Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3183/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 1184 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 772.54 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu 716.84 ABŞ dolları, əsas borca illik 5% hesablanmış faiz borcu 205.70 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 570.35 ABŞ dolları, cəmi isə 2265.43 ABŞ dolları təşkil etmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsi baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 772.54 ABŞ dolları əsas borcun, müqavilə müddəti üçün hesablanmış 716.84 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 205.70 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 570.35 ABŞ dolları cərimə borcunun, cəmi isə 2265.43 ABŞ dolları borcun və tərəfindən ödənilmiş 59 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək cavabdehin kredit borcunun Fərmanın təsirinə düşmədiyini bildirdi. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinin surətindən müəyyən edilir ki, bank tərəfindən borcalan Cavabdeh1 12 ay müddətinə aylıq 28% dərəcəsi ilə 1184 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 01 saylı zaminlik müqaviləsinin surətindən müəyyən edilir ki, bank tərəfindən borcalan Cavabdeh1 veriliş kreditin təminatı olaraq Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 183 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixində bağlanmış istehlak krediti müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehlərə müqavilə şərtlərinin pozulması barədə xəbərdarlıq olunaraq 3 iş günü ərzində müqavilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə 772.54 ABŞ dolları əsas, 716.84 ABŞ dolları faiz, 570.35 ABŞ dolları cərimə, 205.70 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 2265.43 ABŞ dolları borcu yaranmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixindən etibarən 12 ay müddətində xx.xx.2016-cı il tarixinədək ümumilikdə 1184 ABŞ dolları ödəmə məbləği və 187.18 ABŞ dolları faiz məbləği, cəmi 1371.18 ABŞ dolları məbləğində ödəniş etməli idi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X1 Emil Səlim oğlunun xx.xx.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1101 manat məbləğində pul vəsaitinin 361 manatını kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğvetmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını, kredit ödənişlərinin təmin etməklə bağlı fəaliyyərini pozub əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumtlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə 772.54 ABŞ dolları əsas, 716.84 ABŞ dolları faiz, 570.35 ABŞ dolları cərimə, 205.70 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 2265.43 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsi üzrə 50 ABŞ dolları əsas borca illik 5% hesablanmış faiz borcu, 100 ABŞ dolları müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 772.54 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 716.84 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 50 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 100 ABŞ dolları cərimə borcu, cəmi 1639.38 ABŞ dolları borc və 59 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən göründüyü kimi zərçəkmiş şəxs qismində tanınmış Cavabdeh1 xx.xx.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1101 manat məbləğində pul vəsaitinin 361 manatı kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğvetmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməmişdir. Ona görə də həmin məbləğ də nəzərə alınmaqla, ümumi borcdan 361 manat (212.35 ABŞ dolları) çıxılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 1427.03 ABŞ dolları borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və 59 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 1427.03 (min dörd yüz iyirmi yeddi dollar üç sent) ABŞ dolları borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və 59 (əlli doqquz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3183/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3183/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver