Məhkəmə qərarları › İş №e-2(060)-31/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-31/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-31/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 152,83 manat əsas borc, 19,33 manat faiz borcu, 13,26 manat cərimə, 2,50 manat komissiyalar üzrə, bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci üzrə 4,80 manat olmaqla, cəmi 192,72 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə iddiaçı və cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən cavabdehə istehlak yönümlü 1000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya həmin banka “Worldcard” almaq üçün müraciət etməyib. Cavabdeh 2016-cı ildə Sumqayıtda “SOCAR POLİMER” zavodunun tikintisində işləyərkən bank əməkdaşları iş yerinə gəlib onun kimi bir çox mühəndisləri də aldadaraq həmin “Worldcard” ı onlara paylayıblar. Onlara bildiriblər ki həmin kartda 1000 manat pul var. Cavabdeh demək olar ki, kartdan istiafadə etməyib. Sonra cavabdehə zəng edib bildiriblər ki, o hər ay kartdan 500 manat nəğd pul çıxarıb ya 1 ay, ya da 5 ay ərzində 2,33%-lə qaytara bilər. Cavabdeh 2017-ci ilin payız aylarından lazım olan vaxtlar kartdan 500 manat çıxarıb vaxtında faizi ilə birlikdə qaytarırdı. xx.xx.2018-ci ildən 450 manat nəğd pul götürmüş, həmin vaxt 145 manat da telefon kreditindən qalmış, borcu cəmi 595 manat borcum olmuşdur. Həmin vaxtlar işsiz olduğu üçün pulları gecikmələrlə ödəyib. Bank mütəxəsislərin hesabına görə xx.xx.2019-cu ildə cavabdehin 451,93 manat borcu qalmışdır. Cavabdeh sonrakı aylarda ödəmələr edərək 595 manat borc əvəzinə 693 manat ödəyib. Əlavə olaraq 69 manat da ödəyib. Amma bank faizləri azalmaqdansa getdikcə artdı. Bank özü bağlanan müqaviləni pozaraq kartda əməliyyat etməyi dayandırıb kartı cavabdehdən aldı. Cavabdeh isə 595 manat əvəzinə 762 manat ödəyib və banka borcu qalmayıb. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə verdiyi etiraz ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1962-ci ildə, Qazax rayonu Yenikənd kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bank tərəfindən cavabdehə istehlak yönümlü 1000 manat məbləğində kredit kartı limiti ayrılmışdır İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə borcu əsas borc üzrə 152,83 manat, faiz borcu üzrə 19,33 manat, cərimə üzrə 13,26 manat, komissiyalar üzrə 2,50 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci üzrə 4,80 manat olmaqla, cəmi 192,72 manat borcu var. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7216 saylı, xx.xx.2022 il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtləri əsas götürülməklə cavabdehin xx.xx.2022-ci il tarixədək iddiaçıya olan əsas borcu 152,83 manat, faiz borcu 19,33 manat, cərimə borcu isə 13,26 manat təşkil edir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək kredit borcunun ödənilməsi tələb edilmişdir. Həmin məktubun göndərilməsi üçün poçt xərci 4,80 manat təşkil etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka əsas borc üzrə 152,83 manat, faiz borcu üzrə 19,33 manat borcu qalmışdır. Ekspert rəyində də müqavilə üzrə əsas borc üzrə 152,83 manat, faiz borcu üzrə 19,33 manat borcun yarandığı göstərilmişdir. Məhkəmə hesab edir ki, borcun məbləği həmin məbləğdə qiymətləndirilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 152,83 manat əsas borc məbləğinə 13,26 manat dəbbə pulu hesablanması məqsədə müvafiqdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən poçt göndərişləri üçün ödənilmiş 4,80 manat, komissiyalar üzrə 2,50 manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 152,83 manat, faiz borcu üzrə 19,33 manat, cərimə üzrə 13,26 manat, komissiyalar üzrə 2,50 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci üzrə 4,80 manat olmaqla, cəmi 192 (yüz doxsan iki) manat 72 (yetmiş iki) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar