Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3490/2024 22.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat məbləğində kredit borcu üzrə banka ödənilməmiş borcu 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat, 3500 manat məbləğində kredit borcu, banka ödənilməmiş borcu 1825,52 manat əsas borc olmaqla, cəmi 1825,52 manat olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 4791,51 manat məbləğində kredit borcunun və ödənilmiş 67,92 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat məbləğində kredit borcu üzrə banka ödənilməmiş borcu 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat, 3500 manat məbləğində kredit borcu, banka ödənilməmiş borcu 1625,52 manat olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 4591,51 manat məbləğində kredit borcunun və ödənilmiş 67,92 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********48 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 3500 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində Notariat tərəfindən verilən məlumata əsasən mərhum X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X3 5000 manat məbləğində kredit borcu üzrə banka ödənilməmiş borcu – 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X3 3500 manat məbləğində kredit borcu banka ödənilməmiş borcu – 1825,52 əsas borc olmaqla, cəmi 1825,52 manat borcu qalmışdır. Ümumilikdə, X3 hər iki kredit müqaviləsi banka ödənilməmiş borcu 4791,51 manat borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 4791,51 manat olduğundan, tərəfindən 67,92 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Atasının miras əmlakını qəbul etmiş, lakin vərəsəliklə bağlı ona heç bir sənəd verilməmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X7 izahatında bildirdi ki, atası 63 yaşında banka yaxınlaşmış və oradan kredit götürmüşdür. Həmin kredit götürülən zaman nə zamin tələb olunmamış, nə də kredit sığorta olunmamışdır. Bacısı bankdan kredit götürməmişdir. Yataqxananı özəlləşdirmək üçün bacısına vərəsəlik almışdır. Lakin bu da mümkün olmamışdır. Lakin hal-hazırda vərəsəlik açılsa da, ortada heç bir əmlak yoxdur.
Tədqiq olunan sübutlar:
7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 48 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 3500 manat məbləğində kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditinin 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
8. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 mart 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X3 xx.xx.2024-cü il tarixədək 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat borcu vardır.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********48 saylı Tam kart çərçivə müqaviləsindən görünür ki, müqaviləyə əssasən bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesabları açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faiz ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmət haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.
10. AZ-İİ 361564 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 108 nömrə ilə qeyd edilmişdir.
11. Cavabdeh tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 8V- 195 nömrəli ərizədən görünür ki, xx.xx.2023-cü ildə ünvan 1 ünvanında yaşamış atası X3 öldüyünü, mirası qəbul etdiyini bildirmişdir.
12. "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi-Sintez” Zavodunun Mənzil Komunal İdarəsi tərəfindən verilmiş 98 nömrəli orderdən görünür ki, “Üzvi-Sintez” Zavodunda traktorist vəzifəsində işləmiş X4 Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 8/12 saylı yataqxanadan yaşayış sahəsi ayrılmışdır.
Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcverən borcalana 48 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 3500 manat məbləğində kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditinin 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
14. Bundan başqa Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2021-ci il tarixli BPM**********48 saylı Tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesabları açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faiz ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmət haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.
17. X1 xx.xx.2023-cü ildə vəfat etmişdir. Cavabdeh tərəfindən Notariat ofisinə ərizə ilə müraciət edilərək xx.xx.2023-cü ildə ünvan 2 ünvanında yaşamış atası X3 öldüyünü, miras əmlakı qəbul etdiyini bildirmiş və mirasın tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
18. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X3 vərəsəsi Cavabdeh bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
19. Göründüyü kimi iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, borclu vəfat etdiyindən müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirə bilməmişdir.
20. Məhkəməyə sorğu əsasında daxil olmuş X3 adına açılmış vərəsəlik işinin materiallarından görünür ki, kredit müqaviləsi üzrə X1nun qızı Cavabdeh notariat kontoruna atasına məxsus miras əmlakı qəbul etməsi ilə bağlı 02 iyul 2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Lakin notariat kontoru tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
21. Notariat orqanına "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi-sintez” zavodunun Mənzil-Kommnunal-İdarəsinin 98 saylı, 6 oktyabr 2009-cu il tarixli orderdən göründüyü kimi həmin order 8/12 nömrəli yataqxanın 134 nömrəli evin 303 saylı otağına X3 adına 5 (beş) nəfər ailə tərkibi ilə order verilmişdir.
22. Məhkəmə həmin evə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
23. Məhkəmə yuxarıda qeyd edilən əmlaka münasibətdə qeyd edir ki, həmin əmlak "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi-sintez” zavodunun balansında olmaqla ölən şəxsin mülkiyyətində olmamış və miras əmlaka daxil deyildir.
24. Bundan başqa ölən şəxsin adına hər hansı başqa daşınar və ya daşınmaz əmlakın mövcudluğu da müəyyən edilməmişdir. Onun adına miras kütləsinə daxil olacaq hər hansı bir əmlak olsaydı, notariat orqanı tərəfindən həmin əmlak müəyyən edilər və cavabdehə həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş olardı.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin Cavabdeh tələb edilməsi üçün heç bir hüquqi əsas müəyyən olunmadığından, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva