Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3420/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1982ci ildə ailə həyatı qurub Lənkəran rayonundan Sumqayıt şəhərinə gəlin köçmüşdür. Sumqayıt şəhərində 31 saylı orta məktəbdə 45 il ərzində ibtidai sinif müəllimi işləmişdir. xx.xx.2022-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Müəllim işlədiyi dövrdə, müəllim iş yoldaşı Cavabdeh pula ehtiyacı olduğunu bildirib. Münasibətləri yaxşı olduğundan, cavabdeh iddiaçıdan bankdan pul götürməyi xahiş edib. 08 noyabr 2018-ci ildə İddiaçı "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş və istədiyi məbləğ bank tərəfindən təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının və "xxxx" ASC-nin “Xırdalan” filialı ilə aralarında kredit kartına dair müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən 123CLM19999502AA nömrəli kreditin məbləği 8900 manat təşkil edir, faiz dərəcəsi illik 26,6%, 48 ay müddətinə və **********01944123 nömrəli kreditin məbləği 1600 manat təşkil edir, faiz dərəcəsi illik 26,29%, 48 ay müddətinə ödəmək şərtləri ilə qeyd olunub. "xxxx" ASC və iddiaçının arasında sənədlərin formal prosedurundan sonra verilən 8900 və 1600 azn dəyərində olan nağd pulu zaminin şahidliyi ilə əldən ələ Cavabdeh vermişdir. Bundan əlavə, həmin gün kredit kartını da Svetlana müəllimə özündə saxlayıb. Beləliklə, həm pul, həm də kart Svetlana müəllimənin ixtiyarına verilmişdir. Onu da qeyd etmək istəyir ki, onlar (Svetlana xanım, zamin və iddiaçı) Sumqayıt filialındakı "xxxx" ASC-yə müraciət edəndə, iddiaçının adına kredit müqaviləsi bağlamağa dair imtina verilmişdir. Bu zaman "xxxx" ASC-nin əməkdaşı olan Pərviz adlı şəxs, Svetlana xanımın tanıdığı idi, onları "xxxx" ASCnin “Xırdalan” filialına yönləndirmişdir. İddiaçının "xxxx" ASC-nin “Xırdalan” filialında müraciətinə baxılıb, ərizəsi qəbul olunub və kredit məbləği təsdiq olunmuşdur. xx.xx.2018ci il tarixdə "xxxx" ASC və iş yoldaşı xx.xx.1967-ci il təvəllüdlü X2 arasında zamin qismində Z-123CLM19999502AA və Z-**********01944123 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlanılan müddətdən xx.xx.2019-cu il tarixədək kredit borcunu Cavabdeh tərəfindən ödənilib. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək kredit borcunun ödənişi iddiaçının maaş kartından tutulub banka ödənilib. xx.xx.2020xx.xx.2022-ci illərin kredit borcunun ödənişi 9971,40 manat təşkil edir. Bu müddət ərzində Svetlana sözdə dəfələrlə deyirdi ki, krediti ödəyəcək. Lakin, faktiki olaraq cavabdeh tərəfindən bu dövr ərzində (xx.xx.2020-xx.xx.2022 illər) ödənişlər olmayıb. İddiaçı xx.xx.2022-ci il tarixində 65 yaşı tamam olduğuna görə əmək pensiyasına çıxmışdır. Hazırda Sumqayıt şəhərində, yuxarıda qeyd olunan ünvanda həyat yoldaşı ilə birlikdə yaşayır. Özünün səhhətində ciddi problemlər var. Qadın orqanlarının onkoloji xəstəliyindən əziyyət çəkir. Milli Onkologiyada qeydiyyatdadır. Dəfələrlə kimyaterapiya almışdır. xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə iki dəfə əməliyyat olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasının epikrizini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Filialının Onkoloji Xəstəxanasının forma 027/U nömrəli çıxarışı iddia ərizəsinə əlavə etmişdir. Hazırda iddiaçının səhhətində olan problemlər davam edir. İddiaçının bu gündən sabaha ümidi yoxdur. Həkimlərin rəyinə görə yenidən əməliyyat olunmalıdır. İddiaçının aldığı pensiya yanlız gündəlik təlabatlarını ödəmək üçün bəs edir. Dövlətdən başqa maddi dəstək almır. İddiaçı dəfələrlə Svetlanadan kredit borcunun ödənişini tələb etsə də, o hər dəfəsində ona yalan vədlər verərək, borcu qaytaracağına dair söz vermişdir. Lakin, bu müddət ərzində cavabdeh tərəfindən 9971,40 manat puldan heç nə qaytarılmayıb. Əvvəl Cavabdeh borcu hissə-hissə, hər ay ödəməyə söz vermişdi, lakin bu günə kimi heç nə ödəməmiş, yalan vədlər, sözlər verməyə davam etmişdir. Hazırda iddiaçının səhhətində olan problemə görə, onun həmin pula ehtiyacı var. Kredit borcunun ödənilməsini hissəhissə yox, 9971,40 manatı bir dəfəyə ödənilməsini tələb edir. Həmçinin, Svetlanın özünün dediyinə görə, bütün banklara borcu var. Cavabdehin adı kredit tarixçəsində qara siyahıdadır. Habelə işlədiyi 31 nömrəli məktəbdə bütün müəllimlərə borcu vardır. Svetlananın kredit borcunun ödənilməsinə dair müxtəlif formada dediyi faktlar telefonunun yaddaşında onun tərəfindən “vatsap” yazışmalarında qeyddədir. İddiaçının kartından məxaric olan məbləğlər – ödəniş kartı üzrə çıxarışda qeyd olunmuşdur. Kredit borcu üzrə silinmələri hesablayanda ümumillikdə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 30 ayın kredit borcu 9971,40 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixdə iddiaçı və "xxxx" ASC ilə aralarında **********01944123 nömrəli bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus olan bank kartından kredit borcunu ödənilməsinə dair 30 ay ərzində borc üzrə silinmələrin ümumi hesabı 9971,40 manatın Cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, bildirmişdir ki, iddiaçının ondan pul tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, 9971,40 manat pulun tələb edilməsi üçün onların arasında Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən mütləq qaydada borc müqaviləsi bağlanmalı idi. Həmin müqavilənin mövcud olmaması iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasına dəlalət edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, tərəflər onun müəllim yoldaşlarıdır. Svetlana müəllimə ondan bankdan pul götürülməsi üçün zamin durmağı xahiş etmişdir. Belə ki, o, bu təklifi qəbul edərək zamin durmuşdur. Banka gedəndə ona məlum olmuşdur ki, Svetlana müəllimə ona kredit verilməməsi səbəbindən krediti Fatma müəllimənin adına götürür. Həmin vaxt kredit rəsmiləşdirildi. Bankdan götürülən məbləğ Svetlana xanıma təqdim edildi. Həmin kredit məbləği təxminən 8000 manat idi. Bundan əlavə, kredit kartı müqaviləsi də bağlanmışdır. Həmin kart da Svetlana müəlliməyə təqdim edilmişdir. Hazırda zamin olduğu üçün tutulmalar onun əmək haqqından tutulur. Lakin Svetlana müəllimə həmin ödənişləri ona ödəyir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, İddiaçı onun anasıdır. Belə ki, Svetlana bankdan pul götürərkən anası zamin olmuşdur və o zamandan bəri hər ay əməkhaqqı kartından borc məbləği çıxılır. Svetlana xanım isə bu barədə anasına heç bir ödəniş etməmişdir. Bununla əlaqədar 2022-ci ilin fevral ayında Svetlana xanımla görüşmüş, həmin məbləi ödəcəyinə söz versə də, sözünə əməl etməmişdir.
9. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 123CLM19999502AA nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 48 ay müddətinə, illik 26 faizlə, 8900 manat məbləğində kredit verilmişdir.
10. İş materiallarında olan "xxxx" ASC ilə X2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Z-123CLM19999502AA saylı zaminlik müqaviləsindən görünür ki, zamin X2 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliyi götürmüşdür.
11. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, **********01944123 nömrəli “Kredit kartına dair” müqavilədən görünür ki, Bank xx.xx.2021-ci il tarixədək müştəriyə ilkin olaraq 1600 manat məbləğində, illik 25% dərəcəsi ilə kredit xətti açmağı, müştəri isə kredit xətti üzrə borcları razılaşdırılmış müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan "xxxx" ASC ilə X2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Z-**********01944123 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X2 borclu İddiaçı bank qarşısında kredit kart müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliyi götürmüşdür.
13. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin Abşeron filialından xx.xx.2018-ci il tarixində 8900 manat məbləğində 123CLM19999502AA nömrəli və 1600 manat məbləğində **********01944123 nömrəli kredit xətti götürmüşdür. Kreditlər üzrə müvafiq olaraq cari günə 4710,57 AZN və 553,12 AZN borc öhdəliyi qalmışdır.
14. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı əmək haqqı kartından 123CLM19999502AA nömrəli və **********01944123 nömrəli kredit müqavilələrə əsasən xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək 9971,40 manat məbləğində pul bank tərəfindən tutulmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə İddiaçı arasında X1 zaminliyi ilə xx.xx.2018-ci il tarixdə kredit və zaminlik müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən 8900 manat və 1600 manat İddiaçı kredit verilmiş, İddiaçı həmin məbləğləri Cavabdeh təqdim etmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixədək ödənişlər edilmiş (iddiaçının deməsinə görə), xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı əmək haqqı kartından tutulmalar aparılmışdır. Hazırda iddiaçı əmək haqqı kartından tutulmuş məbləğlərin cavabdehdən geri qaytarılmasını tələb edir. Cavabdeh isə aralarında borc müqaviləsinin bağlanılmamasını əsas gətirərək iddia tələbinin təmin edilməməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
22. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
24. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəməyə göndərdiyi iddiaya etirazında iddiaçının adına kredit götürdüyünə, həmin məbləğlərin iddiaçı tərəfindən ona verilməsinə, ödənişlərin bir qisminin özü tərəfindən ödənildiyinə, qalan ödənişlərin iddiaçının əmək haqqından tutulmalar şəklində aparılmasına, tələb edilən məbləğə münasibət bildirməyərək (mübahisələndirməyərək), sadəcə sözügedən məbləğin tələb edilməsi üçün mütləq qaydada borc müqaviləsi bağlanmasına istinad etməsi halı özlüyündə iddianın qismən etiraf etməsini göstərən və təsdiqləyən hərəkətlər kimi qəbul edilməlidir.
27. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
28. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
29. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları – səs yazısı olan CD diskə, iş materiallarında olan sənədlərə və şahid ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 9971,40 manat məbləğində pul tutulmalıdır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
31. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
32. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
33. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
34. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).
35. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
36. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
37. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».
39. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı sübut qismində dəyərləndirilə bilər.
40. Məhkəmə tərəfindən tərəflərin səs yazısı olan CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (1,5,10-cu fayllar) ilə müəyyən edilmişdir ki, iddiaçı onun adına götürülmüş kreditlət üzrə borcun ödənilməsini, bank tərəfindən narahat edildiyi, cavabdeh isə həmin borcu qaytaracağını bildirir.
41. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş səs yazısı şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan pul münasibətləri ilə bağlı olduğundan, sübut növü kimi qəbul edilir. Məhkəmə həmin səs yazısının tərəflərə məxsusluğunu müəyyənləşdirmək üçün tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işi təxirə alsa da, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Digər tərəfdən, həmin səs yazısının tərəflərə aid olması şübhə doğurmamışdır.
42. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
43. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməli və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır.
44. Həmçinin, məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri və bildiyi, eşitdiyi hallarla bağlı məqamlar dayanır. Həmçinin onlar cavabdehlə iddiaçı arasında olan pul verilib-alınması ilə bağlı bildiklərini, eşitdiklərini aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlərdən biri X.Kərimova zamin olaraq pulun verilməsi anını bilavasitə görmüşdür. Eyni zamanda, iddiaçının əmək pensiyasına çıxması ilə əlaqədar qalan kredit borcu üzrə onun əmək haqqından tutulmaların aparıldığını, lakin cavabdeh tərəfindən əvəzinin ödənildiyini bildirmişdir. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir.
45. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 9971,40 (doqquz min doqquz yüz yetmiş bir manat, qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9971,40 (doqquz min doqquz yüz yetmiş bir manat, qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva