Məhkəmə qərarları › İş №e-2(060)-3122/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3122/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3122/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus Toyota RAV 4 minik markalı 10RK066 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş maddi ziyan olaraq 23065 AZN pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 yanvar 2023-cü il tarixdə 14:00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-ci kilometrində idarə etdiyi Mercedes-Benz E230 minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” AR qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almaq texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan X3 məxsus Toyota RAV 4 minik markalı, 10RK066 dövlət qeydiyyat nişanlı avtomobil və digər şəxslərə məxsus avtomobil və mopedlə toqquşaraq iddiaçıya və digər şəxslərə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavəsitə tabe olan Yol nəqliyat hadisələrinə dair işlər üzrə şöbədə mübafiq təhqiqat aparılmış, lakin iş üzrə zərərçəkmiş şəxs X1, hazırki iş üzrə Cavabdeh ilə barışması və ona dəymiş ziyanın ödənilməsi əsası ilə toplanmış material üzrə 14 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rəd edilməsi və Ə.M Balacanov barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehin hüquqa zidd, təqsirli hərəkəti ilə iddiaçıya məxsus avtomobilə ziyan vurması faktı yuxarıda qeyd edilən təhqiqat materialı və qərarla öz təsdiqini tapmışdır. "xxxx" MMC-nin 16 fevral 2023-cü il tarixli texniki müayinədən keçirilmiş avtonəqliyyət vasitələrinə nöqsan aktına əsasən, hadisə zamanı Toyota RAV 4 minik markalı, 10RK066 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş və yararsız hala düşmüş hissələri 17265 AZN dəyərində qiymətləndirilmiş, eləcə də "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli arayışına əsasən avtomobil zədələndikdən sonra onun bazar dəyərinin 5800 manatdan 6500 manatadək itirildiyi qeyd olunmuş, ümumilikdə iddiaçıya 23065 AZN (17265+5800=23065) dəyərində maddi ziyan dəymişdir. Həmin zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq vurulmuş maddi ziyan bugünədək ödənilməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Yuxarıda şərh edilən faktiki hallara və göstərilən hüquqi əsaslara görə hesab edir ki, vurulumuş maddi ziyanın ödənilməsi barədə məhkəmə tərəfindən müvafiq qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, keçmiş hazırlıq iclaslarında iddia tələbinin əsası barədə ətraflı şəkildə məlumat verilmişdir. İddia tələbinin əsası ondan ibarətdir ki, Bakı-Sumqayıt şossesinin Xırdalan hissəsində cavabdehin təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə mühüm zərər dəymişdir. Bununla bağlı ekspertiza təyin olunmuş və artıq vurulmuş ziyanın məbləği müəyyən olunmuşdur. Eləcə də iş materiallarında cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar mövcuddur. Həmin materialdan da görünür ki, baş vermiş ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermişdir. İddia tələbini təqdim olunmuş qüsur aktı əsasında qaldırmışdır. Maşın Toyota markalı, 2018-ci il buraxılışlı maşındır. Qüsur aktı isə faktiki vəziyyətdə onun bugünki bazar qiymətinə uyğun olan zədələnmiş hissələrin qiymətini özündə əks etdirir. Hesab edir ki, ekspertin yekun rəyi əsaslıdır. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 16 iyun 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir, lakin məbləğ ilə razılaşmır. Maşında “krıla”, “kapot”, “rəng” və 3-5 detal dəyişilməlidir. 40 min manat maşının qiymətidir. 17 min manat pul tələb olunur. Məbləğ həddindən artıq şişirildilmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, avtoqəza törətmiş, lakin maşını görməmişdir. Belə ki, maşını ancaq videoda görmüşdür. Ekspert rəyini, ümumillikdə iddia tələbini qəbul etmir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehdin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 007 nömrəli, 31 mart 2023-cü il tarixli məlumatdan görünür ki, zədələndikdən sonra zədələnmiş bütün hissələri, eləcə də qəzadan sonra kuzovun vəziyyətini nəzərə alaraq, kuzovun zədələnmiş və rəngləmiş hissəllərini nəzərə alaraq, təmirdən sonra Toyota RAV-4 markalı, **-RK-*** d.n. avtomobili bazar dəyərindən 5800 manatdan 6500 manatadək itirilir. Mülki işin materiallarında olan 16 fevral 2023-cü il tarixli texniki müayinədən keçirilmiş avtonəqliyyat vasitələrinə nöqsan aktından görünür ki, İddiaçı məxsus olan avtomaşınların vəziyyətini müəyyən etmək texniki baxış keçirilmiş dəmirçi işləri və armatur işi 2500 manat, boya işləri 1700 manat, hissələr 13065 manat, cəmi 17265 manat məbləğ hesablanmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və aidiyyəti şəxslərə göndərilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında avtomobilin yol-nəqliyyat hadisəsindən sonra vəziyyətini əks etdirən fotoşəkillər mövcuddur. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(060)-3122/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5504 saylı ekspert rəyi məhkəməyə daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-3122/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5504 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Rav-4 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16240 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-ci kilometrində cavabdeh tərəfindən “Mercedes-Benz E230” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri ilə yolnəqliyyat hadisəsi baş vermiş, nəticədə İddiaçı tərəfindən idarə olunan “Toyota RAV 4” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı ilə cavabdeh arasında avtomobilə dəyən maddi ziyanın məbləği barəsində narazılıq yaranmış, belə ki, iddiaçı avtomobilə dəyən zərərin 23065 manat məbləğində olmasını bildirərək, həmin məbləğin ödənilməsini iddiaçıdan tələb etsə də, cavabdeh avtomobilə dəymiş ziyanın az olduğunu bildirmiş, bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddia tələbini hazırlıq iclaslarında qəbul etdiyini bildirərək, iddianın həmin hissədə qismən təmin edilməsi, daha sonrakı məhkəmə iclaslarında isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin izahatları arasında əhəmiyyətli ziddiyyət mövcud olduğu üçün, bundan əlavə yol-nəqliyyat hadisəsinin baş verməsinin və onun cavabdehin təqsirli hərəkətləri nəticəsində olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə artıq sübuta yetirildiyi üçün, iddiaçıya dəymiş maddi ziyan da ödənilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsinə görə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Rav-4 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16240 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verdiyindən və bunun nəticəsində iddiaçıya maddi zərər dəydiyindən, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5504 nömrəli ekspert rəyinə əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Rav-4 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16240 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddia tələbinin “23065 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə qismən, yəni ekspert rəyinə müvafiq olaraq 16240 manat məbləğində təmin edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə, ekspert rəyi nəzərə alınmaqla 16240 (on altı min iki yüz qırx) manat vurulmuş zərərin əvəzi tutularaq İddiaçına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 70.4 manatı Cavabdeh, 29.6 manatı isə İddiaçından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə ödənilmiş 160 manat dövlət rüsumunun 138.72 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan 21.28 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə, ekspert rəyi nəzərə alınmaqla 16240 (on altı min iki yüz qırx) manat vurulmuş zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 160 manat dövlət rüsumunun 138.72 manat hissəsi Cavabdeh tutularaq İddiaçına ödənilsin, qalan 21.28 manat hissəsi isə iddiaçıya aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğin 70.4 (yetmiş manat qırx qəpik) manat hissəsi Cavabdeh, 29.6 (iyirmi doqquz manat altmış qəpik) manat hissəsi isə İddiaçından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar