Məhkəmə qərarları › İş №e-2(060)-3111/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3111/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3111/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 16624,41 manat əsas borc, 1602,17 manat cari faiz borcu və 120 manat cərimə olmaqla, cəmi 18346,58 manat kredit borcunun və 125,20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2024-cü il tarixli, SUMG2-1257-313 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 22 faizlə, 36 ay müddətinə 20000 manat kredit verilmiş və kreditin aylıq 764 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 birgə məsuliyyətini nəzərdı tutan 20 fevral 2024-cü il SUMG2-1257-313+SUMG2-1344 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit VÖEN-ə bağlı olan hesaba köçürülməklə verilsə də, müqavilədə də qeyd edildiyi kimi kreditin məqsədli təyinatı 3610 manat "xxxx" ASC-də olan borcun bağlanması və 16390 manat isə şəxsi istifadə müəyyən edildiyi üçün o iddiaya ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 01 aprel 2025-ci il tarixinə verilmiş kredit üzrə 16624,41 manat əsas borc, 1602,17 manat cari faiz borcu və 1620,94 manat cari dəbbə borcu olmaqla, cəmi 19847,52 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında Azərbaycan Respublikası MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1 faizi miqdarında dəbbə pulu tətbiq edə bilər. Tərəflərin mövqeləri:

3. Məhkəmə hazırlıq iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə zamindir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, borcu qəbul edir. Hal-hazırda maddi sıxıntıları olduğu üçün ödəniş edə bilmir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X1 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2024-cü il tarixli, SUMG2-1257-313 saylı kredit müqaviləsindən görünür ki, kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında illik 22 faiz ödəmək şərtilə 20000 manat məbləğində 36 ay müddətinə kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 20 fevral 2024-cü il tarixli, SUMG2-1257-313+SUMG2-1344 saylı zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası 20 fevral 2024-cü il tarixli, SUMG2-1257-313 saylı kredit müqaviləsidir və zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

9. Ödəniş qrafikindən görünür ki, 20 fevral 2024-cü il tarixli, SUMG2-1257-313 saylı kredit müqaviləsi üzrə ödənişlərin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək müəyyənləşdirilmişdir.

10. 18.02.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehdən 18624,46 manat borcun ödənilməsini 21 fevral 2025-ci il tarixinədək tələb edilmiş, borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2024-cü il tarixli, SUMG2-1257-313 saylı kredit müqaviləsindən görünür ki, kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlinə götürmüşdür.

15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 120 manat təşkil edən cərimə məbləğini məqsədəmüvafiq hesab edir.

19. Məhkəmə iddianın zaminlər Cavabdeh2 Cavabdeh3 qarşı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 20 fevral 2024-cü il tarixli, SUMG2-1257-313+SUMG2-1344 saylı zaminlik müqaviləsindən görünür ki, zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmadığı halda borcu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

20. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

21. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3n tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürdüyündən iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 dair hissədə də təmin edilməlidir.

22. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 16624,41 manat əsas borc, 1602,17 manat faiz, 120 manat cərimə borcu olmaqla, cəmi 18346 (on səkkiz min üç yüz qırx altı) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125 (yüz iyirmi beş) manat, 20 (iyirmi) qəpik tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 16624,41 manat əsas borc, 1602,17 manat faiz, 120 manat cərimə borcu olmaqla, cəmi 18346 (on səkkiz min üç yüz qırx altı) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125 (yüz iyirmi beş) manat, 20 (iyirmi) qəpik tutularaq "xxxx" MMC-yə ödənilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19 (on doqquz) manat, 84 (səksən dörd) qəpik dövlət rüsumunun kəsir məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar