Məhkəmə qərarları › İş №e-2(060)-3106/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3106/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3106/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 13 noyabr 2019-cu il tarixli ***-*******NK/121119-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3199.09 (üç min yüz doxsan doqquz manat 09 qəpik) manat məbləğində borcun-bundan 2259.65 (iki min iki yüz əlli doqquz manat 65 qəpik) manat əsas borcun, 635.02 (altı yüz otuz beş manat 02 qəpik) manat faiz borcunun və 304.42 (üç yüz dörd manat 42 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 51.99 (əlli bir manat 99 qəpik) manat dövlət rüsumun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, ən azı dörd ödəniş nəzərə alınmamışdır. 4+1 (sonuncu) ödəniş qəbzlərinin surətlərini göndərir. Belə ki, son aylar artan məbləğ ilə ödənişlər etmişdir. Bildirir ki, bu stabilliklər davam edəcəkdir. Anar bəydən xahiş edir ki, ödənişlərin – bütün ödənişlərin cəm olaraq təsdiqini göndərsin. Ola bilər ki, çatmamış, yaxud hesaba oturmamışdır. Bundan əlavə İddiaçı ASC ona 515 manat borcludur. Surətini Anar bəyə göndərmişdir ki, təsdiqləsin və borcundan silsin. Bunlara görə məhkəmə iclasının Anar bəyin cavabından sonra təyin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şərq filialı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, ***-*******NK/121119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 09 fevral 2024-cü il tarixli, **********500 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh 13 noyabr 2019-cu il tarixli, ***-*******NK/121119-01 nömrəli kredit müqaviləsi üzrə 5 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 3199.09 (üç min yüz doxsan doqquz manat 09 qəpik) manat məbləğində borcu vardır. Bundan 2259.65 (iki min iki yüz əlli doqquz manat 65 qəpik) manat əsas, 635.02 (altı yüz otuz beş manat 02 qəpik) manat faiz və 304.42 (üç yüz dörd manat 42 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2.4-cü və 3.1.4cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 13 noyabr 2019-cu il tarixli, ***-*******NK121119-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2986.91 (iki min doqquz səksən altı manat 91 qəpik) manat məbləğində borcun-bundan 2259.65 (iki min iki yüz əlli doqquz 65 qəpik) manat əsas borcun, 385.02 (üç yüz səksən beş manat 02 qəpik) manat faiz borcun, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış 342.24 (üç yüz qırx iki manat 24 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 51.99 (əlli bir manat 99 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, maliyyət arayışını da məhkəməyə təqdim etmişlər. Cavabdeh tərəfindən məhkəməyə müraciət olunduqdan sonda edilmiş ödənişləri də nəzərə almışdırlar. Hal-hazırda cavabdehin 2986.91 manat borcu vardır. Bundan 2259.65 manat əsas borc, 385.02 manat faiz borcu, 342.24 manat Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən illik 5% hesablanmış cərimə borcu, iddia tələbi ilə bağlı ödənilmiş 51.99 manat dövlət rüsumu məbləğində borcu vardır. Təcrübədə əvəzləşdirilməyə rast gəlməmişdir. Həmin məktub bu işə şamil olunmamalıdır. Cavabdeh izahatında bildirdi ki, onun ödənişləri olmuşdur. Onun hesablamalarına görə 1700 manat borcu vardır. Pandemiya dövrü üçün də qarşı tərəf faiz hesablamışdır. Həmin dövrdə heç kim işləməmişdir. Ümumillikdə 3576 manat pul ödəməli idi. 1700 manat ödəmişdir. 1000 manatını pandemiya dövründə, daha sonra da 700 manat ödəniş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 18 ayadək, illik 23% olmaqla 3000 manat kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 2259.65 manat əsas, 635.02 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 304.42 manat borc olmaqla, cəmi 3199.09 manat borcu vardır. - Cavabdeh məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2024-cü il tarixdə edilmişdir. - Xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır. - xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, 150 və 150 manat olmaqla, 300 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, 50, 70 və 130 manat məbləğlərində ödənişlər edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 2259.65 manat əsas və 385.02 manat faiz və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 304.42 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, o, kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddia kredit müqaviləsi üzrə əsas və faiz borcunun Cavabdeh tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanan borcun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən həmin hissədə 50 manat məbləğində pulun tutulması, tərəflərin mənafelərinə uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb təmin edilməli, Cavabdeh ödənilmiş 51.99 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2259.65 manat əsas, 385.02 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 50 manat cərimə borcu olmaqla, cəmi 2694.67 manat borc və ödənilmiş 51.99 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2259.65 manat əsas, 385.02 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 50 manat faiz borcu olmaqla, cəmi 2694.67 manat borc və ödənilmiş 51.99 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar