Məhkəmə qərarları › İş №e-2(060)-3193/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3193/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3193/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı «fiziki, maddi və mənəvi təzminat» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı «fiziki, maddi və mənəvi təzminat» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1” MMC-dən fiziki, maddi və mənəvi zərərə görə 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, cavabdehə qarşı yönəlmiş tələb aydın ifadə edilməmiş, ümumiyyətlə tələb olaraq iddia edilən «fiziki, maddi və mənəvi təzminat» nədə ifadə olunduğu, yəni 10.000 manatın hansı hissəsinin dəqiq olaraq fiziki, maddi və mənəvi zərərə görə tələb olunduğu göstərilməmişdir. Halbuki, qanunun göstərişinə görə iddiaçının tələbi aydın, dəqiq göstərilməlidir. Qeyd olunan halı məhkəmə ərizədə iddiaçının tələbinin göstərilməməsi kimi qiymətləndirir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri qaytarır. Bundan başqa, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə əmək münasibətlərindən irəli gəlir, buna baxmayaraq, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həlli üzrə mediasiya prosesində iştiraka dair hər hansı sənəd təqdim etməmişlər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən- Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əssən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizədə qeyd edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı «fiziki, maddi və mənəvi təzminat» tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar