Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-326/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21000 manat məbləğində pulun və ödənilmiş 153 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən o, öz üzərinə özünə məxsus texnikaları cavabdeh təşkilata icarəyə vermək, cavabdeh təşkilat isə, öz üzərinə müqavilədə müəyyən olunmuş icarə haqqını vaxtlıvaxtında ödəmək öhdəliyi götürürmüşdür. Həmin müqavilə 3 ay müddətinə bağlanılmışdır. xx.xx.2022-ci ildə tərəflərin qarşılıqlı razılığı əsasında həmin müqaviləyə 3 nömrəli əlavə imzalanmış, əlavəyə əsasən xx.xx.2022-ci ildən icarəyə götürülən “Kamaz-5511” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı özüboşaldan maşının aylıq icarə haqqı, ƏDV xaric 1750 manat, “Kamaz-5511” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan maşının aylıq icarə haqqı isə ƏDV xaric 1750 manat müəyyən olunmuşdur. Aralarında icarə münasibəti bir müddət normal davam etsə də, cavabdeh tərəf vaxtlı-vaxtında icarə haqqını ödəsə də, 2023-cü ilin aprel-sentyabr ayları üçün icarə haqqı ödənilməmişdir. Belə ki, ona bildirilmişdir ki, cavabdeh təşkilatın fəaliyyətində hansısa nöqsanlara görə yoxlamalar aparılır və və bu səbəbdən də icarə haqqını ödəyə bilmirlər. O, 2023-cü ilin sentyabr ayının sonlarında icarəyə verdiyi maşınları cavabdeh təşkilatdan götürmüşdür. Lakin, hər iki maşına görə ödənilməli olan 6 aylıq icarə haqqı - 21000 manat məbləğində pul cavabdeh təşkilat tərəfindən ona ödənilməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunur. İddiaçı məhkəmədə iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun və iddiaçının iştirakı olmadan keçirərək iddianın təmin edilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. O, eyni zamanda işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişdir. Bundan başqa cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, AR MPM-nin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, iddiaçı özünə məxsus texnikaları cavabdeh təşkilata icarəyə vermək, cavabdeh təşkilat isə müqavilədə müəyyən olunmuş icarə haqqını vaxtlı-vaxtında ödəmək öhdəliyi götürürmüşdür. Həmin müqavilə 3 ay müddətinə bağlanılmışdır. - xx.xx.2022-ci ildə tərəflərin qarşılıqlı razılığı əsasında həmin müqaviləyə 3 nömrəli əlavə imzalanmış, əlavədən görünür ki, xx.xx.2022-ci ildən icarəyə götürülən “Kamaz-5511” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı özüboşaldan maşının aylıq icarə haqqı ƏDV xaric 1750 manat, “Kamaz-5511” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan maşının aylıq icarə haqqı isə ƏDV xaric 1750 manat müəyyən olunmuşdur. -Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, sözügedən texnikalar aprel ayının 01-30 aralığında həmin təşkilatda işləmişdir və yanacaqla təmin olunmuşdur. -Cavabdeh MMC-nin aktından görünür ki, sözügedən texnikalar may ayının 01-31 aralığında həmin təşkilatda işləmişdir və yanacaqla təmin olunmuşdur. -Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, sözügedən texnikalar iyun ayının 01-30 aralığında həmin təşkilatda işləmişdir və yanacaqla təmin olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermişdir. Göründüyü kimi cavabdeh təşkilat nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh təşkilat nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçıya xx.xx.2022-ci ildə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə 3 nömrəli əlavə üzrə cəmi 21000 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddia əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 153 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən icarə haqqının əvəzi olaraq 21000 manat pul və 153 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-326/2024
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-326/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver