Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3336/2024 28.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müştərək qaydada 725,56 manat məbləğində əsas bоrc və 806,92 manat faiz borcu оlmaqla, cəmi 1532,48 manat borcun və 35,73 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022 il tarixli 200797-PC********** nömrəli Kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə kredit xətti ayrılmışdır. Həmin müqavilənin 3.2. bəndinə əsasən Kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq növbəti 12 (on iki) ay üçün annuitet (aylıq bərabər) ödənişli forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmiş illik faiz dərəcəsi ilə Borcalan tərəfindən Banka qaytarılır. Borclu tərəfindən imzalanmış Müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) günədək gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsi 23 avqust 2022-ci il tarixdə qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq 725,56 manat avtomatik olaraq növbəti 12 (on iki) ay üçün annuitet (aylıq bərabər) ödənişli kredit məbləğinə çevrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 725,56 manat məbləğində əsas borcu və 806,92 manat faiz borcu olmaqla, cəmi 1532,48 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 200797-PC********** saylı istehlak krediti müqaviləsinə əsasən cavabdehə illik 24 % faizlə, 36 ay müddətinə kredit xətti açılmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 725,56 manat əsas, 806,92 manat faiz borcu olmaqla, cəmi 1532,48 manat borcu yaranmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehin ünvanına göndərilən xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - xx.xx.2024-cü il tarixli, 9/6265 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 11 yanvar 2022-ci il tarixli, 200797-PC********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 aprel 2024-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 1011,98 manat (əsas borc 725,26, faiz borcu 286,72) məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 200797-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 % dərəcəsi kredit xətti açılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur, lakin cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddia tələbi faiz borcuna münasibətdə qismən (yəni məhkəməmühasibatlıq ekspertizanın rəyi nəzərə alınmaqla) təmin olunmalıdır. Belə ki, ekspert rəyində xx.xx.2022-ci il tarixli, 200797-PC********** saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı ASC olan faiz borcu 286,72 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1011,98 manat (725,26 manat əsas+286,72 manat faiz=1011,98) olduğundan iddiaçı tərəfindən ödənilmiş 30,12 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 5,61 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın əvəzi Cavabdeh tutularaq X1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 725,26 manat əsas, 286,72 manat faiz borcu olmaqla, cəmi 1011,98 manat borc və 30,12 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən qaydada tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 725,26 manat əsas, 286,72 manat faiz borcu olmaqla, cəmi 1011,98 manat borc və 30,12 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 5,61 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3336/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3336/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver