Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3389/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fikrət Hətəmov İddiaçı MMC-nin təsisicisidir. Şirkət onun tərəfindən 2004-cü ildə təsis olunub. Şirkətin direktoru Gülşən Hacıyevadır. Şirkətin əsas fəaliyyəti yükdaşımalardan ibarətdir. Şirkətin balansında 8 yük və 2 furqon avtomobilləri var. Şirkətə məxsus avtomobilləri zərurət olduqda təmir etmək üçün "xxxx" və ehtiyat hissələri almaq üçün "xxxx" şirkətləri ilə müqavilələr bağlanmışdır. Cavabdeh1 şirkətə əmək müqaviləsi ilə sürücü vəzifəsinə qəbul edilib. 2020-ci ildə müəssisənin əmri ilə sürücü-mexanik vəzifəsinə kecirilib. Cavabdeh1 vəzifə səlahiyyətlərinə şirkətə məxsus avtomobillərin təmiri, ehtiyat hissələrinin alınması və sürücülərin işinə rəhbərlik daxil idi. Avtomobillərin təmiri və ehtiyat hissələrinin alınması aşağıdakı qaydada aparılır: avtomobilin sürücüsü avtomobildə nasazlıq barədə sürücü- mexanikə Cavabdeh1 məlumat verir. Sürücü-mexanik Cavabdeh1 avtomobilə baxış keçirir, sonra avtomobilin harada təmir oluna biləcəyini və hansı ehtiyat hissələrinin lazım olduğunu müəyyən edərək sifariş-naryad tərtib edir. Sifariş naryadda hansi təmir işlərinin aparılması və məbləği göstərilir, 2 nüsxədə tərtib olunur. Həmin sifarişnaryad müəssisənin direktoru və ya əməliyyat üzrə müavin və ya baş mühasib tərəfindən təsdiqlənir. Bundan sonra sürücümexanik həmin sifariş-naryadı təmir aparan şirkətə təqdim edir. Avtomobil təmir olunduqdan sonra təmiri aparan şirkət qaimə təqdim edir və təmir üçün pul vəsaiti həmin şirkətin hesabına köçürülür. Eyni qaydada ehtiyat hissələrinin alınması aparılır. 2023-cü ilin yanvar ayında "xxxx" MMC-nin xidmətlərinin baha olduğunu nəzərə alıb, müəssisənin avtomobillərinin həmin şirkətdə təmir olunmasını qadağan etmişdir. Buna baxmayaraq, "xxxx" müəssisəsindən zəng edərək şirkətin onlara borcu olması barədə məlumat verilmişdir. Fikrət Hətəmov əvvəl elə başa düşmüşdür ki, əvvəlki xidmətlərə görə borc qalmış və pulun ödənilməsinə söz vermişdir. Təxminən 2023-cü ilin sentyabr ayında yenidən zəng edərək və bu dəfə borcun 52000 manatı keçməsini söyləmişdilər. Bundan sonra o, yoxlama keçirilməsinə göstəriş vermişdir. Müəssisədə yoxlama zamanı müəyyən olmuşdur ki, Cavabdeh1 şirkətə aid olmayan avtomobillərin sürücüləri ilə əlaqəyə girib onların avtomobillərini ucuz qiymətə təmir olunmasını vəd edib və sürücülərdən müəyyən məbləği nəğd aldıqdan sonra saxta sifariş-naryad tərtib edib həmin sənəddə şirkətə məxsus avtomobillərin dövlət qeydiyyat nömrəsini qeyd etməklə, şirkətə məxsus olmayan avtomobilləri "xxxx" şirkətində təmir etdirsə də, sifariş-naryadda şirkətin avtomobillərinin dövlət qeydiyyat nömrəsi qeyd olunduğundan hesab-faktura onun şirkətinə daxil olmuş və 52651,69 manat borc yaranmışdır. Bununla əlaqədar, Cavabdeh1 dəvət olunmuş və ona sifariş-naryadı olmayan xidmət barədə qaimələr təqdim edilmişdir. O, həmin qaimələri nəzərdən keçirib müəyyən hissəsini saxtalaşdırmasını etiraf etmiş, müəyyən hissəsinin xatırlamadığını bildirmişdir. Onun valideynləri ilə söhbətdən sonra 4000 manat ödənilmişdir. Lakin qalan ödənişi ödəməkdən imtina etmişdir. Bundan sonra Cavabdeh1 barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə şikayət edilmişdir. Nərimanov rayon Polis İdarəsində araşdırma aparılarkən Cavabdeh1 etdiyi əməli etiraf etmiş, Şirkətə məxsus olmayan maşınları İddiaçı MMC-nin "xxxx" şirkətində təmir etdirmişdir. Həmin avtomaşınlardan pulları nağd şəkildə almış və elektron qaimələr isə İddiaçı MMC-yə göndərilmişdir. Həmin araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən mənimsənilən məbləğ 37994,94 manat təşkil edir. Cavabdeh1 şirkətə əmək müqaviləsi üzrə xx.xx.2022-ci ildə sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə «X7» MMC ilə “ASR Servises LTD”nin avtomobillərə texniki xidmət göstərilməsi barədə müqavilə bağlanması,xx.xx.2023-cü ildə "xxxx" MMC ilə "xxxx" şirkətinin ehtiyat hissələrinin alınmasına dair müqavilələrin olması müəyyən edilmişdir. Bundan sonra Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X6 10 mart 2025-ci il tarixli qərarı ilə cinayət işini başlanmasının rədd olunması barədə qərar qəbul olunaraq mülki qaydada məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sərxan özü də ziyan vurduğunu etiraf etmişdir. Bundan başqa izahatı zamanı və aralarında olan söhbətlər zamanı Sərxan həmişə bildirdi ki, Cavabdeh1 həmin nasazlığın aradan qaldırılması üçün şirkətin müqaviləsi olan "xxxx" şirkətinin nümayəndəsi İlkinlə əlaqə saxlayırdı. Avtomaşınları göndərdiyi barədə ona məlumat verirdi. Göründüyü kimi Cavabdeh2 "xxxx" Şirkətinə məxsus avtomaşınları tanıyırdı. Kənar maşınların həmin servisdə "xxxx"-nin adından təmir olunmasına Cavabdeh2 da köməklik göstərmişdir. Əlbətdə ki, birlikdə pulu almışlar və ziyan onların hər ikisi tərəfindən vurulmuşdur. Göründüyü kimi şirkətə vurulmuş ziyan hər iki şəxs tərəfindən vurulduğundan qeyd olunan 37994,94 manat müştərək qaydada hər ikisindən tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərərk qaydada İddiaçı MMC-yə vurulmuş ziyanın əvəzi olaraq 37994,94 manat məbləğində pul və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Hazırda həmin məbləğdən 4000 manat ödəniş etmişdir. Qeyd olunan məbləği sadəcə 15000 manat hissədə qəbul edir və həmin ödənişdən hissə-hissə ödəniş etməyə etiraz etmir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh2 məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, o, "xxxx" MMC-də işləyir. İddiaçı hüquqi şəxs "xxxx" MMC ilə "xxxx" MMC-nin müqaviləsi mövcud olmuş, müqavilə əsasında "xxxx" MMC-nin təqdim etdiyi nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi və ehtiyat hissələrin alqı-satqısı olmuşdur və "xxxx" MMC-nin nümayəndəsi kimi Cavabdeh1 həmin şirkətin adından çıxış etmişdir. Cavabdeh1 bəzi hallarda şirkətə gələn avtomobillərə xidmət göstərilməsi, bəzi hallarda isə hər hansı ehtiyat hissənin alınması üçün müraciət etmişdir. Şirkət adından sifarişlər qəbul edildikdən sonra bu barədə sənədlər imza üçün "xxxx" MMC-yə göndərilmiş və e-qaimələr əsasında ödənişlər icra edilmişdir. Bununla bağlı Bakı Kommersiya Məhkəməsində iş olmuş və "xxxx" MMC borclu olduğu pulu ödəmişdir. Əsas etibarı ilə iddia ərizəsində də qeyd edildiyi kimi Cavabdeh1 iddiaçının nümayəndəsi olmuş və işləri birbaşa o, sifariş etmişdir. Onun hər hansı bir yalanı və ya yanlış məlumatı olubsa belə bunun onunla əlaqəsi olmamışdır. Belə ki, iddia ərizəsində deyilir ki, "Kənar maşınların həmin servisdə ASR Services LTD-nin adından təmir olunmasına Cavabdeh2 da köməklik göstərmişdir. Əlbətdə ki, birlikdə pulu almışlar və ziyan onların hər ikisi tərəfindən vurulmuşdur.". Lakin iddiaçı onunla əlaqəli hər hansı sübut təqdim edə bilməmişdir, edə də bilməz. Çünki onun heç bir şəxsin vəsaitini mənimsəməyi kimi hal baş verməmişdir. Bundan başqa, işinin çoxluğu ilə əlaqədar olaraq, məhkəmə iclasında iştirak edə bilmir. Göstərilənləri nəzərə almaqla, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, 2019-2020-ci ildən etibarən "xxxx" MMC ilə müqavilə əsasında işləyirdilər. Maşınlara xidmət göstərilirdi və maşınlara xidmət göstərilməsində əlaqələndirici şəxs kimi Cavabdeh1 təyin edilmişdir. Cavabdeh1 şirkətə əmək müqaviləsi ilə sürücü vəzifəsinə qəbul edilmişdir. Həmçinin, Cavabdeh1 İddiaçı MMC ilə "xxxx" MMC arasındakı nəqliyyat vasitələrinin təmiri və digər işlərinin görülməsi ona həvalə olunmuşdur. "xxxx" MMC-də xidmət baha olduğuna görə 2022-ci ildə digər xidmət taparaq onlarla işləməyə başladılar. Bununla bağlı Cavabdeh1 da bildirilmişdir ki, nəqliyyat vasitələrinə "xxxx" MMC-də xidmət göstərilməsin. Buna baxmayaraq, Cavabdeh1 İddiaçı MMC adından istifadə edərək "xxxx" MMC-dən avtomobil ehtiyat hissələri götürmüş digər şəxslərə satmışdır. Şirkətə gəlmiş qaimədə şirkət üçün alınmamış ehtiyyat hissələri olduğunu görmüşdür. Bu barədə Cavabdeh1 dedikdə, o onlara aid olmadığını və qaimələri ləğv edəcəklərini bildirdi. O, "xxxx" MMC-yə gedib, qaimələri göstərdikdə, ordan ona İddiaçı MMC-yə məxsus nəqliyyat vasitələrinin onlara gətirildiyi bildirildi. Kameralara baxıb, əməkdaşlarla əlaqə saxladılar. "xxxx" MMC saat və tarixə uyğun kart açır. Həmin saat və tarixdə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitələrinə xidmət göstərilmiş şirkətdən yükdaşımalarını digər bina ərazisinə aparır. Onlar həmin şirkətlərdən sorğu almışlar və nəqliyyat vasitələrində olan GPS izləmə vasitəsilə müşahidə apardıqda tərəflərə şirkətə məxsus olan nəqliyyat vasitələrinin işdə olduqlarını aşkar etdilər. Sübuta yetirildi ki, onların şirkətinə məxsus nəqliyyat vasitələrinə xidmət göstərilməyib. Daha sonra Cavabdeh1la bu barədə danışdıqları zaman Cavabdeh1 etiraf etmişdir ki, "xxxx" MMC-dən ehtiyat hissələri götürmüş və digər nəqliyyat vasitələrini orada təmir etdirmişdir. Bu nəqliyyat vasitələri İddiaçı MMC-yə məxsus olmamışdır. Aldığı ehtiyat hissələrini isə satmışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, Cavabdeh1 şirkətə əmək müqaviləsi ilə sürücü vəzifəsinə qəbul edilmişdir. Həmçinin avtomobillərin təmiri, ehtiyat hissələrinin alınması da ona həvalə olunmuşdur. 2022-ci ilin sonlarından etibarən nəqliyyat vasitələrinin təmiri üçün "xxxx" MMC-yə getməmişlər. İddiaçı MMC tərəfindən nəqliyyat vasitələrinin başqa şirkətdə təmir ediləcəyi bildirilmişdir. Ehtiyat hissələrinin qiymətləri baha olduğu üçün "xxxx" MMC-yə nəqliyyat vasitələrinin təmiri üçün müraciət etməmişlər. 2023-cü ildən etibarən nəqliyyat vasitələrini yeni şirkətə aparırlar. O, İddiaçı-də sürücü işləyir. Cavabdeh1 İddiaçı MMC-yə vurduğu ziyan barədə məlumatlı olsa da, ziyanın məbləği barədə məlumatı yoxdur.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, İddiaçı-də sürücü işləyir. Cavabdeh1 şirkətə əmək müqaviləsi ilə sürücü vəzifəsinə qəbul edilmişdir. Həmçinin avtomobillərin təmiri, ehtiyat hissələrinin alınması da ona həvalə olunmuşdur. 2022-ci ilin sonlarından etibarən nəqliyyat vasitələrinin təmiri üçün "xxxx" MMC-yə getməmişlər. İddiaçı MMC tərəfindən nəqliyyat vasitələrinin başqa şirkətdə təmir ediləcəyi bildirilmişdir. Ehtiyat hissələrinin qiymətləri baha olduğu üçün "xxxx" MMCyə nəqliyyat vasitələrinin təmiri üçün müraciət etməmişlər.
13. İş materiallarında olan Nərimanov RPİ İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi X1 müəssisənin əmlakının ələ keçirilməsi barədə məlumatı ilə əlaqədar aparılan araşdırma zamanı Cavabdeh1 əməlndə cinayət tərkibi müəyyən olunmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh1 İddiaçı MMC-yə maddi ziyan vurmasına və “X7” MMC arasında yaranmış mübahisə mülki münasibətlərdən yaranmış mübahisə kimi qiymətləndirilməsi və mülki mühakimə qaydasında həll edilməsinin tövsiyə olunması qərara alınmışdır.
14. Həmin qərardan görünür ki, Cavabdeh1 öz izahatında göstərmişdir ki, 2018-ci ildə "xxxx" MMC-nə əmək müqaviləsi ilə sürücü qəbul edilmişdir. Müəssisənin əsas fəaliyyəti Respublika daxilində yüklərin daşınmasından ibarət olmuşdur. Yükləri daşımaq üçün müəssisənin koordinatorları sürücülərə yükün yeri və hara daşınması barədə məlumat verir, sürücü avtomobillə həmin təşkilata gedib avtomobili yüklətdirib lazım olan ünvana çatdırırdı. Yükün daşınması üçün sifarişçi təşkilat tərəfindən sürücüyə qaimə verilmirdi. Sürücüyə ancaq bu barədə məktub verilirdi. 2020-ci ildən şirkətin təsisçisi X9 Vəliyevə şirkətə məxsus avtomobillərin təmiri ilə məşğul olmağı tapşırmışdır. Təmir aşağıdakı qaydada aparılırdı: sürücü ona avtomobildə olan nasazlıq barədə məlumat verir, Cavabdeh1 həmin nasazlığın aradan qaldırılması üçün şirkətin müqaviləsi olan "xxxx" şirkətinin nümayəndəsi İlkin, Simran, Aqil, Şahin adlı şəxslərlə telefon əlaqəsi yaradır və hansı avtomobilin təmir üçün gəlməsi barədə məlumat verirdi. Sürücü avtomobili "xxxx" şirkətinə sürüb təmir olunması üçün təhvil verirdi. Avtomobil təmir olunandan sonra "xxxx" şirkəti tərəfindən "xxxx" MMC-nə hesab-faktura göndərilir və bunun əsasında görülmüş İşlərin dəyəri ödənilirdi. Cavabdeh1 qazanc əldə etmək üçün 2023-cü ilin əvvəllərindən başlayaraq, «İmproteks» şirkətinə təmir üçün işlədiyi şirkətə məxsus olmayan avtomobilləri göndərməyə başlamışdır. Həmin avtomobillərin sürücüləri onun əlaqə yaradır və maşınlarını təmir edilməsini xahiş edirdilər. Sərxan da onlardan buna görə təmirin dəyərindən asılı olaraq müxtəlif məbləğlərdə nəğd pul alaraq "xxxx" şirkəti ilə telefon əlaqəsi yaradıb şirkətə məxsus avtomobilin təmir üçün gətirilməsini bildirir və "xxxx" MMCyə məxsus hər hansı avtomobilin dövlət qeydiyyat nömrəsini bildirdiyindən sənəddə həmin nömrə qeyd olunurdu. İmprotex şirkətinin nümayəndəsi isə dövlət qeydiyyat nişanına əhəmiyyət vermirdi. "xxxx" şirkəti tərəfindən İşlədiyi şirkətə məxsus olmayan maşınlar təmir edilsə də, təmir haqqı "xxxx" MMC-dən tələb olunurdu. Avtomobilləri təmir etmək üçün əvvəllər PQ formalı sənəd tərtib edirdi, lakin son 4-5 ayda həmin sənəd tərtib olunmurdu. Son vaxtlar həm də sürücü kimi işlədiyindən "xxxx" şirkətinə getməyə vaxt tapmamışdır. Bu səbəbdən sənədi tərtib etməmişdir. Şirkətin mühasibatlığından və rəhbərliyindən "xxxx" şirkətindən hesab-fakturaların daxil olmasını bildiriləndə yalan olaraq şirkətin hər hansı avtomobilinin təmir olunması barədə məlumat vermişdir. Şərkətə məxsus olmayan neçə ədəd avtomobilin "xxxx" şirkətində təmir etdirməsi, həmin avtomobillərin dövlət qeydiyyat nişanlarını, markalarını və sürücülər barədə qeydiyyat aparmadığından həmin avtomobillər barədə məlumat verə bilmir. Həmin işləri görməkdə "xxxx" şirkətində və işlədiyi şirkətdə bu işdə hər hansı yolla ona kömək edən olmamışdır. Avtomobillərini təmir etdirmək istəyən sürücülərdən avtomobilini birinci təmir etdirən sürücü hardansa onun telefon nömrəsini bilib, zəng etmiş və avtomobilini təmir etdirməyi xahiş etmişdir. O da razılıq vermişdir. Bundan sonra sürücülər həmin xahişlə zəng etməyə başlamışdılar. Sürücü hansı işlərin görülməsini ona bildirirdi. O da həmin işlərin hansı qiymətə görülməsini bildiyindən həmin məbləğin yarısını sürücüdən nəğd alırdı. "xxxx" şirkətinə 52651,69 manat ziyan dəyməsi iddianı qəbul etmir. Ancaq 15000 manat iddia ilə razıdır. Həmin məbləğin 4000 manatını ödəmişdir. Qalan ziyanı birdəfəyə ödəmək imkanı yoxdur, hissə-hissə ödəyə bilər.
15. Həmin qərardan görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi sənədlərdən və aktlardan görünür ki, Cavabdeh1 tərəfindən mənimsənilən məbləğ 37.994,94 manat təşkil edir. Cavabdeh1 şirkətə əmək müqaviləsi üzrə xx.xx.2022-ci ildə sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə “X7” MMC ilə "xxxx" LTD-nin avtomobillərə texniki xidmət göstərilməsi barədə müqavilə bağlanması, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" LTD şirkətinin ehtiyyat hissələrinin alınmasına dair müqavilələrin olması müəyyən edilmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Eyni Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Məhkəmə hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
22. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.”
24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar:
25. “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.”
26. Əmək Məcəlləsinin 199.1-ci maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
27. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-nin direktoru X1 "xxxx" MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh1 dələduzluq edərək şirkətə 52651,69 manat maddi ziyan vurması ilə bağlı müraciəti əsasında toplanmış material Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir.
28. Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh1 izahat verərək həmin şirkətə 15000 manat ziyan vurduğunu, həmin məbləğin 4000 manatını ödədiyini, qalan ziyanı bir dəfəyə ödəmək imkanının olmamasını, hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan başqa "xxxx" MMC-nin təqdim etdiyi sənədlərə və aktlara əsasən, Cavabdeh1 tərəfindən mənimsənilən məbləğin 37.994,94 manat təşkil etdiyi, xx.xx.2020-ci il tarixdə “X7” MMC ilə "xxxx" LTDnin avtomobillərə texniki xidmət göstərilməsi barədə müqavilə bağlanması, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" LTD şirkətinin ehtiyyat hissələrinin alınmasına dair müqavilələrin olması müəyyən edilmişdir.
29. Beləliklə qeyd olunan qərardan görünür ki, Cavabdeh1 iddiaçı müəssisəyə ziyan vurduğunu qismən etiraf etmişdir.
30. Məhkəmə qeyd edir ki, Cavabdeh1 hazırda vurulmuş ziyanın 37.994,94 manat deyil, məhz 11.000 manat məbləğində olduğunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
31. Əksinə, Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh1 tərəfindən mənimsənilən məbləğin 37.994,94 manat təşkil etdiyi müəyyən edilmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 37.994,94 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
33. İddianın Cavabdeh2 münasibətdə məhkəməyə qeyd edir ki, iddiaçı cavabdehlərin ona 37.994,94 manat məbləğində ziyan vurduqlarını bildirsə də, ziyanın məhz Cavabdeh2 tərəfindən vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
34. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
35. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
37. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
38. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
39. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
40. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
41. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
42. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 37994,94 (otuz yeddi min doqquz yüz doxsan dörd manat, doxsan dörd qəpik) manat məbləğində pul, habelə ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. 43 Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Həmin Məcələnin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 37994,94 (otuz yeddi min doqquz yüz doxsan dörd manat, doxsan dörd qəpik) manat məbləğində pul, habelə ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva