Məhkəmə qərarları › İş №e-2(060)-3017/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3017/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3017/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********04 nömrəli, xx.xx.2021-ci tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə 589,77 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********04 nömrəli xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X4 illik 24 faizlə 36 ay müddətinə 2000 manat kredit verilmişdir. AZ-İİ № 223555 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2021-ci il tarixində vəfat etdiyi müəyyən edilmişdir. 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 3206 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh1 və Cavabdeh2 X2 vərəsələri olduğu məlum olmuşdur. Yuxarıda adı şəkilən BPM**********04 nömrəli xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə görə cavabdehin əsas borc üzrə 589,77 manat olmaqla, cəmi 589,77 manat borcu mövcuddur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatlarında iddia tələbini qəbul etmədiyini və ölən şəxsdən heç bir miras qalmadığını bildirmişdir. Hər ay 50 manat ödəniş etmişdir.

Tədqiq olunan sübutlar:

5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış BPM**********04 nömrəli, xx.xx.2021-ci il tarixli istehlak krediti (tam kart vasitəsilə) müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, bundan sonra birlikdə “Hesab” və ya “Hesablar” adlanacaq) kredit xəttinin (bundan sonra “Kredit” adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, X4 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır.

7. AZ-İİ 223555 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 2535 nömrə ilə qeyd edilmişdir.

8. 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 3206 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X1 miras qalmış əmlakın qəbuluna dair vərəsələri Cavabdeh1 və Cavabdeh2 ərizə vermiş və vərəsələr dairəsinə daxil edilmişdilrlər.

9. 14.02.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərdən X2 tam kart çərçivə müqaviləsi üzrə yaranmış 589,77 manat məbləğində borcunu 5 gün müddətində tam şəkildə ödəmələri tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdirlər.

10. İddiaçı "xxxx" ASC tərəfindən tərtib maliyyə arayışlarında qeyd olunmuşdur ki, X2 xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 589,77 manat əsas borcu vardır.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, BPM**********04 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X4 illik 24 faiz olmaqla 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 və Cavabdeh2 X2 vərəsələridir.

17. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilələrin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM**********04 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır.

20. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

22. “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 58-ci maddəsinə müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi əsasında verilir və bu zaman qanunvericilik notariusun üzərinə mirasın kütləsinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir öhdəlik qoymur. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qoyanın kreditorları qarşısında olan öhdəliklərindən yayınmaq məqsədi ilə mirasın kütləsinə daxil olan əmlakları gizlədə və vərəsəlik şəhadətnaməsinin alınması zamanı verdiyi ərizəsində həmin əmlakları göstərməyə bilər.

23. Məhz ona görə də qanunverici kreditorların hüquqlarının müdafiəsi üçün bu qəbildən olan işlər üzrə sübutetmə yükünü vərəsənin üzərinə qoymuşdur.

24. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə miras qoyanın əmlakının olmamasını və ya miras qoyanın borclarının miras əmlakın həcmindən çox olmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Hazırki halda məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, əksinə məhkəməyə sorğu əsasında təqdim edilmiş vərəsəlik işinin materiallarında Sumqayıt şəhər bələdiyyəsinin 2002-ci il tarixli qərarı ilə X4 İnşaatçılar qəsəbəsində torpaq sahəsinin ayrıldığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 589 (beş yüz səksən doqquz) manat , 77 (yetmiş yeddi) qəpik əsas borc və ödənilmiş 30 (otuz) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 589 (beş yüz səksən doqquz) manat , 77 (yetmiş yeddi) qəpik pul vəsaiti və ödənilmiş 30 (doxsan səkkiz) manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar