Məhkəmə qərarları › İş №e-2(060)-3697/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3697/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3697/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 262 NFPK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh müştərək qaydada 482,69 manat əsas, 13,99 manat faiz borcu olmaqla, ümumilikdə 496,68 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 262 NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, 3518 NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 490 (dörd yüz doxsan) manat kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********401 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, kredit alan ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 19 sentyabr 2023-cü il tarixinə kredit üzrə cəmi borcu 496,68 manat təşkil edir ki, bunun da 482,69 manatı əsas, 13,99 manatı isə faiz borcu təşkil edir.

Tədqiq olunan sübutlar:

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.

4. AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 262 NFPK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2013-cü il tarixli, 3518 NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 490 manat kredit verməyi öhdəsinə götürmüşdür.

5. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 482,69 manat əsas borc, 13,99 manat faiz borcu olmaqla, cəmi 496,68 manat borcu vardır.

6. İşə əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı cavabdehə 5 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

12. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir.

13. Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin həmin bildiriş məhkəməyə geri qaytarılmışdır.

14. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

15. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh 24 dekabr 2019cu il tarixli, 262 NFPK nömrəli kredit müqaviləsi üzrə 3413,60 əsas borc, 400,89 manat faiz borcu olmaqla, cəmi 3814 (üç min səkkiz yüz on dörd) manat, 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 (əlli səkkiz) manat, 14 (on dörd) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 24 dekabr 2019-cu il tarixli, 262 NFPK saylı müqavilə üzrə 482,69 manat əsas borc, 13,99 manat faiz borcu olmaqla, cəmi 496 (dörd yüz doxsan altı) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar