Məhkəmə qərarları › İş №e-2(060)-3386/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3386/2025

02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3386/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hadisə nəticəsində ona vurduğu zərərin, yəni 9680 manat məbləğində pulun, vəkilə ödənilmiş 300 manat məbləğində pulun və 120 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 01:22 radələrində Cavabdeh idarə etdiyi “Opel Zafira” markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi ilə üzü Azadlıq prospekti ilə olan kəsişməyə doğru işıqforun qırmızı işığının tələbini pozub kəsişməyə daxil olarkən onun, yəni İddiaçı idarə etdiyi “Kia” markalı **-LG-*** dövlət nömrə nişanlı avtomobil ilə Azadlıq prospektindən Akademik H.Əliyev küçəsi ilə olan kəsişməyə doğru işıqforun yaşıl işığından kəsişməyə daxil olarkən toqquşma baş vermişdir. Nəticədə avtomobili yararsız vəziyyətə düşmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş, araşdırma nəticəsində Cavabdeh hadisənin törənməsində günahkar olduğu müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən ona 5000 manat məbləğində ödəniş edilmişdir. Lakin avtomaşına dəyən ümumi zərərin məbləği 14680 manat təşkil edir. Bu hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Yerdə qalan 9680 manat məbləğində pulu cavabdehdən tələb etsə də, o, pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, qəza baş verməzdən əvvəl qarşısından polis maşını keçmişdir. İşıqforun qırmızı işığı sönən anda polis maşını ilə bərabər o da işıqforu keçmişdir. Polis maşını yolun sol istiqamətinə dönmüş, o isə düz davam etmişdir. İddiaçı isə qarşıdan işıqforun yaşıl işığının sönməsinin son anında sürətini artıraraq düz irəliləmişdir. Nəticədə onun avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Günahının ona aid olan hissəsini, yəni işıqforun qırmızı işığının tam sönməsini gözləmədən keçməyində qəbul edir. İddiaçı da işıqforun yaşıl işığının sönməsi zamanı avtomobilinin sürətini artıraraq hərəkət etməklə qanunla müəyyən edilmiş hərəkət texnikasını pozmaqla günahkardır. Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsində avtomobili cərimə meydançasında saxlanılaraq işin araşdırılacağı bildirilsə də, iş üzrə heç bir araşdırma aparılmamışdır. Humanistlik edərək inzibati tənbeh vermə haqqında qərardan şikayət verməmişdir ki, iddiaçı tərəf sığorta ödənişi ala bilsin. 5000 manat məbləğində sığorta ödənişi almışdır. Ekspert rəyində dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı müəyyən olunmuş məbləğlə razı deyildir. Hesab edir ki, həmin məbləğ əsassız olaraq hesablanmış və şişirdilmiş məbləğdir.

Tədqiq olunan sübutlar:

5. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolun surətində “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci madsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadə tərəfindən qəbul edilmiş 17 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğu üçün barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti toplanmış material ilə birgə Nərimanov RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli qərarından görünür ki,Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir.

8. “X1” mərkəzi tərəfindən verilmiş qüsur aktından görünür ki, **-LG-*** dövlət qeydiyyat nişanlı, “Kia K3” markalı avtomobilin təmir və bərpası 18960 manat məbləğində qiymətləndirilmişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1586 saylı ekspert rəyindən görünür ki, məhkəmə qərardadına əlavə olunmuş izahat sənədlərinə istinadən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin qüsur aktında qeyd olunan ehtiyat hissələrinə zərər dəydiyi ehtimal olunur. Sərf olunan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri 10142 manat, görülmüş işlər üçün sərf olunan işçilik haqqı isə 2700 manat təşkil edir.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

2. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

3. Belə ki, iddiaçının mülkiyyətində olan **-LG-*** dövlət qeydiyyat nişanlı Kia K3” markalı avtomobilin Cavabdeh idarə etdiyi “Opel Zafira” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən təqsirli bilinmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X1” mərkəzi tərəfindən verilmiş qüsur aktı ilə **-LG-*** dövlət qeydiyyat nişanlı, “Kia K3” markalı avtomobilin təmir və bərpası üçün çəkilmiş xərc 18960 manat məbləğində qiymətləndirilmişdir.

4. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.

5. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

6. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

7. Məhkəmə qeyd edir ki, iş materialları ilə **-LG-*** dövlət qeydiyyat nişanlı Kia K3” markalı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.

8. Məhkəmə ödənilməli olan zərərin məbləği ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş MB-18/1586 saylı rəydən görünür ki, məhkəmə qərardadına əlavə olunmuş izahat sənədlərinə istinadən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin qüsur aktında qeyd olunan ehtiyat hissələrinə zərər dəydiyi ehtimal olunur. Sərf olunan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri 10142 manat, görülmüş işlər üçün sərf olunan işçilik haqqı isə 2700 manat təşkil edir.

9. Məhkəmə hesab edir ki, **-LG-*** dövlət qeydiyyat nişanlı Kia K3” markalı avtomobilə vurulmuş ziyanın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, "xxxx" MMC tərəfindən verilmiş MB-18/1586 saylı rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir.

10. Maddi zərərə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulan ziyan məbləği 12842 manat (12842 – 5000 = 7842) müəyyənləşdirilməlidir.

11. Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin xidmətlərinə görə 300 manat məbləğində ödəniş edilmişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

13. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.

14. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza iddiaçının təqdim etdiyi iddia tələbinə münasibətdə təyin edilmiş və həmin xərc yaranmışdır. Məhkəmə "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir.

15. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilməlidir.

QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7842 (yeddi min səkkiz yüz qırx iki) manat pul vəsaiti və ödənilmiş 120 manat dövlət rüsumunun 98 (doxsan səkkiz) manat, 42 (qırx iki) qəpik hissəsi, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar