Məhkəmə qərarları › İş №e-2(060)-3363/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3363/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3363/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarını dəyişərək cavabdehdən hər ay uşaq üçün 220 manat sabit pul məbləğində aliment alınaraq tərəflərin birgə nikahından olan 22 aprel 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 24 dekabr 2008-ci il tarixdə rəsmi nikaha olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından 22 aprel 2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8332/2018 saylı qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahlaırndan olan 22 aprel 2009-cu il təvəllüdlü X1 iddiaçının yanında qalması və cavabdehdən uşağın saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşağın böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün uşağa 154 manat aliment kifayət etmir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, tələb edilən aliment məbləği çoxdur. Belə ki, o, yaşadıqları evi iddiaçıya bağışlamışdır. Özü yenidən ailə həyatı qurmuşdur. Onun maddi vəziyyəti yaxşı deyil. O, çilingər işləyir və aylıq gəliri 350 manat təşkil edir. Əlavə olaraq 150-200 manat gəliri olur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1992-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1988-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Yetkinlik yaşına çatmayan uşağın doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 xx.xx.2009-cu ildə, Şamaxı rayonunda anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8332/2018 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2008-ci il tarixdə, 39 nömrə ilə qeydə alınmş nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 boşanmadan sonra iddiaçının yanında qalması, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışda göstərilmişdir ki, cavabdeh avtomobillərin təmiri üzrə çilingər vəzifəsində çalışır və aylıq əmək haqqı 345 manat təşkil edir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən cavabdehlə X4 arasında xx.xx.2023-cü il tarixində, 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Fərəcullayev, arvada Fərəcullayeva soyadı verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin qazancını, əmlak vəziyyətini və yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8332/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2023-cü il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8332/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar