Məhkəmə qərarları › İş №e-2(060)-3384/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3384/2023

24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3384/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X8 Cavabdeh qarşı «vurulmuş ziyanın reqres qaydasında ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətləri nəticəsinədə iddiaçıya dəymiş 40 000 (qırx min) manat məbləğində maddi ziyanın və 210 (iki yüz on) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X5 tərəfindən cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmədən cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Lənkəran Rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada iddiaçının xeyrinə 3 000 000 (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(006)-3677/2021 saylı qətnaməsi ilə iddia tələbi “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə münasibətdə qismən təmin edilərək, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən X3 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 (qırx min) manat məbləğində pul tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Belə ki, Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də mama-ginekoloq vəzifəsində işləmişdir. Cavabdeh vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetriməmiş və nəticədə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan X2 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(049)-180/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək, ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli, 1(106)-558/2020 saylı qərarına əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(049)-180/2020 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Elşən Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Rauf Ağayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməsi, Cavabdeh birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə müəyyən vəzifə tutma və müəyyən vəzifə ilə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 (iki) ilədək artırılması, Lənkəran Rayon Məhkəməsinin 1(049)-180/2020 saylı, xx.xx.2020ci il tarixli hökmün apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 3677/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tam şəkildə icra edilərək 40 000 (qırx min) manat pul məbləği iddiaçı X3 bank hesabına köçürülmüşdür. X2 ölümünün Cavabdeh təqsirli hərəkəti üzündən törədildiyi Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təsdiq edilir. Cavabdeh həmçinin 40 000 (qırx min) manat məbləğində vurduğu maddi ziyanın ödənilməsindən imtina etmişdir. Sadalanan hüquq normalarının mənasına görə, cavabdehin hərəkətləri nəticəsində PHŞ-ə maddi ziyanın vurulması kimi qiymətləndirilməli və cavabdehdən 40 000 (qırx min) manat məbləğində pul vəsaiti və 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu alınıb “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə ödənilməsini xahiş edir. Məhkəmədə iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək bildirdi ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə üzrə ödənilmiş mənəvi zərərin məbləğinin azaldılması barədə iddiaçı heç bir şikayət verməmişdir. Bundan başqa, bildirmək istəyir ki, vəfat etmiş şəxs əməliyyata planlı QK xəstəsi kimi qəbul olunmuşdur. Bu isə o deməkdir ki, xəstənin əməliyyata buraxılması üçün həkim terapevt, anastezioloq və şöbə rəisi öz rəylərini yazılı şəkildə təqdim edirlər. Əlavə olaraq, vəfat etmiş şəxs birinci QK əməliyyatından sonra 3 ay keçmədən hamilə qalmışdır. Nəzərə alsaq ki, QK aparılmış yer üzərindəki kəsik gec birləşir, növbəti hamiləliyə yalnız 3 ildən sonra icazə verilir. Bu o deməkdir ki, məsuliyyətin bir hissəsini vəfat etmiş şəxs məlumatlı olaraq öz üzərinə götürmüşdür. Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokola əsasən, qanaxmalar əməliyyat dövründə və ondan sonra ağırlaşma kimi nəzərə alına bilər. Həmin protokola əsasən, QK əməliyyatının aparılmasında mama-ginekoloq, anestezioloqreanimatoloq, terapevt və həkim laborantlar iştirak edir. Qan itkisinin qarşısını almaq üçün xəstələrə qan köçürülməsi həyata keçirilir. Bu isə birbaşa anestezioloq-reanimatoloq tərəfindən aparılan əməliyyatdır. Müəyyən edilmiş faktlardan biri odur ki, əməliyyat zamanı qan köçürülməsinin mümkün olmaması qanın xəstəxanada olmaması olmuşdur. Qeyd olunanları nəzərə alaraq, cavabdeh hesab edir ki, baş vermiş hadisədə təqsiri yalnız və yalnız iddiaçıda - cərrahginekoloqda görmək və bütün məsuliyyəti iddiaçının üzərinə yıxmaq olmaz. Bu səbəbdəndə iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin №1(049)-180/2020 saylı, 27 avqust 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin №2(006)- 3677/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsə münasibətdə qismən təmin edilmişdir. iddia “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsdən X3 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pul tutulmuşdur. İddia digər hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hazırda da iddiaçı dəymiş mənəvi zərərə görə Cavabdehnın əvəzinə ödədiyi məbləği reqres qaydada ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən,“Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3.-cü maddəsinə əsasən,“Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən,”Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2.-ci maddəsinə əsasən,”Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən,”Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1.-ci maddəsinə əsasən, “Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.” Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək hesab edir ki, Cavabdeh işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş və fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan X2 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Nəticədə iddiaçı tərəfindən X3 xeyrinə vurulmuş mənəvi zərərə görə 40000 (qırx min) manat məbləğində pul tutulmuşdur. Bu səbəbdən məhkəmə hazırki iddia tələbini əsaslı hesab edir və iddia tələbi təmin edilməklə 40000 (qırx min) manat məbləğində pul Cavabdehdan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh hərəkətləri nəticəsində dəymiş 40 000 (qırx min) manat maddi ziyanın və dövlət rüsumu əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul tutularaq iddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X7 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar