Məhkəmə qərarları › İş №e-2(060)-3169/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3169/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3169/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil Nizami oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə onun və övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5420/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış 28 sentyabr 2014-cü il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 onun yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Abdullayeva (Bəxşiyeva) Sevil Azağa qızına ödənilməsi qət edilmişdir. 27 may 2019-cu il tarixdən o, oğlu ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin 27 may 2019-cu il tarixindən əvvəl də faktiki olaraq həmin mənzildə uşaqları ilə birlikdə yaşamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5420/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi aralarındakı nikah pozulduqdan sonra cavabdeh tərəfindən mübahisə obyekti olan mənzildən qovulmuş və əsassız olaraq istifadə hüququndan məhrum edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verərək, bildirdi ki, Cavabdeh ilə ailə həyatı qurduqdan sonra mübahisəli mənzildə yaşamışlar. Hazırki vaxtadək cehiz əşyaları həmin mənzildədir. Nikahları pozulduqdan sonra cavabdeh tərəfindən mənzilə buraxılmamışdır. Başqa yaşayış yeri olmadığını və həmin mənzildə daimi qeydiyyatının olmasının nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan mənzil xidməti mənzil olmaqla, onun istifadəsinə müvəqqəti verilmişdir. Hazırda o, həmin mənzildə yaşamır. O, hərbi qulluqçu olduğundan qeyd olunan mənzil onun müvəqqəti istifadəsinə ayrılmışdır. Artıq həmin evi aidiyyatı üzrə təhvil vermişdir. Lakin, iddiaçıya məxsus əşyalar hələ də mənzildə qaldığından mənzil onun adında qalmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İş materiallarında olan: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5420/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli 276 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması, X2 23 iyul 2021-ci il tarixdən başlayaraq hər ay xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Hərbi qulluqçu Cavabdeh Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi “Tağıyev-2” qapalı hərbi şəhərciyi K.Kərimov küçəsi, ev 11, mənzil 19 ünvanındakı mənzil xx.xx.2019-cu il tarixli 163 nömrəli Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında verilmişdir. Onunla birlikdə arvadı İddiaçı övladları X5 və X4 qeydiyyatda olmuş və yaşamışdır. Xidməti mənzil Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Hərbi qulluqçunun mülkiyyətində deyil. Hərbi qulluqçuya xidməti mənzil qeyd olunan hərbi hissədə xidmət etdiyi dövr ərzində verilmişdir. Xidməti dövr başa çatdığı və digər qarnizonlara xidmət etmək üçün köçürüldükdə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 02 nömrəli qərarına əsasən xidməti mənzil Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə təhvil verilməlidir. Qeyd olunan ünvanda 2021 -ci ilin oktyabr ayından heç kim yaşamır. 2020-ci ilin fevral ayından xidməti mənzilin kirayə və zibil daşınması haqları ödənilmədiyi üçün Mənzil Məcəlləsinin 82.4.1-ci maddəsinə əsasən hərbi qulluqçuya xidməti mənzilin təhvil alınacağı ilə əlaqədar xəbərdarlıq olunmuşdur. Qeyd olunanları və yaşayış sahəsinin yaxınlığında strateji hərbi hissələrin yerləşdiyini, hərbiçi ailəsinin deyil, Müdafiə Nazirliyi ilə əlaqəsi olmayan şəxsin qapalı hərbi şəhərcikdə yerləşdirilməsi gələcəkdə əlavə problemlər yarada biləcəyini məhkəmə qətnaməsində nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. xx.xx.2019-cu il tarixli 164 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin Kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Tağıyev-2 hərbi şəhərciyi, K.Kərimov küçəsi, 11 nömrəli evin, 2 otaqdan ibarət 19 saylı mənzili yaşayış sahəsinin kirayə haqqı ödənilməklə, xidmət müddətində müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Kirayə Müqaviləsinin 2.3-cü bəndinə əsasən Kirayəçi öz ailə üzvlərini (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər şəxsləri və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qarşısında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. 2.5-ci bəndinə əsasən Kirayəçinin ailə üzvləri bu Müqavilə üzrə Kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə, toplanmış və müəyyən edilmiş sübutlara əsasən mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla, xüsusi təyinatlı yaşayış sahəsidir. Mənzil cavabdehin mülkiyyətində deyildir. Həmin mənzil hərbi qulluqçu olan cavabdehə hərbi hissədə xidmət etdiyi dövr ərzində istifadə etməsi üçün müvəqqəti verilmişdir. Cavabdeh ailə üzvü olaraq iddiaçını həmin mənzilə köçürmüş və birgə təsərrüfat aparmışlar. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. İddiaçı xeyli müddətdir ki, həmin mənzildə yaşamır. Cavabdeh tərəfindən mənzilə köçüb yaşamasına maneə törədildiyini, həmin mənzildə qeydiyyatda olduğunu, başqa yaşayış yerinin olmadığını, bu baxımdan mənzilə istifadə hüququnun tanınması və oraya köçürülməsini iddia edir. Məhkəmə mübahisənin qanuni həlli ilə bağlı ilk öncə mübahisəli mənzilin hüquqi rejiminin müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri;...., 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 92-ci maddənin tələbinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. İş üzrə toplanmış sübutlara şərh olunan hüquq normalarına istinadən qiymət verərək məhkəmə qeyd edir ki, hüquqi rejiminə görə mübahisə predmeti olan mənzil xidməti yaşayış sahəsidir. Xidməti yaşayış sahələri dövlət mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid olmaqla həmin yaşayış sahələri ayrı-ayrı kateqoriyalardan olan şəxslərin sosial müdafiəsi üçün qulluqda qalma müddətində verilir. Kirayəçi ailə üzvlərini yaşayış sahəsinə köçürmək hüququna malik olmaqda, kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynlər aiddir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin keçmiş arvadı olmaqla, tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir. Yəni ki, iddiaçı mənzil kirayəçisi olan cavabdehin ailə üzvləri tərkibindən çıxmışdır. Belə olan halda iddiaçının həmin mənzildə kirayəçi ilə birgə yaşayaraq onunla birgə təsərrüfat aparmaq üçün hüquqi əsas aradan qalxmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, göründüyü kimi iddia tələbi istifadə hüququnun tanınması və köçürülmə ilə bağlıdır. Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə 14 noyabr 2008-ci il tarixli qərar). Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Şərh olunan hüquq normalarının göstərişlərinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qeyd edildiyi kimi mübahisə predmeti olan mənzil xidməti yaşayış sahəsi olmaqla dövlət mülkiyyətinə aiddir, cavabdeh həmin yaşayış sahəsinin mülkiyyətçisi deyildir, həmin mənzildən xidmət etdiyi dövrdə kirayə müqaviləsi əsasında müvəqqəti istifadə hüququna malikdir. Bu baxımdan iddiaçının həmin mənzilə istifadə hüququnun tanınması barədə tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə həmçinin yuxarıda sadalananlara istinadən hesab edir ki, mənzilə köçürülmə hissədə də iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də MPM-nin 54.2-ci maddəsinə əsasən işə verilmiş tələb üzrə baxılması ilə bağlı qanunvericiliyin göstərişlərini nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçının həmin mənzildə qeydiyyatda olmasına gəlincə isə məhkəmə hesab edir ki, qeydiyyat hər hansı bir əmlak hüququ yaratmır. Belə ki, "Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi əmlak hüququ nəticə doğurması nəzərdə tutulmamışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 234- 244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar