Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3402/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8594,17 manat əsas, 3419,80 manat faiz borcu və 106,12 manat cərimə olmaqla, cəmi 12120,09 manatın və ödənilmiş 126 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh3 arasında bağlanmış 15 may 2019-cu il tarixli 11/0582/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 15 may 2019-cu il tarixli dörd tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********620 saylı, xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh3 xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 12120,09 manat təşkil edir. Bundan 8594,17 manat əsas, 3419,80 manat faiz, 106,12 manat cərimə borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh3 xx.xx.1980-ci ildə, Cavabdeh2 xx.xx.1970-ci ildə Yevlax rayonunda anadan olmuşdur. Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh1 xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 15 may 2019-cu il tarixli, 11/0582/DİK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 25 faizlə, 10000 manat kredit vermişdir. İddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən onlar, Cavabdeh3 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərlərinə götürmüşlər. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıya 36 ay müddətinə hər ay 397,60 manat, sonuncu ay 397,53 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehlərə 18 avqust 2021-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021-ci il tarixinə banka əsas borc üzrə 8594,17 manat, faiz borcu üzrə 3419,80 manat və 106,12 manat cərimə olmaqla, cəmi 12120,09 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı 126 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh3 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixinə onun banka əsas borc üzrə 8594,17 manat, faiz borcu üzrə 3419,80 manat borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 8594,17 manat əsas borc məbləğinə 106,12 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən Cavabdeh3 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşlar. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 8594,17 manat, faiz borcu üzrə 3419,80 manat, cərimə üzrə 106,12 manat olmaqla, cəmi 12120 (on iki min yüz iyirmi) manat 09 (doqquz) qəpik borc və 126 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3402/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3402/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver