Məhkəmə qərarları › İş №e-2(060)-3136/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3136/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3136/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı «X1» ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə:

1. İddiaçı «X1» ASC (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 248,24 (iki yüz qırx səkkiz manat, 24 qəpik) manat məbləğində əsas borc, 2,89 (iki manat, 89 qəpik) manat məbləğində faiz borcu, 1,23 (bir manat, 23 qəpik) manat cərimə borcu, cəmi 252,36 (iki yüz əlli iki manat, 36 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan “X1” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı «X1» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan “X1” ASC (bundan sonra – Bank) ilə Cavabdeh(bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM102000465 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli, 16969 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 287,26 (iki yüz səksən yeddi manat, 26 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır (müqavilənin 3.3-cü bəndi). Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur (müqavilənin 3.8-ci bəndi). Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2025-ci il tarixinə Banka 248,24 (iki yüz qırx səkkiz manat, 24 qəpik) manat məbləğində əsas borc, 2,89 (iki manat, 89 qəpik) manat məbləğində faiz borcu, 1,23 (bir manat, 23 qəpik) manat cərimə borcu, cəmi 252,36 (iki yüz əlli iki manat, 36 qəpik) manat borcu mövcuddur. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

3. İş materiallarında olan iddiaçı «X1» ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, LM102000465 saylı restrukturizasiya müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 16969 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 287,26 (iki yüz səksən yeddi manat, 26 qəpik) manat borcu restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür.

4. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, «X1» ASC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə 248,24 manat məbləğində əsas borc, 2,89 manat məbləğində faiz borcu, 1,23 manat cərimə borcu olmaqla, cəmi 252,36 manat borcu vardır.

5. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı «X1» ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, LM102000465 saylı müqavilə bağlanmışdır. İddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

8. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

9. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

10. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).

12. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

13. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

14. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən cavabdehdən «X1» ASC-nin xeyrinə 248,24 manat məbləğində əsas borc, 2,89 manat məbləğində faiz borcu tutulmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1.23 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.

17. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

21. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Nəticə hissəsi:

22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh iddiaçı «X1» ASC-nin xeyrinə 248,24 (iki yüz qırx səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 2,89 (iki manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 1,23 (bir manat, iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 252,36 (iki yüz əlli iki manat, otuz altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar