Məhkəmə qərarları › İş №e-2(060)-3314/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3314/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3314/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC cavabdehlər X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 3906.04 AZN, faiz borcuna görə 1152.93 AZN, cərimə borcuna görə 0.01 AZN olmaqla, cəmi 5058.98 AZN, eyni zamanda xx.xx.2021-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ayrılmış kredit xəttinə əsas borc üzrə 500 AZN, faiz borcu üzrə 151.35 AZN olmaqla, cəmi 651.35 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 76.97 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, məlum olduğu kimi "xxxx" ASC ilə X4 arasındabağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinə əsasəncavabdehə 43 ay müddətinə, 22 faiz dərəcəsi ilə 4100 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 156 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Eyni zamanda 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 156 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 X2 qanun üzrə vərəsələridir. Yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borca görə 3906.04 AZN, faiz borcuna görə 1152.93 AZN, cərimə borcuna görə 0.01 AZN olmaqla, cəmi 5058.98 AZN borcu mövcuddur. Eyni zamanda xx.xx.2021-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 500 AZN, faiz borcu üzrə 151.35 AZN olmaqla, cəmi 651.35 AZN borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 76.97 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və X5 xx.xx.2024-cü il tarixində 6-2-22/2-5195/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək – X2 vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 3905.96 AZN olmaqla, cəmi 3905.96 AZN, eyni zamanda xx.xx.2021-ci il tarixli, BPM21069146/042 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ayrılmış kredit xəttinə əsas borc üzrə 500 AZN, olmaqla, cəmi 500 AZN borcun, ümumilikdə 4405.96 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 76.97 AZN dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınını yeri və vaxtı barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Talıbova (Əhmədova) Ləman Vüqar qızı iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Qarşı tərəf ölüm haqqında şəhadətnaməni banka təqdim etdikdən sonra bank tərəfindən cavabdeh tərəfə güzəşt edilərək iddia edilən məbləğ azaldılmış, faiz məbləğinin tutulması tələb edilməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə3 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, hazırda bank faiz borcunu tələb etmir. Onlar həmişə borcu ödəməyə razı olublar. Lakin bank onlara bunun üçün hər hansı mexanizm təqdim etməmişdir. Bankın məhkəməyə müraciət etməsi və məhkəmə xərcinin yaranması da bununla əlaqədar olmuşdur. Bu səbəbdən hesab edir ki, məhkəmə xərcləri onlardan tutulmamalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsindən görünür ki, X3 «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 43 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 4100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, X3 «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 500 manat məbləğində kredit xətti ayrılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X2 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən 3905.96 AZN əsas borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X2 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM21069146/042 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 500 AZN əsas borcu vardır. İşdə olan AZ-İİ 309119 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1684 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, BPM21069146/042 nömrəli tam kart çərçivə müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X4 xx.xx.2022-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. Mərhumun qızları Cavabdeh2 və Cavabdeh1 miras qoyanın mirası qəbul etmiş vərəsələridir. İşdə olan xx.xx.2023-cü il tarixlin ərizənin surətindən görünür ki, mərhumdan miras qalmış əmlak Sumqayıt şəhəri, 8-ci mkr, ev 27, 43 saylı mənzildən ibarətdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarının hərtərəfli araşdırılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6884 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən cavabdeh X2 ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024cü il tarixə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə yaranmış borcu hər müqavilə üzrə ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsi üzrə: - əsas borc üzrə -3910,85 manat; faiz borcu üzrə — 1149,57 manat; xx.xx.2021-ci il tarixli, BPM**********42 nömrəli tam kart cərçivə müqaviləsi üzrə: - əsas borc üzrə -500 manat; faiz borcu üzrə-151.35 manat. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X1 miras qalmış əmlak Sumqayıt şəhəri, 8-ci mkr, ev 27, 43 saylı mənzili qəbul etdiyindən iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, BPM21069146/042 nömrəli tam kart çərçivə müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən 3905.96 manat, xx.xx.2021-ci il tarixli, BPM21069146/042 nömrəli tam kart çərçivə müqaviləsinə 500 manat borc tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 76.97 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********12 nömrəli kredit müqaviləsinə əsasən 3905,96 (üç min doqquz yüz beş manat doxsan altı qəpik) manat, xx.xx.2021-ci il tarixli, BPM21069146/042 nömrəli tam kart çərçivə müqaviləsinə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 4405,96 (dörd min dörd yüz beş manat doxsan altı qəpik) manat əsas borc, həmçinin ödənilmiş 76,97 (yetmiş altı manat doxsan yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar