Məhkəmə qərarları › İş №e-2(060)-3383/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3383/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3383/2023 19.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 dekabr 2018-ci il tarixli ***- *******MK051218-01 nömrəli kredit müqaviləsi üzrə cəmi 9272.68 (doqquz min iki yüz yetmiş iki manat 68 qəpik) manat məbləğində kredit borcunun - bundan 5006.96 (beş min altı manat 96 qəpik) manat əsas, 3696.85 (üç min altı yüz doxsan altı manat 85 qəpik) manat faiz borcunun, 10.97 (on manat 97 qəpik) manat cərimənin və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 557.90 (beş yüz əlli yeddi manat 90 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 112.73 (yüz on iki manat 73 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şərq filialı ilə Cavabdeh3 arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh1 arasında 05 dekabr 2018-ci il tarixli 1 nömrəli və Cavabdeh2arasında 05 dekabr 2018-ci il tarixli 2 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 07 mart 2023-cü il tarixli **********747 saylı bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bu səbəbdən də Cavabdeh3 23 fevral 2023-cü il tarixə kredit üzrə banka ödənilməmiş cəmi 9272.68 (doqquz min iki yüz yetmiş iki manat 68 qəpik) manat borcu vardır. Bundan 5006.96 (beş min altı manat 96 qəpik) manat əsas, 3696.85 (üç min altı yüz doxsan altı manat 85 qəpik) manat faiz borcu, 10.97 (on manat 97 qəpik) manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 557.90 (beş yüz əlli yeddi manat 90 qəpik) manat faiz borcu təşkil edir. Dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixində 650 (altı yüz əlli) manat məbləğində ödəniş etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə qismən razıdır. Lakin rəydə qeyd edilən faiz borcunun məbləği ilə razı deyil. Bundan başqa rəydə faiz borcunun məbləğinin azaldılması səsəbi də qeyd olunmayıb. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SX008883103AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh3 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Bank İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış 05 dekabr 2018-ci il tarixli ***- *******MK051218-01 nömrəli kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023cü il tarixə İddiaçı ASC-yə 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsinə əsasən 5006.96 manat əsas, 3696.85 manat faiz borcu, 10.97 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə hesablanmış 557.90 manat faiz borcu olmaqla, cəmi 9272.68 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2018-ci il tarixi kassa məxaric orderindən görünür ki, Cavabdeh3 12000 manat pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.0.2023-cü il tarixli 9/5505 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit Müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2020-ci il tarixə, banka olan borcu ümumilikdə 5931.46 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5012.50 manat, faiz borcu üzrə 918.96 manat. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 05 dekabr 2018ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Mülki Məcəllənin zaminlik münasibətlərindən bəhs edən XXİV fəslinə aid 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. 477.0.4-cü maddədə qeyd olunur ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında olan münasibətlər zaminlik müqaviləsi əsasında yaranmışdır. Bu halda həmin cavabdehlərə qarşı iddia ərizəsi kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində verilə bilərdi. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, həmin vaxtdan keçən 1 il müddətində zaminlərə qarşı hər hansı iddia irəli sürülməmiş, hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, bu müddət bitdiyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik üzrə öhdəliyinə xitam verilmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdır. Bu hal isə zaminlərə qarşı iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Cavabdeh3 münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 5006.96 manat əsas, 3696.85 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.0.2023-cü il tarixli 9/5505 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 5012.50 manat əsas, 918.96 manat isə faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəf ekspert rəyi ilə razılaşmadığını bildirsə də, həmin rəydə müəyyən edilənlərin əksinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh3 iddiaçının xeyrinə 5006.96 manat əsas və 918.96 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 10.97 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 557.90 manat borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin fəaliyyəti xx.xx.2020-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilənin müddəti isə xx.xx.2020-cı il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 2020-cı il tarixidən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu (illik 5%) tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən (64 % hissədə) iddiaçı tərəfindən ödənilən 112,73 manat dövlət rusumunun 72 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 40,73 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. İddia qismən (64 % hissədə) təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin 64 manat hissəsi cavabdehə, 36 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsi üzrə 5006,96 (beş min altı manat doxsan altı qəpik) manat əsas, 918,96 (doqquz yüz on səkkiz manat doxsan altı qəpik) manat faiz borcu, 10,97 (on manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5936,89 (beş min doqquz yüz otuz altı manat səksən doqquz qəpik) və iş üzrə ödənilmiş dövlət rüsumunun 72 (yetmiş iki) manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh3 64 (altmış dörd) manat, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən 36 (otuz altı) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar