Məhkəmə qərarları › İş №e-2(060)-3320/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3320/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3320/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 10772,85 manat əsas borc, 833,1 manat cari faiz borcu və 250 manat olmaqla, cəmi 11855,95 manat kredit borcunun və 125,70 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunan normaların mənasından göründüyü kimi işin mülki və ya kommersiya məhkəməsinə aidiyyatının müəyyən edilməsi üçün 3 qiymətləndirici meyar müəyyən edilmişdir: -Tərəflərin subyektiv tərkib; -Mübahisənin predmeti; -Hüquq münasibətlərinin xarakteri. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SUMG2-4404-1383 saylı kredit müqaviləsinin 1.3-cü bəndində kreditin borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədilə verildiyi qeyd edilmişdir. Göründüyü kimi kreditin təyinatı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Bundan əlavə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasında Cavabdeh1 fərdi sahibkar statusuna malik olduğu (VÖEN: **********) müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki işə kommersiya məhkəməsində baxılması üçün qanunvericilikdə tələb olunan üç əsasın, yəni subyekt tərkibi, hüquq münasibətinin xarakteri və mübahisənin predmetindən ibarət sadalanan meyarların bir-biri ilə qarşılıqlı bağlılığı olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyət qaydaları və yuxarıda qeyd olunan tələblərə əməl etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü bəndinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 126 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 30, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması yenidən aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 126 (yüz iyirmi altı) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar