. Hər iki kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İddia ərizəsinə İddiaçı (kreditor) Cavabdeh (borclu) kredit müqavilələri üzrə ödəniş müddətinin keçirilməsi haqqında bildiriş göndərməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilib-itirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri) Məhkəmə hesab edir ki, İddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməsi barədə iddia ərizəsinə hər hansı sənəd əlavə etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar