Məhkəmə qərarları › İş №e-2(060)-3566/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3566/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3566/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair mülki işə 04 iyul 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331491- 1-26730 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən 19 aprel 2022-ci il tarixə Banka borclu olduğu 6.813,60 (altı min səkkiz yüz on üç manat 60 qəpik) AZN məbləğində əsas borc, 629,38 (altı yüz iyirmi doqquz manat 38 qəpik) AZN məbləğində faiz borcu və 341,50 (üç yüz qırx bir manat 50 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.784,48 (yeddi min yeddi yüz səksən dörd manat 48 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 97,84 (doxsan yeddi manat 84 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331491-1-26730 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədi üçün illik 21,9 (iyirmi bir tam onda doqquz) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 7.000,00 (yeddi min manat 00 qəpik) AZN məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaitinin bir hissəsi cavabdehin digər kredit təşkilatında olan kreditinin bağlanmasına yönəlmiş, digər hissəsi isə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.11-ci və 3.8-ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331491-1-26730 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin: - 2.11-ci bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın Müqavilədə göstərilmiş “Cari hesab”ından “Kart hesabı”na köçürmə yolu ilə verilir. - 3.8-ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 19 aprel 2022-ci il tarixə 6.813,60 (altı min səkkiz yüz on üç manat 60 qəpik) AZN məbləğində əsas borc, 629,38 (altı yüz iyirmi doqquz manat 38 qəpik) AZN məbləğində faiz borcu və 341,50 (üç yüz qırx bir manat 50 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.784,48 (yeddi min yeddi yüz səksən dörd manat 48 qəpik) AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və «Kredit alan» tərəfindən ödənilir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin və razılaşmanın şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS780838545AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 331491-1- 26730 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”dən görünür ki, Cavabdeh istehlak məqsədilə illik 21.9 faiz hesablanması şərti ilə 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli 331491-1- 26730 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixinə 6813.60 AZN məbləğində əsas borc, 629,38 AZN məbləğində faiz borcu, 341.50 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 7784,48 AZN pul borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 331491-1- 26730 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, iddia tələbi Cavabdeh kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6813,60 AZN məbləğində əsas, 629,38 AZN məbləğində faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 341,50 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 30 manat pul tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia əsas hissədə (təxminən 95 faiz hissədə) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 97,84 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331491-1-26730 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən 19 aprel 2022-ci il tarixə Banka borclu olduğu 6.813,60 (altı min səkkiz yüz on üç manat altmış qəpik) manat məbləğində əsas borc, 629,38 (altı yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7472,98 (yeddi min dörd yüz yetmiş iki manat doxsan səkkiz qəpik) manat pul məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 97,84 (doxsan yeddi manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar