Məhkəmə qərarları › İş №e-2(060)-3267/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3267/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3267/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi üzrə 396,44 manat məbləğində bоrcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 23 yanvar 2023-cü il tariхli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ69AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri Ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumişərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda müştəri dərhal overdraft bağlamalıdır. Ödənilməyən overdraft məbləği bank tərəfindən akseptsiz qaydada müştərinin cari hesablarında olan qalıqlar hesabına silinə bilər. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.4-cü bəndini pоzmuşdur. Belə ki, Cavabdeh hesabına xx.xx.2024-cü il tarixində “Unibank” vasitəsi ilə 400 manat pul məbləği “cart-to-cart” olunub, vəsait karta mədaxil edildikdən sonra cavabdehin ümumi balansı 1003,56 manat təşkil edib, sonra cavabdeh ATM (Bankomat) vasitəsi ilə 1000 manat pul vəsaiti nağdlaşdırıb (balans qalığı 3,56 manat təşkil edilib). Daha sonra (1 dəqiqədən sonra) “Unibank” vasitesi ilə hesaba köçürülmüş 400 manat pul vəsaiti səhv mədaxil edildiyindən (əməliyyat reversed edilib) geri çəkilmişdir. Ona görə də, həmin an borclunun kartında geri çəkilən məbləğ civarında pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və nəticə də 396,44 manat məbləğində overdraft yaranmışdır. (3.56-400= - 396.44). Odur ki, kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumi şərtlərinin 3.7.4.1-ci və 3.7.4.5-ci bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında bankı məlumatlandırmaq vəzifələrini hesab sahibi öz öhdəsinə götürür. Ümumi şərtlərin 3.1.9.-ci bəndinə əsasən, hesab üzrə hesablaşma və ya digər əməliyyatların aparılması zamanı bank tərəfindən hər hansı bir texniki səhv (cash back və s.) nəticəsində müştərinin hesabına artıq vəsait köçürülərsə, bank bu vəsaiti müştərinin hesabından silə və ya hesaba köçürülmüş artıq vəsaitin dərhal banka geri qaytarılmasını tələb edə bilər. Ümumi şərtlərin 3.2.8.-ci bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği bank tərəfindən müştərinin hesabından akseptsiz qaydada silinir. Bank, yaranmış overdraft məbləğini müştərinin bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər. Ümumi şərtlərin 3.5.9.-ci bəndinə əsasən, müştəri internet bankçılıq xidmətləri vasitəsi ilə əməliyyatların aparılması üçün zəruri olan özünün istifadəçi adı, şifrəsi və ya digər məxfi məlumatların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almalı, habelə ona məxsus məlumatları hər hansı üçüncü şəxslərə ötürməməlidir. Ümumi şərtlərin 3.6.2.2.1.-ci və 3.6.2.2.3.-ci bəndlərinə əsasən, bank, müştəriyə xidmət göstərərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyatlar zamanı), öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin bloklaşdırılması və geri qaytarılmamasına və müştərinin hesabından aparılan bütün silinmələrə və imza etdiyi kart-çeklərə görə məsuliyyət daşımır. Ümumi şərtlərin 3.7.1.6.-ci bəndinə əsasən, hesabda overdraft yarandığı halda, əsas və əlavə kartları bloklaşdırmaq, müştərinin ödənişi ilə əlaqədar banka ünvanlanan komplayns sorğuları müqabilində müxbir banklar tərəfindən tətbiq olunan xidmət haqqını bank akseptsiz qaydada müştərinin hesabından tutur. Həmin şərtlərin 3.7.1.7-ci bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində banka yazılı qaydada pretenziya təqdim edilmirsə, hesab sahibi tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 23 yanvar 2024-cü il tarixinə borclunun bank hesabı müqaviləsiə əsasən yaranmış overdraft üzrə 396,44 manat məbləğində əsas bоrcu yaranmışdır.

Tərəflərin mövqeləri:

2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Bank hesabı müqaviləsindən görünür ki, bank müştəriyə bank hesabı açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını qanunvericiliklə, İddiaçı ASC-nin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada yerinə yetirməyi, müştəri isə ümumi şərtlərdə və bu müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada bankın göstərdiyi xidmətlərə görə haqqı bankın qüvvədə olan tarifləri ilə ödəməyi öz öhdəsinə götürmüşdür.

5. 07.01.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank hesabı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

6. İddiaçı ASC tərəfindən tərtib edilmiş 10 aprel 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 10 aprel 2025-ci il tarixə AZ69AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 396,44 manat borcu mövcuddur.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

11. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank müştəriyə bank hesabı açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını qanunvericiliklə, İddiaçı ASCnin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada yerinə yetirməyi, müştəri isə ümumi şərtlərdə və bu müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada bankın göstərdiyi xidmətlərə görə haqqı bankın qüvvədə olan tarifləri ilə ödəməyi öz öhdəsinə götürmüşdür.

12. Tərəflər arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri Ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumişərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda müştəri dərhal overdraftı bağlamalıdır.

13. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 aprel 2025ci il tarixə AZ69AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 396,44 manat borcu mövcuddur.

14. Cavabdehin hesabından çıxarışdan cavabdeh tərəfindən overdrafta yol verməsi, yəni bank kartında olan vəsaitdən artıq vəsait çıxarması təsdiq edildiyindən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən iddia əsaslıdır və təmin edilməlidir.

15. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 396 (üç yüz doxsan altı) manat, 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 396 (üç yüz doxsan altı) manat, 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar