Məhkəmə qərarları › İş №e-2(060)-3594/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3594/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3594/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 22% dərəcəsi ilə, 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3741,99 ABŞ dolları müəyyən edilmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək müəyyənləşdirilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 3560,57 ABŞ dolları borcu restrukturizasiya edilmişdir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh1 cəmi borcu 2219,19 ABŞ dolları təşkil edir. Bundan 1004,18 ABŞ dolları əsas, 561,36 ABŞ dolları faiz, 513,37 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 140,28 ABŞ dolları faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi borcu 2219,19 ABŞ dolları-bundan 1004,18 ABŞ dolları əsas, 561,36 ABŞ dolları faiz, 513,37 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 140,28 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 57,73 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə tərəflərin izahatının alınması, iş üzrə əlavə araşdırmanın aparılması zərurəti mövcud olduğundan işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, 2014-cü il tarixində müqavilə bağlanmışdır. O, bir neçə bankdan kredit götürmüş, lakin heç biri ilə bağlı gecikmələri olmamışdır. “Dəmir Bank” bağlanmışdır. Bankın filiallarına yaxınlaşmış, lakin onu qəbul etməmişlər. Bankın Sumqayıt filialına isə dəfələrlə yaxınlaşmışdır. Bankın əməkdaşları tərəfindən onunla əlaqə saxlanılaraq, Bakı şəhəri, Xətai rayonunda yaxınlaşmalı olduğunu bildirdilər. Səhəri gün isə məhkəmə tərəfindən sms-xəbərdarlıq gəlmişdir. Tərəfindən sonuncu ödəniş təxminən 2014-2015-ci illərdə olmuşdur. Sonuncu ödənişin üzərindən təxminən 10 il keçmişdir. Dəfələrlə banka müraciət etdikdən sonra ən son Xətai rayonunda yerləşən ünvana müraciət etməyi bildirilmişdir. Bundan sonra məhkəmə iclasının vaxtı ilə bağlı ona sms-xəbərdarlıq gəlmişdir. Son 3-4 il ərzində borcla bağlı heç bir ödəniş etməmişdir. Hazırki işlə bağlı digər cavabdehlərin də məlumatı vardır. Bu vaxta qədər bankın əməkdaşları kreditlə bağlı onunla əlaqə saxlamamışlar. 3 ay ərzində məktub göndərməli və ya zəng etməli idilər. O, bankı çox axtarmış, heç bir ünvanda banka ödəniş edə bilməmişdir. Ona 4000 ABŞ dolları kredit verilmişdir. Dollar məzənnəsi 0,78 manat olduğu zaman krediti götürmüşdür. Daha sonra dollar məzənnəsinin dəyəri qalxdı. Bu zaman bank dolların kursunu 1,05 manat etdi. O, həmin kursla ödəniş etmişdir. Bankın bağlandığı ildən ödəniş etməmişdir. Kreditin tutulmasına etiraz etmir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə, Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

10. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir.

11. İş materiallarında "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 480005255/ZM saylı zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımalar barədə öz üzərlərinə öhdəlik götürmüşlər.

12. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3741,99 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.

13. İş materiallarında "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış ********* saylı, xx.xx.2015-ci tarixli zaminlik müqaviləsi üzrə 01 saylı əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.

14. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 2 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3560,57 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.

15. İş materiallarında "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı, xx.xx.2015-ci tarixli zaminlik müqaviləsi üzrə 02 saylı əlavə sazişlərə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.

16. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1004,18 ABŞ dolları, 561,36 ABŞ dolları faiz, 513,37 ABŞ dolları cərimə, illik 5%-lə hesablanmış 140,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2219,19 ABŞ dolları məbləğində borcu mövcuddur.

17. İş materiallarında olan LPO İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3741,99 ABŞ dolları təşkil etmiş, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmış, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 2 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3560,57 ABŞ dolları təşkil etmiş, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi (ona əlavə bağlanılmış sazişlər də daxil olmaqla) üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımalar barədə öz üzərlərinə öhdəlik götürmüşlər, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka borcları yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

27. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

28. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

29. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

30. Belə ki, Qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

31. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

32. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

33. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 140,28 ABŞ dolları Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

34. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 50 (əlli) ABŞ dolları məbləğində müəyyən edilməlidir.

36. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdehlər olan zaminlər Cavabdeh2 və Cavabdeh3 da müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

37. Məhkəmə hesab edir ki, zaminliyə avtomatik olaraq xitam verildiyindən cavabdehlər-zaminlər bank qarşısında heç bir məsuliyyət daşımırlar.

38. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

40. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

41. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. 42 Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda tərəflər arasında bağlanmış 23 may 2017-ci il tarixli zaminlik müqavilələrində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir.

43. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 57,73 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.

44. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1004,18 (bir min dörd ABŞ dolları, on səkkiz sent) ABŞ dolları əsas, 561,36 (beş yüz altmış bir ABŞ dolları, otuz altı sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 140,28 (bir yüz qırx ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları faiz, ümumilikdə 1755,82 (bir min yeddi yüz əlli beş ABŞ dolları, səksən iki sent) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 57,73 (əlli yeddi manat, yetmiş üç qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1004,18 (bir min dörd ABŞ dolları, on səkkiz sent) ABŞ dolları əsas, 561,36 (beş yüz altmış bir ABŞ dolları, otuz altı sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 140,28 (bir yüz qırx ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları faiz, ümumilikdə 1755,82 (bir min yeddi yüz əlli beş ABŞ dolları, səksən iki sent) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 57,73 (əlli yeddi manat, yetmiş üç qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar