Məhkəmə qərarları › İş №e-2(060)-3341/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3341/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3341/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehə qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəşad oğlundan 5280 (beş min iki yüz səksən) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 73.20 (yetmiş üç manat, iyirmi qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5353.20 (beş min üç yüz əlli üç manat, iyirmi qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Rəşad oğlunun idarə etdiyi “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yetirmisdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi DYPŞ tərəfindən tərtib olunan qərara əsasən “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Rəşad oğlu inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Rəşad oğlu yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi zərərçəkən üçüncü şəxslərə ümumilikdə 5280 (beş min iki yüz səksən) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS241653 və İAS241654 saylı Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən 5280 (beş min iki yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə elektron ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

a) mülki işin materialları:

5. PME********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığorta təminatı altına alınmışdır.

6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X3 məxsus “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2027-ci il tarixədək Cavabdeh Rəşad oğlunun istifadəsinə verilmişdir.

7. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Rəşad oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol artıq ödənilmişdir.

8. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Rəşad oğlu tərəfindən X4 məxsus, X8 tərəfindən idarə olunan “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir.

9. “Qardaşlar Servis” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinin ümumi qiyməti 4530.00 manatdır.

10. xx.xx.2024-cü il tarixli, İAS241653 nömrəli sığorta ödənişi aktı və həmin tarixli ödəniş tapşırığından görünür ki, 4530.00 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

11. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı X5 yüngül xəsarət vurulmuşdur.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X7 xx.xx.2024-cü il tarixli, 49/1349 saylı əlavə ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət dəymişdir.

13. xx.xx.2024-cü il tarixli, İAS241654 nömrəli sığorta ödənişi aktı və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 750 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

14. xx.xx.2024-cü il tarixli, HD/SŞ-1206 saylı pretenziya məktubundan görünür ki, şirkət tərəfindən həyata keçirilmiş cəmi 5280 manat sığorta ödənişinin 10 gün ərzində müvafiq sığorta şirkətinə ödənilməsi Cavabdeh Rəşad oğluna təklif edilmiş, əks halda, bununla əlaqədar, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

b) mülki iş üzrə tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi avtomobil "xxxx" ASC-də nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi nəticəsində “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş və X1 yüngül xəsarət yetirmişdir. Hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Əmlaka dəymiş zərər 4530 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, yüngül zərər vurmaya görə sığorta məbləğinin 15 faizi, yəni 750 manat məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir.

19. Göründüyü kimi, işdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi, iddiaçının isə sığorta müqaviləsinə uyğun zərər dəymiş avtomobil və yüngül xəsarət yetirilmiş şəxs üçün sığorta ödənişini etdiyi müəyyən olunur.

20. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 25.1.8 və 63.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlıdır.

21. Belə ki, Cavabdeh idarə etdiyi avtomobillə digər avtomobilə zərər, digər şəxsə yüngül xəsarət vurması və hadisə yerindən yayınması onun barəsində tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə protokolla təsdiq olunur.

22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 72.80 manat məbləğdə dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 5280 manat sığorta ödənişi və 73.20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

Nəticə hissəsi:

25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh Rəşad oğlundan 5280 manat sığorta ödənişi, 72.80 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının əvəzi olmaqla, cəmi 5353.20 manat pul "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar