Məhkəmə qərarları › İş №e-2(060)-3180/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3180/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3180/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5205 manat məbləğində pulun və ödənilmiş 72.50 manat dövlət rüsumun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır, ona xx.xx.2020-ci ildə müraciət edərək təcili 3400 manat məbləğində pul lazım olduğunu bildirmiş və söz vermişdir ki, xx.xx.2020-ci il tarixə kimi həmin pulu qaytaracaqdır. Daha sonra cavabdeh xx.xx.2020-ci ildə 1155 manat və xx.xx.2020-ci ildə 650 manat məbləğində də pul almış və həmin pulları da ona qaytarmamışdır. Ümumilikdə cavabdehin ona 5205 manat borcu vardır. Həmin pulları ondan alması cavabdeh tərəfindən həmin tarixlərdə yazılmış iltizamlarla da təsdiq olunur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının ona qarşı olan iddiasının əsassız olduğunu bildirdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçıdan faiz dərəcəsi 10 faiz olmaqla 3350 manat borca pul almışdır. Hazırda onun iddiaçıya borcu yoxdur. Belə ki, o, iddiaçıya həmin borcu 2020-ci ildə tam şəkildə ödəmişdir. O, bankdan 1000 manat kredit götürərək, 2000 manat 1 otaqlı evini sataraq və 350 manat da əlavə olmaqla aldığı borcu qaytarmışdır. Həmçinin qeyd etdi ki, borca pul götürərkən qızının təqaüd kartını iddiaçıya vermişdir. İddiaçı 2019-cu ildə 5 ay kartından pul çəkmişdir. İddiaçı ona verdiyi borca görə 1170 manat faiz əldə etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, cavabdeh ilə iş yoldaşı olmuşdur. Cavabdeh yanvar ayında evini satmışdır. Cavabdeh pulu işə gətirmiş və onlar pulu saymışlar. Onlar birlikdə iddiaçının evinə getmişdirlər. O, çöldə cavabdehi gözləmiş, cavabdeh isə iddiaçının evinə girərək pulu ona vermişdir. Məhkəmə, tərəflərin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 650 manat borc pulu almış və həmin pulu 2 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. - xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 1155 manat borc pulu almış və həmin pulu 6 ay müddətinə, xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. - xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 3400 manat borc pulu almış və həmin pulu xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. Məhkəmə tərəfindən Cavabdeh adına olan kartından xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək hansı ünvanlarda yerləşən bankomatdan hansı tarixlərdə istifadə olunması, kim tərəfindən və hansı məbləğdə pul çıxarılması barədə məlumatlar və görüntülər (fotoşəkil və.s) "xxxx" ASC-dən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi barədə qərardad qəbul edilmişdir. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda pulları çıxarmış çəxsin foto və videosunu əks etdirən görüntülərin təqdim olunması ilə bağlı bildirilmişdir ki, Bankda müşahidə kameralarının görüntüləri qeydə alınan tarixdən yalnız 6 ay ərzində mövcud olur. Hazırda tələb olunan tarix aralığının üzərindən 6 aydan çox müddətin keçdiyini nəzərə alaraq həmin görüntülərin təqdim edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2020-ci ildə 3400 manat, xx.xx.2020-ci ildə 1155 manat və xx.xx.2020-ci il də 650 manat borc pul vermiş, cavabdeh isə həmin pulları müvafiq tarixlərdə qaytarmağa dair öhdəlik götürərək, sadə yazılı formada iltizam vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları sadə yazılı formada iltizamlardır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia əsaslıdır. Belə ki, cavabdeh tərəfindən borcun qaytarılması məhkəmə araşdırılması zamanı sübuta yetirilmədi və bu halla bağlı mötəbər dəlillər məhkəməyə təqdim edilmədi. Məhkəmə, cavabdehin iddiaçıdan faiz dərəcəsi 10% olmaqla 3350 manat borc alması və həmin məbləği tam ödəməsi barədə dəlilini, bu hal iş materialları və sübutlarla təsdiqlənmədiyindən əsassız hesab edir. Məhkəmə, şahid Badamxanım Ağəliyevanın cavabdeh borcu iddiaçının evində qaytaran zaman onun bayırda gözlədiyi barədə ifadəsinə qiymət verərək hesab edir ki, göstərilənlər bilavasitə pulun Cavabdeh tərəfindən İddiaçı verilməsini təsdiqləmir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 72.50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5205 manat borc və ödənilmiş 72.50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5205 manat borc və ödənilmiş 72.50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar