Məhkəmə qərarları › İş №e-2(060)-3036/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3036/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3036/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayilov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2015-ci il tarixli 1xx/xx/101402/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8911,79 manat əsas borc, 9826,85 manat faiz borcu, 3442,18 manat cərimə borcu, 1253,64 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 23434,46 manat pulun, 161 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 09 aprel 2015-ci il tarixli 1xx/xx/101402/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 27 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 10000 manat kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə 09 aprel 2015-ci il tarixli 1xx/xx/101402/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən cavabdehə 9873 manat kredit verilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 09 aprel 2015-ci il tarixli 1xx/xx/101402/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 8911.79 manat əsas, 9826.85 manat faiz borcu, 3442.18 manat cərimə borcu, 1253.64 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz, cəmi 23434.46 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. 31 may 2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Cavabdeh2 onun qardaşıdır. Onlar əsas borcu ödəməkdən boyun qaçırmırlar. Amma faiz borcu ilə razı deyillər. 2016-cı ildən bəri ödənişləri həyata keçirə bilmirlər. Bunun isə əsas səbəbi bankın bağlanmasıdır. Onlar ödənişləri hissə-hissə həyata keçirmək istəsələr də, bankla razılığa gələ bilməmişdirlər. Bu səbəbdən də ödənişləri həyata keçirə bilmədiklərindən faizlər bu qədər artmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 1xx/xx/101402/15 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 27 faiz ödənilməsi şərti ilə 10.000 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 1xx/xx/101402/15 kredit müqaviləsinə 01 saylı 20 aprel 2016-ci il tarixli Əlavə Saşizin məzmunundan görünür ki, xx.xx.2015-ci il tarixli müqavilənin müddəti xx.xx.2019-cu il tarixə qədər uzadılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 02 fevral 2022-ci il tarixə 09 aprel 2015ci il tarixli kredit müqaviləsi üzrə 8911,79 manat əsas, kreditin bitmə tarixinə 9826,85 manat faiz, 3442,18 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1253,64 manat borc olmaqla cəmi 23434,46 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 3442,18 manat məbləğində cərimə azaldılaraq 300 manat müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bitdiyi xx.xx.2019-cu il tarixdən sonrakı dövr nəzərə alınmaqla 02 fevral 2022-ci il tarixədək ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 1253,64 manat pulun tutulması hissədə tələb əsaslı olduğundan təmin edilməlidir. Bank ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə və 20 aprel 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən zamin 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh1 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,54 manat iddiaçıya aid edilməli, 138,46 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8911,79 manat əsas, kreditin bitmə tarixinə 9826,85 manat faiz, 300 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1253,64 manat borc olmaqla cəmi 20292,28 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,46 manat LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8911,79 manat əsas, kreditin bitmə tarixinə 9826,85 manat faiz, 300 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1253,64 manat borc olmaqla cəmi 20292,28 (iyirmi min iki yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,46 (bir yüz otuz səkkiz manat qırx altı qəpik) manat LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlilk edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar