Məhkəmə qərarları › İş №e-2(060)-3408/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3408/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3408/2025 20.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 3M-1354 nömrə ilə qeydiyyata alınmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000,0 (bir yüz min) manat borcun və iddianın verilməsi üçün ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada 2023-cü il 13 aprel tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən borcverən qismində çıxış edən iddiaçı borcalan qismində çıxış edən cavabdehə 300.000 manat məbləğində pul vəsaitini borca vermişdir. Cavabdeh müqavilə şərtlərinə əsasən həmin borcu hissə-hissə olmaqla 2024-cü il 1 aprel tarixədək qaytarılmasını öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə qalıq 100.000 manat məbləğində borcun və məhkəmə xərcinin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

Tərəflərin mövqeləri:

3. 18.11.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qəbzlərlə bağlı məlumatları olmuşdur. Diskin dinlənilməsinə etiraz etmir, lakin sübut kimi qəbul edilməsinə etiraz edir. Cavabdehin hansı formada pulu qaytardığını bilmir. Ramazan müəllim ona 200 min manatın qaytarıldığını demişdir.

4. 18.11.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, obyekti mart ayında təhvil almışdır. Təhvil alan zaman da qalığı var idi. 300 min manatın üstünə 15 min manat əlavə gəlmiş və o da qrafikə düşmüşdür. Gələn ildən belə olmayacağını iddiaçıya demişdir. Eyni anda 3 restoran işlətmişdir. Onun kassası olmuş, lakin iddiaçının mühasibi təsdiqləmişdir. Ramazan müəllimin mühasibi həm də onun işlərini aparmışdır. İşlədiyi restoranlardan qazandığı məbləğlərdən və kassaya etdiyi mədaxillərdən toplanmış pul vəsaitini çıxarmışdır. Obyekti 3 illik danışmışlar. Özünün də məqsədi o olmuşdur ki, rəqəm qalxmasın. Müqavilə müddəti bitəndən sonra münasibətləri korlanmamış, davam etmişdir. İkinci dəfə iddiaçı formal borc müqaviləsi bağlamaq istəyərkən zəng etmiş, vergi də pul istəmişdir. İddiaçı kişi kimi ikisinin danışdığını, ikinci il notariusa pul qoymadığını demişdir. İlk öncə 25% qazancla gətirilmiş, daha sonra isə Ramazan müəllim şərtləri pozmuşdur.

5. 18.11.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, əmlaklar icarəyə verilərkən bütün danışıqlar maddi daşıyıcıda qeydə alınmışdır. Həmin gün iki müqavilə biri icarə müqaviləsi, digəri borc müqaviləsidir. Şirkətə faktiki sahibliyi Ramazan müəllim həyata keçirmiş və bütün əmlaklara nəzarət etmişdir. 3 illik icarə haqqı 900 min manat miqdarında müəyyən olunur. Lakin qrafikdə bir ilin icarə haqqı yazılır. Cədvəl üzrə cavabdeh 1 il 8 ay ərzində 500 min manatdan artıq məbləğdə pul ödəmişdir. 342 min manat nağd şəkildə ödəniş etmişdir. Aylar üzrə aprel və may aylarının sənədləri yoxdur. Mülki Məcəllədə də öhdəliyə xitam verilməsinin əsaslarından biri öhdəliyin qəbul olunması göstərilmişdir. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Noyabr ayına kimi icarə haqqı tam şəkildə ödənilmişdir. Qeyd edilmişdir ki, noyabr ayında 10 manat, dekabr ayında isə 15 min manat 50 qəpik, cəmi 25 min manat 50 qəpik məbləğində borc qalmışdır. İlin axrına həmin qrafik üzrə Novruz müəllim 255 min manat pul ödəməli idi. Sonrakı ilin yanvar ayının sənədi yoxdur. 2024 ilin mart ayının birinə 27507 manat borc yaranmışdır. Ramazan müəllim özü düzəliş edərək 27200 manat borcun qaldığını yazmışdır. 285 min manatdan 27200 manat borc qalmışdır. Yəni 257 min manat borc qalmış, daha sonra isə mart ayında da ödəniş olunmuşdur. 2024-cü ilin avqust ayında 50 min manat ödəniş olmuş, köhnə aylardan 15 min manat borc qalmışdır. Oktyabr ayının 1-nə kimi 480 min manat pul ödənilmişdir. Tərəflərin iradə ifadəsi borc müqaviləsi bağlamağa yönəlməmişdir. Müqavilə bağlandıqdan 1 il sonra da tərəflərin münasibətləri davam etmişdir. Həmin müddətdən sonra da ödənişlər vardır. Münasibətlər də dekabr ayında korlanmışdır. Dekabr ayının 10-da cavabdeh məcburi qaydada obyektdən çıxarılmışdır. 2024-cü ilin dekabr ayına kimi ödəniş olmuşdur. Tərəflərin 1 il 8 ay müddəti üçün işləri olmuşdur. Ramazan müəllimə 550 min manatdan artıq pul ödənilmişdir. Ümumi cədvəlin sonunda icarədar İddiaçı tərəfindən imza da atılmışdır. İddiaçı iddia ərizəsində 300 min manat götürüldüyünü, heç bir ödəniş edilmədiyini, daha sonra isə 200 min manatın qaytarıldığını, 100 min manatın qaytarılmadığını yazmışdır. xx.xx.2023-cü il tarixli qəbzdə 1000 manat ödəniş yazılmış, həmin tarixdə bu da öz əksini ödəniş cədvəlində tapmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı da həmin qəbzi təsdiq etmişdir.

Tədqiq olunan sübutlar:

6. 06 yanvar 2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 390 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

7. 13 aprel 2023-cü il tarixli 3M-1354 reyestr nömrəli alqı-satqı müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, borcverən (İddiaçı) borcalana (Cavabdeh) 300000 manat məbləğində borc verir. Borcalan krediti xx.xx.2024- cü il tarixədək müqavilənin, 3-cü bəndinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun qaydada borcverənə qaytarmağı öhdəsinə götürür.

8. 19 mart 2025-ci il tarixdə Vəkil tərəfindən Cavabdeh göndərilmiş AZ1000/********** nömrəli teleqramdan görünür ki, onunla bağlanmış 13 aprel 2024-cü il tarixli kredit müqaviləsi üzrə 100000 manat borcu qalmışdır. 01 aprel 2025-ci il tarixədək ödəməyi tələb olunur. Əks təqdirdə qanuna müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02 iyun 2025-ci il tarixli 3-21-2-1/2-8730/2025 nömrəli məktubundan görünür ki, dövlət reyestrində İddiaçı (VÖEN: **********) vergi uçotunun xx.xx.2017-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Dövlət reyestrində İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********), "VİLƏŞ PALACE" (VÖEN: **********), "SİRR-44" (VÖEN: **********), "SİRR-M" (VÖEN: **********), "İNAMH" (VÖEN: **********) adlı məhdud məsuliyyətli cəmiyyətlərinin təsisçisi olması barədə məlumat mövcuddur.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 iyun 2025-ci il tarixli 3-21-2-13/2-44120/2025 nömrəli məktubundan görünür ki, İddiaçı (FİN:xxxxxxx) vergi orqanında uçotda olması barədə məlumat mövcud deyildir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 iyun 2025-ci il tarixli 3-21-2-1/2-14806/2025 nömrəli məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində xx.xx.2008-ci il tarixdə vergi uçotuna alınması və vergi uçotunun xx.xx.2017-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri on iki saylı notariat ofisi tərəfindən "xxxx" ASC-nin “İnşaatçılar” şöbəsinə ünvanlanmış 1112 nömrəli, 13 aprel 2023-cü il tarixli müraciətdən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 300000 manat məbləğində pulu müqavilə onlar tərəfindən təsdiq edildikdən sonra Cavabdeh ödənilməsi üçün bankda olan VÖEN **********, AZ35BRES41040AZ**********008 depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

13. X1 ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 5/14 nömrəli icarə müqaviləsindən görünür ki, bu müqavilə üzrə mülkiyyət sənədinə əsasən obyektin ümumi sahəsi 973.8 kv.m, icarəyə verilmiş obyektin sahəsi ayrı-ayrılıqda, əsas sahəsi 5.40.2 kv.m, olan o, cümlədən köməkçi sahəsi 230.1 kv.m olan obyekti icarə haqqı müqabilində icarəçinin istifadəsinə verməyi öhdəsinə götürür. Obyektin fəaliyyət göstərdiyi ünvan ünvan 1 icarəyə verilən binadan restoran kimi istifadə edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı ayda 1000 manat təşkil edir.

14. X1 ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 5/12 nömrəli icarə müqaviləsindən görünür ki, bu müqavilə üzrə mülkiyyət sənədinə əsasən obyektin ümumi sahəsi 2072.8 kv.m, icarəyə verilmiş obyektin sahəsi ayrı-ayrılıqda, əsas sahəsi 1181.9 kv.m, olan o, cümlədən köməkçi sahəsi 890.9 kv.m olan obyekti icarə haqqı müqabilində icarəçinin istifadəsinə verməyi öhdəsinə götürür. Obyektin fəaliyyət göstərdiyi ünvan ünvan 1 icarəyə verilən binadan otel kimi istifadə edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı ayda 1000 manat təşkil edir.

15. Sübut növündə cavabdeh tərəfindən tərəflərin arasında müqavilənin bağlanması vaxtı –iddiaçının özünün xəbərdar olaraq səs yazılmasını təsdiqləyən disk və flaşkart əlavə edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının e-2- 2(102)-603/2025 saylı, xx.xx.2025-ci il tarixli İddiaçı Cavabdeh qarşı iş üzrə qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -700-cü madəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: - Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

20. Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

21. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində kredit (borc) müqaviləsi bağlanmışdır. Əslində bu müqavilə icarə müqaviləsinin şərtlərini özündə ehtiva etmişdir. Belə ki, iddiaçı cavabdehlə belə bir müqaviləni bağlayan zaman icarəyə verdiyi obyektdən əldə edəcəyi icarə haqqını rəsmiləşdirmək üçün bağlamışdır. Bunu tərəflər arasında olan razılaşmanı əks etdirən disk də təsdiq edir. Müqavilənin şərtindən də görünür ki, borcverən (İddiaçı) borcalana (Cavabdeh) 300000 manat məbləğində borc verir. Borcalan krediti xx.xx.2024cü il tarixədək müqavilənin, 3-cü bəndinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun qaydada borcverənə qaytarmağı öhdəsinə götürür. Əslinə bu müqavilə icarə haqqının ödənilməsinə yönəlmişdir. Belə olan halda isə bu müqavilə Mülki Məcəllənin müddəaları baxımından alqı-satqı müqaviləsinin şərtləri ilə eynilik təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, aşağıdakı normalar tətbiq edilməklə mübahisəyə qiymət verilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

24. Konstitusiya Məhkəməsinin mövqeyinə görə məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı)

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

26. Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

28. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.

29. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir.

30. Göründüyü kimi Konstitusiya Məhkəməsi tərəfindən bu qəbildən olan əqdlərlə bağlı formalaşdırılmış hüquqi mövqe tərəflərin gəldiyi iddia edilən razılıq, onların əsl niyyətlərinin ifadə olunduğu müqavilənin mövcudluğunun müəyyən edilməsi vacib həlledici əhəmiyyət kəsb edir. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərdən fərqli olaraq iddiaçı tərəfindən cavabdehə borc müqaviləsi bağlanarkən əslində borcun verilməsi barədə razılaşma iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış, tərəflər arasında belə bir sövdələşmə barədə niyyət müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 12 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli kredit (borc) müqaviləsi etibarlı olması mübahisə yaratdığından, cavabdeh tərəfindən etiraz və mülahizəsi (səs yazıları, ödəniş qəbzləri və sair) təsdiq edilərək, əslində iddiaçı tərəfindən cavabdehə borc pul məbləğinin verilməsi sübut olunmamış, işin araşdırılan hallarına əsasən yəni, iddiaçı tərəfindən iddia edilən 300 min manatdan 200 min manatın ödənilməsini təsdiq edən dəlillər məhkəmə araşdırması gedişatında təqdim edilməmişdir.

31. Beləliklə, məhkəmə tərəflərin izahatlarına və işin digər hallarına əsaslanaraq, həmçinin maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmiş, nədə ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, iddia əsassızdır və ona görə də iddia təmin edilməməlidir.

32. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığına görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar