Məhkəmə qərarları › İş №e-2(060)-3038/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3038/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3038/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484.46 manat məbləğində əlavə faiz borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 sentyabr 2022-ci il tariхli, 200804- 402958/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 20000.00 (İyirmi min (.00)) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 28 sentyabr 2022-ci il tariхli, 200804- 402958/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 28 sentyabr 2022-ci il tariхli, 200804- 402958/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün 06 fevral 2024-cü il tarixində bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əsasən cavabdehlərdən kredit müqaviləsi üzrə 17353.69 manat məbləğində əsas bоrc və 2710.64 manat faiz borcu оlmaqla, cəmi 20064.33 (İyirmi min altmış dörd (.33)) manat borcun və 150.20 manat dövlət rüsumun ödənilməsinə dair qətnamənin çıxarılması məhkəmədən xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli e-2(060)-2014/2024 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlərCavabdeh1 və Cavabdeh2 qarşı 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı iddiası qismən təmin edilmiş və faiz borcu azaldılaraq 574.32 manat məbləğində təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı və onunla əsaslandırmışdır ki,cavabdehə bank tərəfindən sonuncu xəbərdarlıq xx.xx.2023-cü il tarixində ünvanlanmış, xəbərdarlıq məktubunda faiz hissəsində,cavabdehdən 574.32 manat faiz borcunun ödənilməsi tələb olunurdu. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubun göndərilməsini kredit müqaviləsinin bitməsi kimi qiymətləndirilmişdir. 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli istehlak krеditimüqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz hesablanır. Belə ki, 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484.46 manat borcu hesablanmışdır. Cavabdehlərə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, cavabdehdən 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli istehlak krеditimüqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484.46 manat məbləğində əlavə faiz borcu yaranmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 3.İş materiallarına əlavə olunmuş bağlanmış 28 sentyabr 2022-ci il tariхli, 200804- 402958/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 18 % dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. 4.İş materiallarında olan 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 18 % dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 məsuliyyəti tam olaraq üzərinə götürmüşdürlər. 5.İşdə olan xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli krеditi müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484.46 manat məbləğində əlavə faiz borcu borcu mövcuddur.

6. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2014/2024 syalı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, həmin qətnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşatərək qaydada 17353.69 manat əsas, 574.32 manat faiz borcu olmaqla, cəmi 17928.01 manat b orcun və ödənilmi. 143.78 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 7.İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. 8.Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli krеditi müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı bank məhkəməyə müraciət edərək cavabdehlərdən sözügedən müqavilə üzrə yaranmış borcun tutulmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2014/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17353.69 manat əsas və 574.32 manat faiz borcu olmaqla, cəmi 17928.01 manat borcun tutulması qət edilmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484.46 manat məbləğində əlavə faiz borcunun tutulmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 11.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 12.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 13.Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 14.Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). 15.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

16. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. 18.Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur.

19. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2014/2024 saylı qətnaməsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müşətərək qaydada 17353.69 manat əsas, 2710.64 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Lakin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə iddiaçı bank cavabdehlərə 17353.69 manat əsas və 574.32 manat faiz borcunun ödənilməsi barədə bildiriş ünvanlamışdır.

20. Məhkəmə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna istinad edərək, iddia tələbini qismən təmin etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17353.69 manat əsas, 574.32 manat faiz borcu olmaqla, cəmi 17928.01 manat borcun və ödənilmiş 143.78 manat dövlət rüsumunun tutulmasını qət etmişdir.

21. Hazırda iddiaçı göstərilən mövqeyə istinad edərək, xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484.46 manat məbləğində əlavə faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

22. Məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün iddiaçının illik beş faiz ödənilməsi barədə hazırki iddia tələbi əsaslıdır və təmin edilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında arasında bağlanmış 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484.46 manat məbləğində əlavə faiz borcunun cavabdehlərdən tutulması barədə iddia tələbi təmin edilməlidir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

29. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Nəticə hissəsi:

30. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 sentyabr 2022-ci il tariхli, 200804-402958/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 484,46 (dörd yüz səksən dörd manat qırx altı qəpik) manat məbləğində əlavə faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar