Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-341/2023 09.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC "xxxx" Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulması tələbinə dair mülki işə 09 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC "xxxx" Bank Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında kreditdən istifadəyə görə kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək illik 24 % (iyirmi dörd faiz) dərəcəsi ilə hesablanmış 608.51 (altı yüz səkkiz ABŞ dolları 51 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 653.88 (altı yüzəlli üç ABŞ dolları 88 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 1872.53 (bir min səkkiz yüz yetmiş iki ABŞ dolları 53 sent) ABŞ dolları məbləğində penya, cəmi 3134.92 (üç min bir yüz otuz dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində pulun Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 73.30 (yetmiş üç manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bank iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Borcalana 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 24 % (iyirmi dörd faiz) ödənilməsi şərtilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Kreditor ilə X2 arasında xx.xx.2014-cü il tarixli **********29914/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Zamin Borcalanın Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün “Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zamindən tutulması haqqında” iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(060)-445/2017 №-li qətnaməsi (bundan sonra “Qətnamə”) ilə iddia tələbləri təmin edilərək, Cavabdeh və X1 müştərək qaydada 3918.85 (üç min doqquz yüz on səkkiz ABŞ dolları 85 sent) ABŞ dolları məbləğində əsas borc, 875.87 (səkkiz yüz yetmiş beş ABŞ dolları 87 sent) ABŞ dolları faiz borcu, 4.22 (dörd ABŞ dolları 22 sent) ABŞ dolları cərimə, cəmi 4798.94 (dörd min yeddi yüz ABŞ dolları 94 sent) ABŞ dolları ödəniləcəyi günə manat məzənnəsi ilə hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli, 2(105)-2917/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-445/2017 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli 2(102)- 870/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli 2(105)-2917/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 4799.16 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş və qeyd edilən ödənişlər hesabına Qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Qətnamə üzrə qət edilmiş borc məbləğinin tam şəkildə ödənilməsinə baxmayaraq, Cavabdehin Kredit müqaviləsilə nəzərdə tutulmuş kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 608.51 (altı yüzsəkkiz ABŞ dolları 51 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, Cavabdehin kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyi üçün Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1872.53 (bir min səkkiz yüz yetmiş iki ABŞ dolları 53 sent) ABŞ dolları penya borcu qalmışdır. Qeyd edilir ki, penya borcu xx.xx.2020-ci il tarixinədək hesablanmışdır. Belə ki, Bankın daxili qərarına əsasən xx.xx.2020-ci il tarixdən Kredit müqaviləsi üzrə penyanın hesablanması Borc alanın xeyrinə dayandırılmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli QB-XO-9.9.2022-001 №-li Xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərilərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7- ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunanlara əsasən Bank kreditləşmə müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablama aparıldıqdan sonra müəyyən edilmişdir ki, kreditləşmə müddətinin bitdiyi tarixdən (xx.xx.2017-ci il) əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2021-ci il) olan dövr üçün bu məbləğ 653.88 (altı yüz əlli üç ABŞ dolları 88 sent) ABŞ dolları təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ASC "xxxx" Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ilk dəfə cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehdən xx.xx.2016-cı ilə qədərki müddət üçün faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdirlər və həmin hissədə də iddia tələbləri təmin edilmişdir. Hazırda isə həmin tarixdən tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitdiyi tarixə qədər olan dövr üçün faiz borcunun ödənilməsini tələb edirlər. Eyni zamanda cavabdehdən 5 faizlə hesablanmış faiz borcu və cərimə borcunun tutulmasını xahiş edirlər. Hesab edirlər ki, iddia tələbi tam əsaslıdır. Bundan başqa iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı bildirir ki, Bank ilk dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdə artıq iddia müddətinin axımı kəsilmişdir. Cavabdeh müəyyən ödənişlər etmişdir. Borcun etiraf edilməsinə doğru yönələn sonuncu hərəkətdən sonra iddia müddətinin axımı davam etməyə başlayır. Hesab edir ki, ərizə tam əsassızdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd edir ki, məhkəmə qətnaməsi üzrə o, hər ay ödənişlər etmişdir və bununla əlaqədar ödəniş qəbzləri də var. O, təxminən 1000 manat məbləğində pensiya almış, həmin məbləğdən hər ay 400-500 manat borc ödəmişdir. Ödənişləri tam etdikdən sonra ona borcunun olmaması barədə sənəd də verilmişdir. Hazırkı tələblə bağlı ona vaxtında məlumat verilməmişdir. Əgər belə bir borc var idisə bank onu vaxtında ondan tələb etməli idi. Bank isə neçə ildən sonra belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil iddia tələbinə dair izahat verərək bildirdi ki, tərəflər arasında 2014-cü ildə müqavilə bağlanılıb. Daha sonra baş vermiş pandemiya ilə əlaqədar cavabdeh bank qarşında öhdəliyini yerinə yetirə bilməmişdir. Nəticədə bank cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbi məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Daha sonra qətnamə icraya göndərilmiş, icra mərhələsində tutma cavabdehin pensiyasına yönəldimiş və nəticədə borc tam şəkildə ödənilmiş, bununla əlaqədar icra icraatına xitam verilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin müddəti 2017-ci ildə bitmişdir. Hesab edir ki, bu mərhələdə həmin müqavilə üzrə borc tələbinə iddia müddəti tətbiq edilməlidir. Digər bir tərəfdən borc tam şəkildə ödənilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbinin heç bir əsası yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli **********29914 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC "xxxx" Bank tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6370 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-870/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh və X1 müştərək qaydada 3918 ABŞ dolları 85 sent məbləğində əsas borc, 875 ABŞ dolları 87 sent faiz borcu, 04 ABŞ dolları 22 sent cərimə, cəmi 4798 ABŞ dollar 94 sent ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Bank ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-445/2017 saylı, 27 yanvar 2017-ci ii tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-870/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli, 2(105)-2917/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 25017 /14 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-445/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh və X1 müştərək qaydada 3.918,85 ABŞ dolları məbləğində əsas borc, 875,87 ABŞ dolları faiz borcu, 4,22 ABŞ dolları cərimə borcu, cəmi 4.798,94 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədi üzrə tələbkar "xxxx" ASC xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-445/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş borc məbləği borclular tərəfındən ödənildiyindən icraatda olan müvafiq iş üzrə icraata xitam verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə müvafiq icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclular öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onların banka borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı bank xx.xx.2016-cı il tarixə qədər yaranmış borcun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə tərəfindən həmin qətnamə üzrə verilmiş icra sənədi borclu tərəfindən tam ödənildiyindən xx.xx.2022-ci il tarixdə müvafiq icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi üzrə yaranmış bir sıra borcların tutulmasını xahiş edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Bank kredit müqaviləsi üzrə borcalan olan cavabdehə qarşı üç müxtəlif tələb irəli sürür: 1) kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən pulun qaytarılmalı olduğu xx.xx.2017-ci il tarixinədək hesablanmış 608,51 ABŞ dolları adi faiz borcu; 2) xx.xx.2017-ci il tarixindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 653,88 ABŞ dolları; 3) əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1872,53 ABŞ dolları cərimə borcu (penya). Göründüyü kimi, birinci tələb tərəflər arasında razılaşdırılmış pulun qaytarılması müddətinədək müqavilədə müəyyən edilmiş kredit vəsaitindən istifadəyə görə faiz, ikinci tələb müqavilə müddəti bitdikdən əsas borc məbləği tam şəkildə ödənildiyi tarixədək olan dövr üçün illik 5 % dərəcəsi ilə əldən çıxmış fayda, üçüncü tələb isə əsas borcun ödənilməsi gecikdirildiyi üçün əsas borca hesablanmış dəbbə pulundan ibarətdir. Məhkəmə hesab edir ki, birinci tələbin qanuni əsasını Mülki Məcəllənin 739 və 741-ci maddələri, ikinci tələbin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi, üçüncü tələbin qanuni əsasını isə həmin Məcəllənin 462-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəlləni 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (§ 34). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, istinad olunan mülki qanunvericilik normalarının və hüquqi mövqelərin hazırkı işə düzgün tətbiqi baxımından məhkəmənin müəyyən etməli olduğu əsas hal tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə pulun verilmə müddətinin bitdiyi tarixədək həmin müqavilənin ləğv edilib-edilmədiyidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi ləğv edilməmiş, onun müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə ilk dəfə xx.xx.2016-cı il tarixə qədər yaranmış faiz borcunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, xx.xx.2016-cı ildən müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək hesablanmış 608,51 ABŞ dolları faiz borcu cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçının həmin borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Lakin hazırda cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə adi faiz borcu (608,51 ABŞ dolları) hissəsində iddia müddəti ötürülmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin bank tərəfindən hazırki kredit müqaviləsi üzrə ilk dəfə 2016-cı ildə iddia qaldırılığından, həmin tarixdən iddia müddətinin axımının kəsilməsi barədə etirazı ilə razılaşmır. Belə ki, bank ilk dəfə məhkəməyə müraciət edərkən hal-hazırda tələb olunan, xx.xx.2016-cı il tarixdən müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək hesablanmış 608,51 ABŞ dolları faiz borcu hələ yaranmamışdı. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış başqa borcların tutulması barədə məhkəməyə iddia ərizəsi verilməsi, həmin müqavilə üzrə hələ yaranmamış borc tələbi üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə faiz borcu tələbi hissəsində iddia müddətinin başlanğıcı xx.xx.2017-ci il tarixdən hesablandıqda, iddia müddəti 05 iyun 2020-ci ildə bitmiş, iddiaçı bank isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında kreditdən istifadəyə görə kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək illik 24 % (iyirmi dörd faiz) dərəcəsi ilə hesablanmış 608.51 (altı yüz səkkiz ABŞ dolları 51 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı bank ilk dəfə məhkəməyə müraciət edərkən əsas borcun vaxtında ödənilməməsinə görə cərimə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borcun vaxtında ödənilməməsinə görə yenidən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi barədə iddia tələbi əsaslı deyil. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə kredit müqaviləsinin müddəti bitdikdən sonra kreditorun yalnız öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 653.88 (altı yüzəlli üç ABŞ dolları 88 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi hissəsində isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam məbləğdə ödənildiyi xx.xx.2021-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 653,88 ABŞ dolları məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı ASC "xxxx" Bankın xeyrinə xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 653,88 ABŞ dolları məbləğində borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 20% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 73,30 manat dövlət rusumunun 15 manat hissəsi cavabdehdən tutulmalı, 58,30 manat hissəsi və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli **********29914 №-li Kredit müqaviləsi üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 653,88 (altı yüz əlli üç dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində zərər və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq iddiaçı ASC "xxxx" banka ödənilsin. İddia müddəti qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-341/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-341/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver