Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-337/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Qulam oğlundan 3932 (üç min doquz yüz otuz iki) manat maddi ziyan, vəkilə ödədiyi 320 manatın və eləcə də hazırki iddia tələbinin qaldırılması üçün onun tərəfindən ödənilmiş 59 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar kimi fəaliyyət göstərir və Cavabdeh Qulam oğlu ona məxsus dükanda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək satıcı vəzifəsində işləmişdir. Cavabdehə təhvil verdiyi malların (elektrik malları) bəzilərinin yerində olmadığını hiss etdiyindən dükanda sayı aparılmasını bildirdikdə Cavabdeh Qulam oğlu onu müxtəlif bəhanələrlə aldatmışdır. Ona dəfələrlə bildirmişdir ki, dükanda olan bəzi malları digər satış mərkəzlərinə satmaq üçün verdiyini pulunu isə qısa müddətdə alacağını bildirmişdir. O da onun yalan danışdığını hiss etdiyindən dükanda sayı aparmış və məlum olmuşdur ki, dükanda bəzi mallar yoxdur. Dükanda olmayan malların ümumi dəyəri 4380 (dörd min üç yüz səksən) manat civarında olmuşdur və bunu da Cavabdeh Qulam oğlu özü etiraf edərək öz imzası ilə təsdiq etmişdir. Səbəbini soruşduqda isə qısa müddətdə pulu yerinə qoyacağına söz vermişdir. Dəfələrlə borcunun qaytarılmasını xahiş etsə də bu müddət ərzində Cavabdeh Qulam oğlu ümumi borcdan 552 (beş yüz əlli iki) manat ödəmişdir. Qalan məbləği yəni 3932 (üç min doqquz yüz otuz iki) manatını hələ də ödəməkdən yayınır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, kifayət qədər araşdırılma aparılmışdır. Cavabdeh məhkəmədən də xəbərdardır. Onlar kifayət qədər sübutlar təqdim etmişlər. Bütün bunlar hesablaşma zamanı müəyyən olunmuşdur. Cavabdehin özü də qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Presedebt Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul ödənilmişdir. - xxxxxxx0001X0 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişindən görünür ki, X-02/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmr ilə Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 59 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Fərdi sahibkar İddiaçı tərəfindən verilmiş 01 nömrəli, 17 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi sahibkar İddiaçı yanında satıcı vəzifəsində çalışmışdır. - Cavabdeh tərəfindən imzalanmış sənəddən görünür ki, 3900+480=4380 manat, açot olunmuş, bu qədər kəm olmuş, xx.xx.2024-cü il tarixdə imza edərək sonrakı gün üçün borcu verəcəyinə söz vermiş, 4380 manat 500 manat, daha sonra isə 52 manat ödəniş etmiş və 3932 manat borcu qalmışdır. - İddiaçı tərəfindən təqdim olunmuş sosial şəbəkə (Whatsapp) yazışmalarından görünür ki, cavabdeh iddiaçının səs yazılarına pulu düzüb-qoşduğunu, 3000 manatı evdən aldığını, qalan məbləği də axşama kimi düzüb qoşacağını, məhlədə pulu verəcəyini, aldatmadığını, saat 11, 12-nin yarsına kimi zəng edəcəyini, görüşüb pulu verəcəyini, telefonu da qaytaracağını cavabını vermişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, borclu olduğu pul məbləğini geri qaytarmasını, əks təqdirdə məhkəmədə iddia qaldıracağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya məxsus dükanda satıcı vəzifəsində işləmişdir. Daha sonra aralarındakı münasibətlərdən iddiaçı sayım aparmış və dükanda 4380 manat əksik olduğu müəyyən edilmişdir. Həmin məbləğdən 552 manat ödəniş etmişdir. Məhkəmə, cavabdehin iddiaçıya 3932 manat qaytarmaq öhdəliyinin mövcudluğunu, onun sonuncu ilə yazışmasındakı “Whatsapp” etirafına, eləcə də hər hansı formada təkzib etməməsinə əsaslanaraq işin mübahisəsiz halı kimi qiymətləndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında mahiyyət etibarilə 4380 manat dəyərində malın nisyə alqı-satqı müqaviləsi bağlanmış, qaytarılma ilə birlikdə ümumilikdə 3932 manat pulun verilməsinə dair borc hüquq münasibətləri mövcud olmuşdur. Lakin, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 59 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərcə görə cavabdehdən 320 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3932 manat borc və ödənilmiş 59 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-337/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-337/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver