Məhkəmə qərarları › İş №e-2(060)-3091/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3091/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3091/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu 3750 manat maddi zərərin və 20.000 manat mənəvi zərərin tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsi və Cavabdeh ödənilmiş məhkəmə xərcləri olan 700 manat hüquqi yardım və 164 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikah dövründə əldə edilən “Nissan Qashqai” markalı avtomobilin satışından əldə olunmuş 10.500 manat tərəflərin arasında 1⁄2 nisbətində bölünməsi və 5.250 manat Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Avtomobilin qiymətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli rəyindən görünür ki, qiymətləndirici mütəxəssis buraxılış ili 2011-ci il olan, qara rəngli, “Nissan Qashqai” Offroder SUV markalı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə və fototəsvirlərə əsasən 2020-ci il oktyabr ayı tarixinədək eyni marka və modelli avtonəqliyyat vasitələrinin bazar dəyərini araşdıraraq müəyyən etmişdir ki, buraxılış ili 2011-ci il olan, qara rəngli, “Nissan Qashqai” Offroder SUV markalı avtonəqliyyat vasitəsinin orta bazar qiymətinin 19.000 manat, likvid qiymətinin isə 18.000 manat olduğu müəyyən edilmişdir. Boşanma işinə baxarkən məhkəmə, ekspert rəyindəki müəyyənləşdirilmiş qiyməti yox, avtomobilin satılan zaman likvid dəyərinin müəyyənləşdirilməsində onun alqı-satqı müqaviləsində göstərilən satış qiymətini (10.500 manat) qəbul etmiş, və ½ nisbətində tərəflər arasında bölünməsini qət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən nəqliyyat vasitəsinin alqı- satqı müqaviləsindən görünür ki, Cavabdeh “Nissan Qashqai” markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili X7 xx.xx.2020-ci il tarixdə 10.500 manat qiymətinə satmışdır. (2(060)-70/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnamədən). Bildirir ki, hazırki mübahisə üzrə **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin cavabdeh tərəfindən X7 xx.xx.2020-ci il tarixdə 10.500 manat qiymətinə satması işin mübahisəsiz halıdır. Məhkəmədə iddiaçı və cavabdehin qızı, xx.xx.2006-cı il təvəllüdlü X8 qızı Bakı şəhəri, Binəqədi rayonu 2 №-li tam orta məktəbdə oxuduğunu, atasının yanında qalmaq istədiyini, çünki anasının başqa kişilərlə görüşdüyünü, Orxan adlı şəxsin onların evinə gəldiyini və onlarda qaldığını, hətta anasını başqa kişilərlə görüşən zaman bəzi məkanlarda da gözlədiyini qeyd etmişdir. (2(060)-70/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnamədən]. Eyni fikirləri daha geniş formada X8 qızı Sumqayıt Şəhər Məhkəməsinin qərardadı əsasında keçirilmiş məhkəməpsixoloji ekspertizası zamanı da bildirmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Yasamal RPİ-nin qəbul etdiyi 20 oktyabr 2021-ci il tarixli qərarda göstərilmişdir ki, orada ifadəsi alınan cavabdeh özü təsdiq etmişdir ki, avtomobili satdığı deyilən X10 onun tanışıdır. 31 may 2020-ci il tarixində ifadəsi alınanan X10 göstərmişdir ki, cavabdehi 2020-ci ilin yanvar ayından ortaq dostları vasitəsilə tanımış və daha sonra aralarında dostluq münasibətləri yaranmışdır. Göründüyü kimi, cavabdehin mübahisəli avtomobili satdığı şəxs qız övladlarının məhkəmədə bildirdiyi və cavabdehin özünün Yasamal RPİ-də verdiyi ifadəsilə təsdiq etdiyi, cavabdehin oturub durduğu, münasibətdə olduğu, tanışı - X10 olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin 31 may 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, cavabdeh özü izahatında avtomobili satdığı deyilən X5 onun tanışı olmasını təsdiq etmişdir. Bu isə özlüyündə avtomobilin real satış dəyərindən aşağı qiymətə satılmasının əsl səbəbini göstərir, yəni avtomobilin satışı formal xarakter daşımışdır. Cavabdehin tələsik olaraq keçmiş əri olan iddiaçıdan gizlin şəkildə avtomobili oturub-durduğu, özünün tanışı dediyi şəxsin adına sənədləşdirməsi iddiaçının (keçmiş ərin) avtomobilin satılmasına müdaxiləsinin qarşısını almaq üçün edilmişdir. Birgə nikah dövründə alınmış avtomobilin cavabdeh (keçmiş həyat yoldaşı) tərəfindən satılmasına onun razılığı olmamışdır, avtomobilin qaçırılaraq satılmasından xəbər tutan kimi o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Onun müraciəti əsasında araşdırma aparılmış, avtomobilin keçmiş həyat yoldaşı tərəfindən qaçırıldığı müəyyən edildiyindən Yasamal RPİ - xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanılmasını rədd etmişdir. 2019-cu ilin 27 yanvar ayının sonunda cavabdehin atasıgilə getmişdilər, bu vaxt o, cavabdehin telefonda başqa şəxslərlə telefonda yazışmasını gördü, çox ağır stress vəziyyətinə düşmü., sinir pozğunluğu keçirtmiş, depressiyaya düşmüşdür. Bundan sonra çox ağır sarsıntılar içərisində qalmışdır, bu biabırçılığı nə həzm edə bilirdi, nə də qohuməqrabaya bildirə bilirdi. Nəhayət onun depressiv vəziyyətini görən qardaşı onu həkimə aparmış və o, müalicə almağa məcbur qalmışdır. Onun həmin dövrdə bu səbəbdən müalicə almağı AVRASİYA HOSPİTALİ tərəfindən verilmiş 049 saylı xx.xx.2024 saylı arayışla da təsdiq edilir. Bu arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2019 tarixində Avrasiya Hospitalında həkim nevropatoloqda müayinə və müalicə olunmuşdur. Diaqnoz travmatik stress xəstəliyi, kəskin depressiv vəziyyət, konversion pozğunluqlar olmuşdur. Cavabdeh onunla evli olmağına, birgə nikahdan 3 övladlarının olmasına baxmayaraq müxtəlif şəxlərlə münasibətdə olması, o cümlədən cavabdehin övladlarının gözü qarşısında X10 ilə görüşməsi, həmin şəxsin o, evdə olmayanda evə gəlməsi və həmin şəxsin narkotik aludəçisi olması səbəbindən cavabdehin onun övladlarına pis tərbiyyə verməsi ona bir insan kimi çox pis psixoloji təsir etmiş, o, çox ağır stress, mənəvi sarsıntı keçirərək psixotrop maddələr qəbul etməyə məcbur olmuşdur. Sonralar qızının söylədiyinə görə onun qəbul etdiyi sinir pozğunluğu dərmanlarını cavabdeh böyük dozalarda onun yeməyinə qataraq onun yuxuya verərək evdən gedirmiş. O, evdə olmayanda evə başqa kişinin gəlməsi və həmin şəxsin narkotik aludəçisi olması, onun uşaqlarının tərbiyəsinə mənfi təsir göstərməsinə görə Yasamal RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu fakt Bakı şəhəri Yasamal RPİ-nin 20 oktyabr 2021-ci il tarixli qərarında da təsdiq edilmişdir. Bu barədə müxtəlif orqanlara şikayətinə 06 iyun 2022-ci il tarixində Bakı şəhər Yasamal rayon prokurorluğu tərəfindən 940-Ş-22 saylı məktubla ona cavab verilmiş, cinayət işinin başlanılması məqbul sayılmamışdır. Beləliklə də hesab edir ki, cavabdehin birgə nikah dövründə onun razılığı olmadan ailələrinə məxsus avtomobili öz münasibətdə olduğu adamın adına keçirməsi və bunu guya 10.500 manatlıq alqı-satqı ilə pərdələməsi ona maddi, həmçinin ailəli olduğu və birgə nikahlarından 3 övladlarının olmasına baxmayaraq onu bir kişi kimi alçaldaraq başqa kişilərlə münasibət qurması ona mənəvi zərər vurmuşdur. Avtomobilin ekspertin müəyyən etdiyi real qiymətinin 18000 manat olmasını, cavabdehin guya kredit borcunu ödəmək məcburiyyətində qalaraq birgə nikah dövründə aldıqları avtomobili dəyərindən aşağı qiymətə, yəni 10500 manata və ən əsası onun razılığı olmadan satması nəticəsində ailə büdcələrinə 7500 manat (18000-10500) maddi zərər vurmuşdur. Avtomobilin satılmasından 3 ildən artıq vaxt keçsə də hətta bu günkü açıq internet saytlarındakı elanlarda da satılan avtomobilin bu gün real dəyərinin 18000- 19000 manat olması təsdiq edilir, bu barədə bir neçə satış elanlarını bu iddia ərizəsinə əlavə edir. Beləliklə, cavabdehin onun razılığı olmadan satdığı birgə nikah dövründə alınan daşınar əmlakın dəyərindən aşağı satılmasına görə ailə büdcələrinə dəyən zərərin ½ hissəsi, yəni 3750 manatı ona vurulmuşdur. Cavabdehin sadaladığı və onun ağır stress vəziyyətinə düşməmə səbəb olan etikadan kənar və övladlarının təlim tərbiyəsinə mənfi təsir göstərən hərəkətləri onu hədsiz mənəvi sarsıntılara məruz qoymuş, bu günədək o, cavabdehin onu saldığı bu vəziyyətdən çıxa bilmir, bir ailə başçısı kimi dost-tanışın, qohum əqrabanın üzünə baxa bilmir, bu isə onun sağlamlığını pozmuş, onu xəstəliklərə düçar etmiş, ona mənəvi zəzər vurmuşdur. Onun razılığı olmadan mübahisəli avtomobilin keçmiş həyat yoldaşı - cavabdeh tərəfindən 10.500 manata satılması işin mübahisəsiz halı olduğundan və bunun məhkəmə ekspertizasının müəyyən etdiyi 18.000 manat likvid qiymətindən 7500 manat aşağı qiymətə olması nəticəsində cavabdeh ailə büdcələrinə 7500 manat zərər vurmuşdur. Bu avtomobil birgə nikah dövründə alındığından bu vəsaitin ½ hissəsi, yəni 3750 manat ona məxsus olmalı idi. Odur ki, hesab edir ki, cavabdehin birgə nikah dövründə aldıqları avtomobili dəyərindən aşağı qiymətə satması nəticəsində ona 3750 manat maddi zərər dəymişdir. İddiaçı və nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, həqiqətəndə onunla iddiaçı arasında bağlanmış nikaha xitam verilmiş və birgə nikah dövründə əldə etdikləri '‘Nissan Qasqai" markalı avtomaşın Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-70/2022 saylı qətnaməsi ilə 10500 manata qiymətlənmişdir. Avtomaşın satılmış və satışdan əldə edilən pul 1/2 (ikidə bir) hissədə tərəflərə bölünərək verilmişdir (avtomaşın Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən qiymətlənərək satılmışdır). Onu da bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı Kassasiya şikayəti verməmişdir. Həmin qətnamə qanuni qüvvə almışdır. Əgər iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə qətnaməsindən narazı olsaydı şikavət verə bilərdi. İddiaçının mənəvi zərərə görə tələbini tələbini də əsassız hesab edir. İddiaçı tələbini əsaslandıran hər hansı bir mötəbər sübutu iddiaya təqdim etməmiş, yalnız əsası olmayan ifadələrlə fikrini bitirmişdir. Əslində iddiaçının tələbi əsassızdır və tələbi yalanlar üzərində qurulmuş, onun şərəf və ləyaqətinin alçaldılmasına yönəlmişdir. Həmçinin iddia tələbinin 700 manat xərclərə aid hissəsini də qəbul etmir. Beləki, ödənilmiş xərclərin cavabdehdən tutulması hissəsi iddiaçı tərəfindən şişirdilmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə 08:18 radələrində İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək xx.xx.2020-ci il tarixdə saat 20:20 radələrində ünvan 1 ünvanın qarşısında saxladığı Nissan markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin bir qadın və iki kişi tərəfindən qaçırılması və hadisənin ayrı yaşadığı arvadı Cavabdeh tərəfindən törədilməsini iddia etməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2022-ci il tarixli, 9/8101 saylı ekspert rəyinin surətindən görünür ki, “Nissan Qashqai” markalı, 2011-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 19000 manat, likvid qiyməti 18000 manat müəyyən olunur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Füzuli rayon VVADQ şöbəsində xx.xx.2006-cı il tarixdə bağlanmış, 50 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X8 qızının yetkinlik yaşına çatana qədər atası İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası X1 yanında qalması, xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında alimentin X2 tutularaq Cavabdeh verilməsi, Cavabdeh 5250 manat pulun tutularaq İddiaçı ödənilməsi, ilkin iddia və qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-70/2022 nömrəli qətnaməsi qarşılıqlı iddiaya dair hissədə dəyişdirilməsi, xx.xx.2006-cı il təvəllüdlü X8 qızının saxlanılması ilə bağlı Cavabdeh İddiaçı xeyrinə 175 (bir yüz yetmiş beş) manat pul sabit pul məbləğində aliment tutulması, Alimentin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissədə məhkəmə qətnaməsi dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2715/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 139/2023 nömrəli mülki iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırda iş materiallarından göründüyü kimi iddiaçının birgə nikah dövründə aldıqları “Nissan Qashqai” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə dair məhkəmə qətnaməsi ilə aralarında payları müəyyən olunmuş və həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, hazırki üzrə məhkəmə qətnaməsi olduğu üçün məhkəmə hazırki iddia tələbini mübahisələndirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının mənəvi ziyana görə 20000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). İddiaçı iddia tələbində cavabdehin onun ağır stress vəziyyətinə düşməsinə səbəb olan etikadan kənar və övladlarının təlim tərbiyəsinə mənfi təsir göstərən hərəkətləri onu hədsiz mənəvi sarsıntılara məruz qoyması və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə alınması hissəsində təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar