Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3474/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan İddiaçı MMC-nin xeyrinə 2149 manat əsas borc, 210 manat faiz borcu, 121 manat cərimə, 44 manat dövlət rüsumu olmaqla, cəmi 2524 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 09 may 2022-ci il tarixli R0041941 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 2149 manat olan İphone 13 mini 128 markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı olaraq aylıq 180 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 2149 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin Cavabdeh qeyd edilən ünvandan köçməsi səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamış və həmin bildiriş geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh R0041941 saylı, 09 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 2149 manat əsas, 210 manat faiz borcu, 121 manat cərimə, cəmi 2480 manat borcu vardır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0041941 saylı, 09 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və ona edilmiş 1 saylı əlavədən görünür ki, İddiaçı MMC dəyəri 2149 manat olan İphone 13 mini 128 markalı əşyanı Cavabdeh nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini 12 ay müddətində hər ay 180 manat, sonuncu ay isə 169 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehdan R0041941 saylı, 09 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi tələb olunmuş, müqavilə üzrə yaranmış borcun ödənilməsi lazımi qaydada aparılmadığı halda borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilənin şərtlərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 386.1 və 386.2-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 09 may 2022-ci il tarixli, R0041941 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 30 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun 43.89 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdehdan 09 may 2022-ci il tarixli R0041941 saylı nisyə alqısatqı müqaviləsi üzrə 2149 manat əsas, 210 manat faiz borcu, 30 manat cərimə, cəmi 2389 manat borc və 43.89 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan 09 may 2022-ci il tarixli R0041941 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2149 manat əsas, 210 manat faiz borcu, 30 manat cərimə, cəmi 2389 (iki min üç yüz səksən doqquz) manat borc və 43.89 (qırx üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3474/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3474/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver