Məhkəmə qərarları › İş №e-2(060)-3698/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3698/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3698/2022 14.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: LPO "xxxx" KB QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4839.42 manat əsas, 4852.19 manat faiz borcu, 2239.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 666.65 manat faiz borcu və ödənilmiş 128 manat dövlət rüsumunun iddiaçının xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə illik 24%-lə 48 ay müddətinə 6.500 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi şəkildə və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq borcu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, cavabdehin borcu restrukturizasiyaya düşmüş, lakin sonuncu müraciət etmədiyindən müqavilə bağlamaq mümkün olmamışdır. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli, 1xx/xx/106091/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 24%-lə, 6.500 manat kredit vermişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4839.42 manat əsas borc, 4852.19 manat faiz borcu, 2239.88 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 666.65 manat faiz borcu vardır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. -Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2019-cu il tarixdə edilmişdir. - İddiaçının cavabdehin ünvanına göndərilən bildiriş məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - Problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh LPO "xxxx" KB QSC-yə olan borcundan 4839.42 manat restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 4839.42 manat əsas borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan borcundan 4839.42 manat restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, borclu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddianın faiz borcu, cərimə, həmçinin müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% borc məbləği hissəsində tələb təmin olunmamalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 68.39 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4839.42 manat əsas borc və ödənilmiş 68.39 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4839.42 manat əsas borc və ödənilmiş 68.39 manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" KB QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar