Məhkəmə qərarları › İş №e-2(060)-3184/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3184/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3184/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 460,34 (dörd yüz altmış dollar otuz dörd sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə 632,78 (altı yüz otuz iki dollar yetmiş səkkiz sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 111,72 (bir yüz on bir dollar yetmiş iki sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 647,58 (altı yüz qırx yeddi dollar əlli səkkiz sent) ABŞ dolları cərimə borcunun, cəmi 1852,42 (bir min səkkiz yüz əlli iki dollar qırx iki sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 28% ödəmək şərti ilə 1289 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilə şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olanə sas borcu 460,34 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 632,78 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 111,72 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 647,58 ABŞ dolları, cəmi 1852,42 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşmüş, lakin borclu müraciət etmədiyinə görə kredit borcu restruktruzasiya olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul etmir. Mübahisə predmeti olan pul məbləğini ödəmişdir. Ödədiyi pula görə ondan borcun tələb olunması əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsindən və əlavədən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh1 məişət əşyası alınması üçün 12 ay müddətinə, illik 28% ödənilmək şərti ilə 1289 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında balanılmış xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə 460,34 ABŞ dolları əsas borcu, müqavilə müddəti üçün hesablanmış 632,78 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 111,72 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 647,58 ABŞ dolları cərimə borcu, cəmi 1852,42 ABŞ dolları borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, X5 özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, müştərilər tərəfindən qeyd edilən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən 14 fevral 2018-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən həmin mağazada ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh1 xx.xx.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1598 manat məbləğində pul vəsaitinin 932 manatını, ümumilikdə 109 nəfər tərəfindən ödənilmiş cəmi 49.264,14 manat (qırx doqquz min iki yüz altmış dörd manat on dörd qəpik) məbləğində pul vəsaitini kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğv etmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını, kredit ödənişlərinin təmin etməklə bağlı fəaliyyətini pozub əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, X5 və X4 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Həmin hökmlə mülki iddia tam təmin edilərək, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASCyə vurulmuş 49.294,14 (qırx doqquz min iki yüz doxsan dörd manat on dörd qəpik) manat maddi ziyanın mülki cavabdehlər X3 və X2 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin Ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Göründüyü kimi, bankdan götürülən kreditlə bağlı Cavabdeh1 tərəfindən ödənilən 932 manatın mağazanın iki əməkdaşı tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmış, İddiaçı ASC-yə dəymiş ziyanın, o cümlədən cavabdeh tərəfindən mağazaya ödənilmiş, lakin banka ödənilməmiş 932 manatın təqsirləndirilən şəxslərdən tutulub iddiaçı banka ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Nəzərə alınsa ki, həmin ödənişlərin edildiyi xx.xx.2015-xx.xx.2017-ci il tarixlərdə dolların manata olan məzənnəsi 01 ABŞ dolları-1,70 manat olduğundan cavabdeh tərəfindən 548,23 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bu baxımdan iddiaçının iddia tələbində əsas borc olaraq göstərilmiş 460,34 ABŞ dolları ödənilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizaşiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi araşdırılan mübahisə üzrə kredit müqaviləsi qeyd olunan Fərmanın təsiri altına düşmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilə bilməz, məhkəmə kredit öhdəliyi üzrə əsas borc tələbi ilə bağlı hisssədə iddianın təmin edilməsini qanuni hesab edir. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir. 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər və cərimə silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə də tələbi təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar