Məhkəmə qərarları › İş №e-2(060)-3181/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3181/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3181/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 13 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Günay Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 54,715.35 (əlli dörd min yeddi yüz on beş manat otuz beş qəpik) manat əsas borc, 803.01 (səkkiz yüz üç manat bir qəpik) manat faiz borcu, məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş 256.55 (iki yüzəlli altı manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 55,774.91 (əlli beş min yeddi yüz yetmiş dörd manat doxsan bir qəpik) manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Günay Bank” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, borcalan- Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində bağlanmış «26İPO/17» saylı 17 may 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 59.000 (əlli doqquz min) manat məbləğində illik 8 (səkkiz) faiz dərəcəsi ilə, 300 (üç yüz) ay müddətinə kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə aylıq ödənişlər Cavabdeh tərəfindən icra edilmədiyindən yaranmış borc məbləğini ödəməsi barədə dəfələrlə telefon və rəsmi bildiriş məktubları ilə ona xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün hər hansı bir təşəbbüs göstərməmişdir. Bununla da tərəflər arasında bağlanmış «26İPO/17» saylı 17 may 2017-ci il tarixli kredit müqaviləsinin tələbləri borcalancavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Keçən müddət ərzində Cavabdeh «26İPO/17» saylı 17 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və hazırda İddiaçı ASC qarşısında əsas kredit borcu 54,715.35 (əlli dörd min yeddi yüz on beş manat otuz beş qəpik) manat və faiz borcu 803.01 (səkkiz yüz üç manat bir qəpik) manat olmaqla, cəmi 55,518.36 (əlli beş min beş yüz on səkkiz manat otuz altı qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçı bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilən 256.55 (iki yüzəlli altı manat əlli beş qəpik) manat dövlət rüsumu da həmçinin iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Hesab edirlər ki, cəmi 55,774.91 (əlli beş min yeddi yüz yetmiş dörd manat, doxsan bir qəpik) manat məbləğində pul cavabdehdən alınaraq İddiaçı ASC-yə geri qaytarılması və ya iddiaçının xeyrinə tam tutulması tələbinə dair məhkəmə qətnaməsi çıxarılmalıdır. Ona görə də iddiaçı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Günay Bank” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh uzun müddətdir ki, heç bir ödəniş etmir. Bundan əlavə sözügedən borc məbləğinin təminatı ipoteka müqaviləsidir. Lakin ipoteka predmeti olan mənzillə bağlı mübahisə olduğundan hazırda mənzilə yönəltmə barədə iddia verməmiş, yalnız borcun tutulması barədə iddia qaldırmışlar. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan «26İPO/17» saylı 17 may 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Günay Bank” ASC tərəfindən Cavabdeh illik 8 faiz ödənilməsi şərti ilə 300 ay müddətinə 59000 manat məbləğində kredit verilmişdir. İşdə olan 503 nömrəli, 07.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “Günay Bank” ASC arasında bağlanmış «26İPO/17» saylı 17 may 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “Günay Bank” ASC-yə 54715,35 manat əsas, 803,01 manat faiz borcu olmaqla, cəmi 55518,36 manat borcu vardır. İş materiallarında olan 482 nömrəli, 04.04.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında «26İPO/17» saylı 17 may 2017-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu «26İPO/17» saylı 17 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə 04.04.2022-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “Günay Bank” ASC-nin xeyrinə 54715,35 AZN əsas, 803,01 AZN faiz, cəmi 55518,36 AZN borcun tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 256,55 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 54,715,35 (əlli dörd min yeddi yüz on beş manat otuz beş qəpik) manat əsas borc, 803,01 (səkkiz yüz üç manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 55,518,36 (əlli beş min beş yüz on səkkiz manat otuz altı qəpik) manat pul və 256,55 (iki yüz əlli altı manat əlli beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar